Hər şeyin arxasında Nəbi Muxtarov var!

CAVAB HAQQI…

Yuxarı Veysəlli və Aşağı Veysəlli kəndləri Ağdam-Qarabulaq yolunun çox-çox uzaq məsafəsində yerləşirlər, hekayənin bu kəndlərin adı ilə heç bir bağlılığı yoxdur…


“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı cənablarına!

Xural” qəzeti nəşr olandan respublikamızda problematik və çatışmaz cəhətlərə obyektiv, qərəzsiz, haqq-ədalətli münasibət bəsləyən bir redaksiya kimi qəbul olunub. Bu əqidəyə görə şəxsən Sizin özünüzə də eyni sayğı və hörmət bəsləyirik. Ona görə də “Xural” qəzetinin hər nömrəsi ölkəmizdə mövcud durumun nəbzi kimi maraqla axtarılır.

Qəzetin 07-13 avqust tarixli 438-ci sayında Səfəralı adlı birisinin imzası ilə Oxucu məktubu dərc olunub. Sözsüz ki, ilk baxşdan qərəzli və məkrli niyyətlə yazılmış məktubun məqsədini təcrübəli redaksiya əməkdaşları duymalı idilər.

Yazıçı-publisist Oqtay Əliyevin “Təzadl dünya” kitabı 2011-ci ilin may ayında keçirilən 11-ci kitab bayramında “Müasir Azərbaycan ədəbiyyatının satira və yumor qolunun zənginləşməsindəki roluna, bədii-publisistik nəşrdə yaradıcılıq uğurlarına, əsərlərində ideal həyatdakı qüsurların tənqidi təsvirindəki ustalığına görə” “İlin Kitabı” adına layiq görülmüş və Milli Kulturoloji mükafat almışdır. “Təzadlı dünya” kitabının Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində iştirak etmək biz ziyalılara da xoş olmuşdur. Bir çox tanınmış ziyalılar çıxış edərək kitabın ədəbi-bədii məziyyətlərindən, yazıçı-publisist Oqtay Əliyevin 45 illik yaradıcılıq uğurlarından, onun ictimai-siyasi fəaliyyətindən danışdılar.

Yazıçı-publisist Oqtay Əliyev AYB-nin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. “2010-cu ilin nüfuzlu ziyalısı”, “Ağrı dağı”, “Şərəf”, “Milli iftixar” diplomları ilə təltif olunub, Mətbuat Günü münasibəti ilə “Nəsir İmanquliyev” adına fəxri diploma layiq görülüb.

Hörmətli redaksiya!

Müəllif Füzuli rayonu, Veysəlli kənd sakini kimi yazıya imza atmış Səfəralı Səfərov “Təzadlı dünya” kitabında haqq-ədalətdən, haramdan, əslini danmaqdan ifrat dərəcədə çox istifadə olunduğunu göstərir. Çox qəribə məntiqdir. Bugünkü həyatımızda onsuz da mənəvi-əxlaqi dəyərlərə getdikcə sayğısız münasibətlərin göstərildiyi bir vaxtda, mənəvi əxlaqsızlıqdan doğan ifadələr yəqin ki, müəllifin qanından gəlir.

Kitabın 36-cı səhifəsində nəşr olunmuş “Bais elli” (el arasında sadəcə “vayiselli”, “vayisəlli” sözləri işlədilir) kiçik bədii əsərdə toy mərasimini qeyd edən, hələ xoşbəxt həyatını gələcək günlərdə axtaran gənclərin həyatına qəsd edən, onun müqəddəs toy mərasimini qanla yazan bir qrup məkrli nadürüst insanın hərəkəti sözsüz ki ikrah doğurur. Qeyd etmək istəyirəm ki, bu epizoda oxşar daha dəhşətli, kriminal olayların mətbuatda tez-tez şahidi oluruq. Belə hallar böyük mənəviyyatsızlığın, haqsızlığın, ən başlıcası, düşüncəsizliyin nəticəsidir. Belə halların, bədbəxt nəticələr törədilməsinin ictimai qınağa çevrilməsi gənc nəslin tərbiyəsi işində mühüm rol oynayır. Qeyd edim ki, Yuxarı Veysəlli və Aşağı Veysəlli kəndləri Ağdam-Qarabulaq yolunun çox-çox uzaq məsafəsində yerləşirlər, hekayənin bu kəndlərin adı ilə heç bir bağlılığı yoxdur. Yeri gəlmişkən, qeyd edim ki, Kiçik Qafqaz sıra dağlarının ətəkləri Qazax-Tovuz, Ağdam-Füzuli bölgələrinə uzanır. Oxşar yerlər, oxşar təbiət, hətta eyniadlı kənd adlarına respublikamızın çox yerində rast gəlinir. “Bais elli” hekayə adı daşıyan sözün Veysəlliyə dəxli olub-olmadığı, “Vayiselli” kimi Veysəlli kəndinin adını qiymətləndirən Səfəralı Səfərovun özünün neandertal düşüncəsinin, məkrli niyyətinin məhsuludur. Yazıçının böyük ustalığı da ondadır ki, söz deyilir, özünə yovuşanı hər kəs özününkü bilir.

