Həyat məni ağladanda gülmüşəm-ŞEİR
Nemət Pənahlı
Xural.com Azadlıq Aşiqi Nemət Pənahlının “Həyat məni ağladanda gülmüşəm” şeirini təqdim edir:
Hamı gülür bəxt üzünə güləndə,
Həyat məni ağladanda gülmüşəm!
Dərd-qəm tüğyan edib sel tək gələndə,
Dərya, ümman çağladanda gülmüşəm!
Yusif kimi quyulara düşəndə,
Kərəm olub eşq odunda bişəndə,
Can çarmıxda Cananla görüşəndə,
Cəllad qolu bağladanda gülmüşəm.
Kəmfürsətlər qələmimi qıranda,
Keçəl Həmzə Qıratı aparanda,
Nigar küsüb, Eyvaz üzə duranda,
Yaraları dağladanda gülmüşəm.
Düşmən alçaq, dostlar namərd olanda,
Millət dönük, yar ilan tək çalanda,
Yalquzaq tək meydanda tək qalanda,
Dərd-qəm ürək dığladanda gülmüşəm!
İblisə aldanıb xalqlar çaşanda,
Zahid fitva verib şahlar asanda,
Satqınlar, nadanlar daşa basanda,
Al qan üzdə buğlananda gülmüşəm!
Bəylər qəflət yuxusuna dalanda,
Nökər ağa, gədələr bəy olanda,
Aslan yaralanıb, qurd qocalanda,
Çaqqal Bozqurd saxladanda gülmüşəm!
Tufan olub fırtınalar qopanda,
Ana övladını doğub atanda,
Hökmdar şərləyib ərlər tutanda,
Yel qayalar laxladanda gülmüşəm!
Əcəl bizi kəməndinə salanda,
Düşmənə, satqına xalq əl çalanda,
Qəlbi qüssə, kədər, dərd-qəm alanda,
Qəzəbimdən boğulanda gülmüşəm!
Sancı çəkib Anam məni doğanda,
Fəryad etdim gülə-gülə cahanda,
Qəza-qədər tutub qəhər boğanda,
Aşiq Nemət, mən o anda gülmüşəm!
17.08.18, Bakı
Xural.com