Hacı Məmmədov niyə MTN-də saxlanılır?

Ümumilli qanqster kimin adamıdır – bu Daşı bu Quyuya hansı Dəli atıb?! Milli Qanqsterin təcrid olunmasının səbəbi nədir?

Bir çox ölümlərlə gündəmə gələn və Azərbaycanı yerindən dimdik fırladan Hacı Məmmədov hadisəsi hamının yaxşı yadındadır. Kütləvi insan qətlləri ilə məşğul olan, bunun üçün dəstə yaradan, o dəstənin əli ilə ölkənin yaddaqalan adamlarını həbs edən, əvəzində pul alan, istədiyini isə öldürən Hacı Məmmədov bir neçə ildir həbs olunsa da, fakt hələ də təzədir və gündəmin birinci sırasındadır. Məxsusən, DİN-MTN qarşıdurması fonunda Hacı Məmmədov çox maraqlı görünür.

Həbsindən sonra Azərbaycanda çağ dəyişəcəyi gözlənilən bu adam sanıldığı kimi sadə tip deyil. Uzun müddət Daxili İşlər Nazirliyində rəhbər vəzifədə işləyib. İndi deyilir ki, onun heç kimlə əlaqəsi yoxdur, olmayıb, amma uşaq da bilir ki, bu boyda işi yalnız güclü bir şəbəkə və arxasında dayanan güclü bir əllə görmək mümkündür.

Kimin adamı idi Hacı Məmmədov?!

Usubovunmu? Zatən rəsmi struktuların sorğuları, araşdırmaları və aldıqları ifadələr Usubovun əleyhinə işləirdi. Eldar Mahmudovun Ramil Usubovla keçmişdən gələn bir düşmənçiliyinin olduğunu hamı bilir, yazır, deyir. O zaman Hacı Məmmədovun Ramil Usubovun adamı olması arqumenti zəifləyir. Onu illərdir yaxalayıblar. Yaxalayan MTN-dir. Sorğulayan da MTN-dir. Usubovun yüksək çinli vəzifəlilərinin hamısını tutub doldurdular içəri. Rejimin xarakteridir. Əgər Hacı Məmmədov Usubovu işarə etsəydi, indi Usubovu uçurmuşdular. Onu zatən çox şeydə istifadə etdilər və sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Elmar Hüseynovu öldürməsi hoqqasının onun dilindən aşkarlanması bu məzhəkənin ciddi şəkildə ifşası idi.

Hacı Məmmədovun MTN-lə nə əlaqəsi?

Görünən odur ki, Hacı Məmmədov sadə bir əməliyyat müvəkkili olmayıb. Bu ölkədə yüzlərlə əməliyyat müvəkkili var. Onların heç biri bu qədər adam oğurlamayıb, adam girov götürməyib, adam öldürməyib. Və ya bir əməliyyat müvəkkili göstərə bilməzsiniz ki, onun «Qarabulaq» boyda istirahətgahı və o istirahətgahda o imkanları olsun. Kim incəsənət dünyasının divləri ilə həşir-neşirdə olan belə əməliyyat müvəkkili tanıyır? Ya da kim barmağını qatlayıb neçə əməliyyat müvəkkili göstərə bilər ki, bütün Azərbaycan artistlərini bir məkana toplayıb, kinolar çəkdirsin, bütün otaqlara videokameralar quraşdırıb insanların özəl həyatlarını lentə aldırsın? Yoxdur belə əməliyyat müvəkkilləri! Deməli, Hacı Məmmədov sıravi bir qanqster, ya da ümummilli qatıl olmayıb. Mümkündür ki, hələ SSRİ-nin vaxtından bu tip adamlar yetişdirilsin və bəlli qurumlara yerləşdirilsin. O zaman Hacı Məmmədovun daşıdığı missiya bizim üçün daha da aydınlaşır. Deməli, hörmətli ümummilli qanqsterin daşıdığı vəzifə sadəcə «papaq»dır. Bunun altında isə hər nə desən etmək olar…

Məmmədov niyə MTN-dən çıxarılmır?

Bu sadə sual olmasaydı və təsadüfən bir çay masası arxasında dostlar tərəfindən səsləndirilməsəydi, heç bu yazı da ortaya çıxmazdı. Amma araşdırdıqca və sadəcə fikir gimnastikası apardıqca, adamın gözləri kəlləsinə çıxır. Kimdir bu adam? Nə matahdır ki, həbs olunduğu gündən bu günə qədər MTN-də saxlanılır? O hansı qüdrətdir ki, Hacı Məmmədovu təkbaşına oteldəymiş kimi bəsləyir? Bunun digər dustaqlardan nə fərqi var ki, bu, nə əlahiddə dustaqdır ki, xüsusi müamilə görür?

Hacı Məmmədovu məxsusən MTN-ə yaxın olan hüquq müdafiəçiləri ziyarət edir. Hacı Məmmədov adamların qoltuğuna yekə-yekə rəsm əsərləri verir və o rəsm əsərləri mətbuatda xüsusi şövqlə təbliğ olunur. İllərdir bir quruma olan, artıq normal həbsxanalarda olmalı Məmmədov nədən hələ də MTN-də qonaq edilir? Bu qədərmi əziz-xələfdir? Bəlkə ayrıla bilmir hörmətli təhlükəsizlik qurumumuz bu mübarəkdən?

Hamıdan böyük güc…

Yoxsa Hacı Məmmədov elə MTN-in özünün adamıdır. Bəlkə ta… başından DİN-ə yerləşdirilmiş bir minadır. Nədən olmasın? Zatən DİN ən etibarlı agentini MTN-də, MTN ən etibarlı agentini DİN-də saxlamırmı? Elə dünya kəşfiyyatlarının da ən ibtidai qaydası bu deyilmi? Niyə Ramil Usubov öz adamını öz əlinin altında belə işlətsin ki? Və ya Ramil Usubov o qədərmi zəif adamdır ki, öz adamını hansısa bir qurumun əlindən ala bilməsin? Ya da Hacı Məmmədov nə qədər böyük və qüdrətli adam oldu ki, adamı olduğu Ramil Usubovu bu qədər pressinqdən sonra qoruya bildi? «İki şillə-bir təpik»dən sonra bu deyilmiydi Elmar Hüseynovun qatıilinin Fərhad Əliyev olduğunu deyən? Elə bu məqamdan görünmürmü Hacı Məmmədovun hansı qüdrətə sahib olduğu?! Və ya Ramil Usubov o qədərmi qüdrətli adamdır ki, onun haqqında ifadə ala bilmir qoca ölkənin qoca MTN-i bir cinayətkardan?!

Deməli, işin içində iş var. Hacı Məmmədov kimin adamıdırsa, Usubovun adamı deyil. Yaxşı, dünənin polisi Eldar Mahmudovun bu yelpazədə nə qədər yeri var. Bəlkə onun adamıdır Hacı Məmmədov?!

Bir dəli, yüz ağıllı məsəli…

Bu yerdə müdrik Azərbaycan xalqının «bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı onu çıxara bilmədi» məsəli yada düşür. Hacı Məmmədov hər kimdirsə, kimin adamıdırsa, bir «dəlinin atdığı daş»dır. O Dəli bu Daşı atıb… Bu Daş isə o qədər ağır daşdır ki, onu quyudan çıxarmaq üçün 7 il və iki qoca nazirlik arasındakı qovğa bəs etməyib. Görünür, Hacı Məmmədov bir az da o tərəflərdən – Sovetlərdən gəlir… Yol uzun və daşlı-kəsəklidir…

Ona görə onu Quyudan çıxara bilmirik…

 

İntiqam Adiloğlu

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button