Hacı Məmmədov intihar etməzdən əvvəl məktub yazıb-YENİLƏNİB

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Qurum sözçüsü bildirib ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində özünü asıb. H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülmüşdü. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdu.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib. Penitensiar xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

“Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.

Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.

Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir”, – deyə məlumatda qeyd olunur.
H.Məmmədovun vəkili olmuş Afət Qazıyeva bildirib ki, H.Məmmədovun meyiti yaxın müddətdə ailəsinə təhvil veriləcək: “Lakin onun nəşinin ailəsinə nə vaxt təhvil veriləcəyi ilə bağlı hələlik bizə heç nə deməyiblər. Yaxın saatlarda bizə bu barədə məlumat veriləcək”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən o, ömürlük həbs cəzası alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button