Mənə elə gəlir ki, hər şeydən əvvəl, Azərbaycanın keçmişinə və indisinə məxsus olan hər qarış torpağını, dağını-daşını, elini, obasını candan artıq sevən, elimizdə vətənpərvər, istedadlı yazıçı-jurnalist kimi tanınan Oqtay Əliyevin əqidəsinə bu cür bənzətmələrlə, eyhamlarla ləkə vura bilməzsiniz. Çünki Qarabağ uğrunda döyüşlərdə fiziki və mənəvi cəhətdən fəal iştirak etmiş, comərd bir nəslin nümayəndəsi olan, ilk günlərdən silaha sarılan Oqtay Bəndalı oğlu Əliyev məhz Yuxarı Veysəlli kəndi uğrunda döyüşlərdə fəal iştirak edən oğullardan biri olub. Onun barəsində söz demək istəyən gərək əvvəlcə öz tərəzisində nəsil-kökünün kimliyini qoysun. Halbuki Veysəllinin yağlı dürmək yeyən bəziləri var-dövlətlərini çoxdan götürüb qaçmışdılar. Atalar yaxşı deyib: “Xain xoflu olar”, “Sən sözünü de suçlu – suçluğunu bildirəcək”. “Mehralı”, “Səfəralı” kimiləri öz dərslərini götürsələr, yaxşı olar.

Hörmətli redaksiya!

Tarixi faktları xatırlatmağa, yada salmağa, eyni zamanda əsl həqiqəti camaatımıza deməyə elə bu məqalə özü təkan verdi. 1931-1950-ci illərdə təsərrüfatın təşkilində uzun illər kolxoz sədri işləmiş, Qarabağın adlı-sanlı ağsaqqalı kimi ad-san çıxarmış, Fin və Böyük Vətən Müharibəsi iştirakçısı kimi qəhrəmanlıq nümunəsi göstərmiş, müharibə dövrü (1941-1945) daxil olmaqla və sonrakı illərdə şöhrət tapmış “Milyoner Çaparidze adına kolxoz”un sədri işləmiş, döyüş orden və medalları ilə yanaşı, bir sıra əmək orden və medallarına layiq görülmüş, 2 Lenin ordenli, Sosialist Əməyi Qəhrəmanı Bəndalı Əliyevi xalqımız indi də xeyirxah, səxavətli, mərd, sözübütöv kişi kimi xatırlayır. Gecə-gündüz təsərrüfat sahələrində böyük təşkilatçılıq işi aparmağın bəhrəsidir ki, Çaparidze adına kolxozun 50 mindən çox qoyun-quzusu, bir neçə naxırı, at ilxıları vardı. Kolxoz sədri Bəndalı Əliyev öz zəhmət haqqını ölkənin müdafiəsi fonduna keçirirdi ki, onun adını daşıyan tank bölməsi yaradılsın. Müharibənin ağır dövrləri olsa da, inkişaf edən təsərrüfat hər əmək gününə 15-16 kq taxıl, yağ, quru çay, parça, motal, qoyun və s. bölürdü. Müharibənin ağır illərində aclıq və səfalət çəkən bir çox bölgələrdən başsız qalmış, körpə uşaqlı ailələr, ayrı-ayrı insanlar Bəndalı Əliyevin adına, Mahmudlu kəndinə gəlmişdilər. Burada onlara evlər tikilmiş, kolxozda iş verilmiş, ilkin ərzaq köməyi göstərilmiş, qayğı əsirgəməmişdilər. Kolxoz sədrinin qoyduğu xüsusi qaydalara uyğun olaraq ilk növbədə şəhid ailələri, körpə uşaq sahibləri, xüsusilə Qərbi Azərbaycandan, Naxçıvan və Ordubaddan, Saatlı və Sabirabaddan və bir sıra digər bölgələrdən pənah gətirmiş ailələrə, kimsəsizlərə və qocalara ərzaq və odun tədarük olunurdu. O zaman müharibədən sonra Yemelyanov kimi məkrli düşmənlər xalqın adlı-sanlı şəxsiyyətlərini müxtəlif vasitələrlə sıradan çıxarıb xalqı bacarıqlı rəhbərlərdən məhrum etməyə çalışırdılar. Stalin repressiyasının bir çox qurbanı kimi Bəndalı Əliyev və onun ailəsi də zərər çəkdilər, lakin haqq-ədalət yerini tapdı. Sosialist Əməyi Qəhrəmanı Bəndalı Əliyevin bütün adları bərpa olundu. İşlədiyi müddətdə çoxsaylı kimsəsiz gənclər məhz onun qayğısı, maddi və mənəvi köməyi ilə ev-eşik sahibi oldular. Bəndalı kişi çoxlarına toy etdi, gəncləri oxumağa göndərdi. Respublikamızda adlı-sanlı elm xadimləri, böyük vəzifələr daşıyan insanlar arasında onun yetişdirmələri, dəstək verdiyi insanlar var.

