Hacı Məmmədov MTN-də ölüm aclığına başladı

O, Qobustana köçürülməsini tələb edir

 Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Qobustan Qapalı Həbsxanasına köçürülməsi tələbilə ölüm aclığına başlayıb. Bu barədə redaksiyamıza daxil olan xəbərdə deyilir ki, H.Məmmədov aclığa bu gündən başlayıb. Bununla bağlı artıq “Qırmızı Xaç” Komitəsinə də məlumat verildiyi bildirilir. Qeyd edək ki, H.Məmmədov həbsə alınandan(2005-ci il martın 10-da həbsə alınıb – E.M) sonra ilk dəfə bu il mayın 16-da Qobustana köçürülməsi tələbi ilə çıxış edib. Həmin gün Hacı Məmmədovun anası Almaz Məmmədova qəzetimizə açıqlamasında bildirmişdi ki, oğlu daha MTN-in İstintaq Təcridxanasında qalmaq istəmir.

“Bu gün evə zəng etmişdi. Dedi ki, daha orada qalmaq istəmir. Xahiş elədi ki, onu Qobustana köçürsünlər. Bununla bağlı “Qırmızı Xaç” Komitəsinə də müraciətini çatdırmağımızı etdi. Sizdən xahiş edirəm, artıq söz-söhbət yazılmasın… Deyir ki, daha orada qala bilmir” – deyə A.Məmmədova bildirmişdi. A.Məmmədova oğlunun bir çox xəstəliklərdən əziyyət çəkdiyini, son 1 ayda oğluna apardıqları yeməklərin qəbul edilmədiyini də söyləmişdi. Bu gün (22 sentyabr-E.M) yenidən A.Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, onunla danışa bilmədik.

Redaksiyamıza daxil olan digər bir xəbərdə isə deyilir ki, 2005-ci ildən bu yana MTN-dəki təkadamlıq kamerada saxlanılan Hacı Məmmədova televizor, dvd-pleyer, rəsm çəkmək üçün malbert, yağlı boya verilib, evindən göndərilən sovqatlar ona verilib. May ayında isə  onun televizoru, dvd-pleyeri, rəsm çəkmək üçün ləvazimatları əlindən alınıb. Anasının qeyd etdiyi kimi, ona evdən göndərilən sovqatlar da qəbul olunmur.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Hacı Məmmədovun ölüm aclığana başlaması ilə bağlı məlumata belə münasibət bildirdi: “Bu barədə yayılan məlumat kiminsə uydurduğu məlumatdır, yalandır. Vaxtında təcridxananın təlimata uyğun qaydada gəzintiyə çıxır. Səhhətində heç bir problem yoxdur”.

Xatırladaq ki, H.Məmmədov məhkəməsindən sonra gözlənilənlərin əksinə olaraq Qobustan Qapalı Həbsxanasına köçürülmədi. Bu isə cəmiyyətdə heç də birmənalı qarşılanmadı, vəkillər arasında dartışmalara səbəb oldu. Qanuna görə, heç bir məhkum öz istəyi ilə istintaq təcridxanasında saxlanıla bilməz. Amma 6 ildir ki, H.Məmmədov heç bir əsas olmadan orada saxlanılır.

H.Məmmədov və onun dəstəsi 2005-ci il martın 10-da MTN “Qara kəmər” adlı uğurlu əməliyyatı zamanı ələ keçirilib. Nəticədə Hacı Məmmədovla bərabər 26 nəfər  ifşa olunub. Bu əməliyyat illərlə bağlı qalan adam oğurluqları və sifarişli qətllərin üzərinə işıq saldı. Lakin uğurlu əməliyyatdan sonra baş verənlər Məmmədovun bandasının ifşasının arxasında digər məqsədlərin də olduğunu ortaya qoydu…

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button