Hərbçilərin dəfn mərasimlərinin təşkili qaydaları təkmilləşdirilir

sehidin defniMilli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin iclası keçirilib.

Milli Məclisdən verilən məlumata görə, iclasda dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclasın gündəliyinə 7 məsələ daxil edilib. Komitə sədri Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə MM Aparatı İnzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri Sərdar Məmmədov məlumat verib. Sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən parlamentə təqdim olunub. Dəyişikliklərin məqsədi hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsindən ibarətdir. Dəyişikliklərə əsasən 1994-cü ildə qəbul edilmiş nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilir. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılır və onlar haqqında məlumat verilir.

İclasda dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları ilə bağlı nizamnaməyə edilən yeni 16 saylı əlavə komitə üzvlərinin nəzərinə çatdırılıb. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Sonra Z. Əsgərov digər qanun layihələrini deputatlara təqdim edib. “Dəniz limanları haqqında” qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Nizamnaməsi”ndə, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də bir sıra redaktə xarakterli dəyişikliklər edilib. Həmçinin, “Ovçuluq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” sənədə uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda redaktə xarakterli, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” sənədin qəbulu ilə bağlı isə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 17-ci maddəsinə əlavələrin  edilməsi  barədə dəyişikliklər nəzərdə tutulub.

Komitə üzvləri gündəliyə daxil edilmiş qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button