Hər şeymi yasaq, İlham Əliyev?

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Bu qədər də olmaz. Mən buna nə ad qoyacağımı bilmirəm. Niyə kefimiz kök olanda Atilladan, Metedən sitatlar gətirir, qəhrəmanlıq lazım (lənətə gəlsin bu lazımı) gələndə Koroğlu dədə babamız, Qaçaq Nəbi ana babamız olur? Həcərlə Nigar da nənələrimiz. Olsun. Xalq qəhrəmanlardan xali olmamalıdır. Amma qayıdıram yazının əvvəlinə. Bəs fəxrlə nəvəsi olduğumuzu iddia etdiyimiz kişilər də görəsən, bu qədər ehtiyatkar imişlər? Axı ifrat ehtiyatkara qorxaq da deyirlər. Mən inanmıram ki, Koroğlu mənə Çənlibeldə şəkil çəkdirməyi qadağan edəydi. Amma bunlar etdilər.

Oktyabrın 6-sı Fəxri Xiyabandan birbaşa Prezident Administrasiyasının qarşısına gəldim. Mən fikrimdə israrlıyam – bu məmləkətdə inqilab olmamalı. İlham Əliyevə real həqiqətlər deyilməlidir, hətta bilsə belə deyilməlidir. Təkrar-təkrar söylənilməlidir. Cəmiyyətdə baş verən ən xırda detallar belə nəzərinə çatdırılmalıdır. Və mən bunu edəcəm.

Mətləbdən uzaqlaşmayım. Prezident Administrasiyasının qarşısında mənimlə birlikdə olan reportyor binanın qarşısında şəklimi çəkmək istədi. Aman Allah, Əvəz Zeynallı demişkən, elə bu an yer-yerindən oynadı. Əli şalvarına çatan qaçdı PA-nın qarşısına:

– Siz nə edirsiniz?

– Şəkilimi çəkirlər.

– Olmaz.

– Niyə?

– Qadağandır.

– Şəkil çəkdirmək?

– Bəli.

Bu qədər də olmaz axı. Vallahı də olmaz, billahi də olmaz. Qardaşım, hələ ki, məskunlaşdığınız binanızdan bu qədər əndişəlisinizsə, niyə şəhərin mərkəzində saxlamısınız, aparın tikin bağınızda, baxçanızda də. Ətrafını da çəpərləyin. Allah, Allah. Bu biçarə ABŞ prezidentləri neyləsinlər? Camaat 24 saat Ağ Evin ətrafında hətta çadır qurub mitinq edirlər. Bəs deyirdiniz demokrat olmuşuq? Numara yapmayın siz a… Yox qardaş, bu rejim mütləq və mütləq dəyişməlidir. Çünki bunların islahat deyə bir anlamları yox, abi. Həm də heç yox. Deyəcəklər, amma etməyəcəklər. Mübariz Qurbanlı kim olur ki, millətə müstəqilliyini bayram etmə, yoxsa “uçastkovıya deyərəm” kimi hədələr etsin? Adam, səndən soruldumu ki, mən tədbirimi salonda keçirim, ya küçədə? Mən utanardım, amma Mübariz Qurbanlı haqda heç nə deyə bilmərəm. Bir də ki, mənim haqqım olanı əgər sən müəyyənləşdirirsənsə, onda olmaz olsun o haqq.

Görəvindən aslı olmayaraq kimsə bu məmləkətdə hüququn üstündə deyil. Bu torpağın sahibi bu millətdir. 3-5 məmura görə millət itirilməz. Artıq itirilməyən çox az şeylər buraxdınız bu millətə. Böyük Türkiyəni yanlış siyasətinizlə itirməkdəsiniz. Az-çox bir neçə çeynənmiş cümlələriniz var idi, onun da birini Abdulla Gül redaktə etdi: altı dövlət, tək millətiz. Siz hələ də oturduğunuz binanın hətta bayırdan belə şəklinin çəkilməsindən qorxursunuz.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button