İnsan xarakteri, onun mənəviyyatı, şəxsiyyəti, düşüncə tərzi doğulub boya-başa çatdığı, tərbiyə aldığı mühitdən çox asılıdır. Yaxın tariximizdir, Muxtar Muxtarov adında müəllim sıxışdırıldıqda, məhz Martuni rayonuna, erməni dostlarının yanına qaçdı və orada tezliklə Muxtarı Azərbaycan bölməsində müəllim kimi dərslə təmin etdilər. 1960-1965-ci illərə qədər bu insan doğma rayonuna dönə bilmədi, sonra ölkədə baş verən hadisələr fonunda Muxtar müəllim Füzuli rayonuna dönə bildi və məktəb direktorluğuna qədər yüksəldi.

Muxtarov Nəbi Muxtar oğlu Füzuli camaatına neçə illər boyu divan tutub. Onun insana yaraşmayan naqis əməlləri olub. Rayon camaatının var-dövlətini talan edən, mənimsəyən, buqələmum kimi tez-tez cildini dəyişib mövcud şəraitə uyğunlaşan korrupsioner, qatı rüşvətxor, camaatımıza, Azərbaycan xalqına həmişə həqarətlə baxan Nəbidən sizə Siciliya mafiyası haqqında filmlərdə göstərilənlərə muştuluq verdirəcək faktlar aşkarlayacağam. Təəssüflə qeyd edim ki, uzun illər ona hamilik edən, “aylıq” alan, böyük vəsaitlər mənimsəyən Nəbi Muxtarovun ağzına şirə sürtdüyü bəzi adamlar törətdiyi ağır cinayətlərə görə haqq divanı qarşısında cavab vermək əvəzinə, onu müdafiə etməyə çalışırlar. Elçiləri elçi üstündən göndərirlər. Respublika rəhbərliyinin adından müxtəlif tədbirlərə həyasızcasına pul yığıb, dövlətin ayırdığı büdcə vəsaitlərini səhiyyə, təhsil, mədəniyyət, maliyyə və digər müəssisələrdə çalışan əlaltıları ilə mənimsəyib, abadlıq işləri üçün ayrılmış milyonları sənədləşdirərək, həzm-rabedən keçirib. Nəbi Muxtarov Rəsul Quliyevlə işbirliyinə girərək, rayonun işğal altında olmayan bölgələrindəki şərab emalı, pambıq, cihazqayırma zavodlarının əlvan metal və dəmir məhsullarını doğratdırıb İrana göndərib. Füzuli rayonunun bir baş malı erməni işğalında qalmayıb, hamısı Araz çayından keçirilərək hamının gözü qarşısında qonşu İrana aparılıb və satdırılıb. Horadiz qəsəbəsinin işğalından əvvəl qorxaqcasına əliyalın xalqı qoyub İmişli və Əli-bayramlıda gizlənmişdi. Uzun illər Füzuli rayonunun yerləşdiyi Horadiz qəsəbəsinə sıravi camaatın müraciət üçün getməsinə şərait yaratmamış, birtəhər qəbuluna gəlib çatanı həmişə söyüb təhqir etmiş, öz qoçularını adamların üstünə qısqırtmışdır. Özünə simsar olan adamlardan özəlləşmə komissiyası təşkil edərək Horadiz qəsəbəsi, eləcə də rayonun kəndlərində bütün dövlət əmlakını dəyər-dəyməzinə satıb, mənimsəmişdir. Camaatın çoxunun kənar yerlərdə yaşamasına baxmayaraq, saxta yolla, külli miqdarda əhalinin adını Füzuli rayonu ərazisində qeydiyyata saldırmış, onların adına humanitar yardımları, çörək pullarını mənimsəmişdir. Nəbi Muxtarov heç nədən çəkinmədən, hətta prezident İlham Əliyevin Horadiz şəhərinin abadlaşdırılması üçün prezdent fondundan ayırdığı 4 milyon vəsaiti Dövlət Neft Şirkətinin apardığı abadlıq işlərinin ünvanına yazdıraraq ələ keçirə bilmişdi. Camaata həmişə həqarətlə baxan Nəbi Muxtarovun üzü yoxdur ki, kimlərləsə görüşüb əl tutsun.

