H1N1

Vüqar Qurdqanlı
Elçin Əlibəyli haqda – yazılmayan həqiqət

Yazılan yalan və nifrət…

Son günlər mətbuatda tanınmış teleaparıcı Elçin Əlibəylidən, onun “Sarı Gəlin”i erməni dilində ifa etməsindən yazılır. Əvvəla, bildirim ki, Elçin Əlibəyli bir aparıcı və moderator kimi hazırladığı verilişlərlə mənim zövqümə xitab edə bilməyib. Bunu el içində çox adam da təsdiqləyir.

Olar, bəlkə də olmaz, bilmirəm, hər halda yaradıcılıqda uğur və uğursuzluq nisbi anlayış olduğundan savad və əqidəyə təsir etmir.

Hətta ATV kanalında rəhbər vəzifələrdən birini tutan andan nümayiş etdirdiyi “salamsız” iş prinsipi də aşağı-yuxarı onu tanıyanları rəncidə edib. Bu da olar, bəlkə də olmaz…

Bütün bunları hələlik bir kənara qoyuram. Keçid alıram əsas məsələyə, yəni ATV-nin başqa bir aparıcısı Nanə xanımın ad günündə baş verən hadisəyə. Deyilənlərə və yazılanlara görə Elçin Əlibəyli o şadlıq məclisində dünyanın ən böyük problemi olan “Sarı Gəlin” mahnısını erməni dilində ifa edib. Olmaz, bəlkə də olar…

Yenə deyilənə və yazılana görə Elçin bununla da milli mentalitetimizə, adət-ənənələrimizə, tariximizə, coğrafiyamıza, antropologiyamıza, hətta etnik mənşəyimizə xəyanət edib. Burda dayanıram.

Birincisi ona görə ki, “Sarı Gəlin”in erməni, ya da azərbaycanlı olması sübut oluna biləcək məsələ deyil. Adına baxsaq Azərbaycanda gəlinə “Sarı” demirlər. Amma musiqisinə qulaq asanda ermənilərdə belə ahəstəlik yoxdur, deyirik. Yəni mən ortaq mədəniyyət nümunəsi kimi qəbul etməyin tərəfdarıyam, belə də qəbul edirəm. Yəqin təfəkkürümüzə uyğun olaraq bu da Olmaz!

Amma Elçin belə düşünmür. Düşünür ki, “Sarı Gəlin” azərbaycanlıdır və ermənilərə dəxli yoxdur. Sübut etmək üçün də zümzümə edərək çatdırmaq istəyir ki, ay camaat, baxın ermənilərdə bayatı olmadığından bayatılara bəstələnmiş “Sarı Gəlin” musiqisi erməni dilində ifa edilərkən, sözlə musiqi üst-üstə düşmür, ağ şalvarda qara yamaq ortaya çıxır.
Amma bu da olmazmış!

Azərbaycanlıları həyatda 1 gün “Sarı Gəlin” maraqlandırsaydı, məsələni dərhal xeyrimizə həll edərdik. “Sarı Gəlin” rüşvət deyil, korrupsiya deyil ki, uğrunda özümüzü də, şərəfimizi də qurban verək. Uzaq başı musiqidir də. Nəyimizə lazımdır? Hələ bir də nəzərə alsaq ki, Nanə xanımın ad günündə səhnəmizin tanınmış “ulduzları” da yığışıb və onlar da Elçinin əlindən zara yığılıblar, onda məsələ tam məlum olur. Yəni torbadakı pişik çıxır ortaya. Sözün bütün məsuliyyəti ilə Elçinin bizə sırıdığı bayağı “ulduz”lar onu torbaya salırlar. Bu olar!

Qayıdıram Elçinin bu qədər nifrət qazanmasına. Bunu yazmaqda mənə bəraət qazandıran məqam bütün mətbuatın bir ağızdan “Elçin “Sarı Gəlin”i erməni dilində oxudu!” iddiasıdır. Bir nəfər demədi ki, etməz, eləməz. Amma yazanların və danışanların əksəriyyəti məndən də gözəl bilirdilər ki, Elçin Əlibəyli nə qədər millətçi və belə məsələlərdə həssas adamdır. Lakin bilə-bilə yazdılar, Elçindən etdiklərinə və etmədiklərinə görə qisas aldılar. Hətta yazıb “rahatladım” deyənlər də oldu, xəbəri göndərib “intiqamımı” aldım düşünənlər də. Əlbəttə, bunları müzakirə edəcək deyiləm. Olsa da olar…

Dediyim kimi, Elçin dostu ilə düşməni arasında fərq qoymadan uzun və incə bir yolda sağ-solunu qılınclayaraq gedirdi. Səhv etdiyi məlum oldu. Olmazmış!

Amma getdiyi yolda Azərbaycan-Türk tarixini də ən tanınmış yazarların ssenarisindən arxivləşdirdi axı. Nədənsə bu gün bu həqiqət yox, o yalan yazılır. Əslində, bu işin “nədəni” tam aydındır – hamı yazmaq istədiyini yazır.
Olmaz!

Elçini aparıcı kimi, dost kimi, yoldaş kimi, moderator kimi “vurmaq”, hətta şallaqlamaq da olar. Amma “millətinə xəyanət edir” yazmaq qəti olmaz! Olmaz! Olmamalıdır! Çünki etməz, etməyib! İnanmayanlar bir də oxusalar inanacaqlar…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button