Hacı Tahir Abbaszadə dindarlara müraciət etdi

Gəncədə yerləşən “İmamzadə” ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanın Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə müsəlmanlara müraciət edib. xural.com-la əlaqə saxlayan Hacı Tahir son günlər ölkədə baş verən hadisələrdən narahat olduğunu bildirərək, xüsusilə ibadət əhli olan insanlar arasında bəzi təbliğat cəhdlərinin olduğunu dedi. Onun dediyinə görə bu məsələ artıq narahatçılıq verəcək həddə gəlib çatıb:

“Ən müxtəlif çağırışların şahidi oluruq. Bəzi məhkəmə prosesləri gedir və bəzi siyasi partiyaların bu proseslərə açıq-aşkar dəstək nümayiş etdirdiklərini görürük. Mitinqlər keçirilir və orada müxtəlif şüarların və çağırışların olduğunu eşidirik. Keçiriləcək mitinqlər üçün birbaşa ibadət əhlinə, müsəlmanlara müraciət olunur. Ölkənin İslam dininə mənsub olan insanlarının arasında müxtəlif məzhəbləri əsas gətirərək, ayrı-seçkilik salmağa çalışırlar. Nəzərə alsaq ki, bizi əhatə edən dövlətlər də, digər dünya dövlətləri də rahat oturmurlar və onlar hamısı çalışırlar ki, Azərbaycan daxildən qarışsın. Buna imkan vermək olmaz. Nə hakimiyyət, nə də müxalifət imkan verməməlidir ki, İslam dini siyasiləşsin, məscidlərdən çıxıb meydanlara, küçələrə çıxsın, hakimiyyətə gəlmək vasitəsinə çevrilsin. Müxtəlif İslam ölkələrində zaman-zaman baş verən prosesləri hamımız bilirik. Azərbaycanda sabitliyi pozmağa, dini siyasətə alət etməyə heç kimin haqqı yoxdur. Bütün müsəlmanlara səsləyirəm. Ölkənin, millətin və dövlətin əleyhinə olan heç bir oyuna və çağırışa qoşulmayın. Bizim üçün Azərbaycan dövlətinin maraqları her şeydən ucadır.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button