Xalqımızın milli manqurtlarından olan Nəbi Muxtarovun xislətində formalaşmış düşmənçilik, məkrlilik, adamları bir-birinə vurmaq siyasəti xeyli müddət camaat arasında təlatüm yaratmış, qardaş-qardaşla, tayfa-tayfayla, kənd-kəndlə düşmən kimi yaşamışdır. N.Muxtarov uzun illər bir yerdə çalışdığı, ocağının başında çörəyini kəsdiyi, el arasında nüfuza malik hər kəsə, hətta Heydər Əliyevə, İlham Əliyevə xəyanət etmişdir. Respublikamızda görkəmli bir şəxsin matəm günündə sərxoş olarkən “mənim 25 milyon pulum var, mənə kim olur-olsun heç nə edə bilməz” deməsi çoxlarının hiddətinə səbəb olmuşdu.

Tarix çox əzazil, məkrli insanları faş edib. “Xural” qəzetində qərəzli, məqsədyönlü şəkildə yazılan məqalənin dəsti-xətti də məhz sabiq icra başçısı Nəbi Muxtarovundur. Vaxtilə “Xural” qəzetinin 22-28 fevral 2004-cü il 008 (071)-ci sayında “Füzuli-problem icra başçısıdır…” sərlövhəli ciddi tənqidi məqalə dərc edilmişdi. Nəbi Muxtarov eyni zamanda sizin də “marallarınızdandır”. Milli manqurtlarımızın tuğyan edən, xalqa qənim kəsilən, yaramaz adamlarından biri olan sabiq icra başçısı Muxtarov Nəbi Muxtar oğlunun həyat və fəaliyyəti haqqında maraqlı faktlarla zəngin olan serial məqalələri yazmaq, Azərbaycan xalqına belə mənəviyyatsız insanların iç üzünü göstərmək arzusundayıq.

 

Murad Şükürov

Füzuli rayonu, Əhmədbəyli kəndi, tarix müəllimi

 

Redaksiyadan:

Yazıda adı keçən şəxslərin də münasibətlərini dərc etməyə hazırıq.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Oktay Əliyev və birneçı barmaqla sayılan jurnaiəst Füzuli rayonunda çox oxunaqlı, qəzet ərsəyə gətirirdilər. Problem yazılarına görə respublikanın bir çox yerlərindən xoş təəssüratlar bildirilirdi. Fürsətdən istifadə edərək “Araz” qəzetində vaxtilı işləmiş jurnalistlərə öz salamımı yetirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button