Hacı Tale barədə bir neçə kəlmə

Bəzən yaşamaq ölməkdən daha çətin olduğu kimi, azadlığı qurban vermək də canı qurban verməkdən çətin olur. Ali məqsədlər uğrunda canını fəda edən şəxs rahatlıq tapır, yaddaşlarda xoş xatirələrlə qalır, barəsində haqlı-haqsız deyilən tənqidlər, təhqirlər kəsilir. Azadlığından keçən şəxs isə hələ çox çətinliklərə dözməli, ağır sınaqlardan keçməli, mübarizəsini davam etdirməlidir.

Bu gün Tale Bağırzadə dəmir barmaqlıqlar arxasında olsa da, yaşayır. Qurban verdiyi həyatı yox, azadlığıdır. Amma əminəm ki, onun üçün hazırda həbsdə olmaq, torpaq altında uyumaqdan daha çətindir. Çünki hələ yolun əvvəlindədir, gəncdir, ömrü yetdiyi sürəcə mübarizəsini davam etdirməli, prinsiplər uğrunda davasından geri çəkilməməlidir. Üstəlik, bu yolda dostlardan və düşmənlərdən gələcək saysız-hesabsız zərbələrə də dözməlidir. O, hələ ki, bunu bacarır. Artıq üçüncü həbsini yaşayır, amma bu yola başladığı ilk gündəki kimi qətiyyətli, prinsipial və öz mübarizəsinə sadiqdir. Hər yazısı, çıxışı, müraciəti onun dəyişmədiyini, əksinə öz yoluna daha ürəkdən bağlandığını, püxtələşdiyini, əzminin və qətiyyətinin artdığını göstərir. Qələbəni gətirən faktor da məhz mübarizəyə olan sədaqət, prinsipiallıq, ardıcıllıqdır. Zatən, doğru yolda olmaq artıq qələbə deməkdir.

Nardaranda əməliyyat zamanı, daha sonra “Bandotdel”də onu da öldürə, şikəst edə bilərdilər, necə ki, 6 günahsız insan öldürüldü, Əbülfəz Bünyatovun beli sındırıldı. Amma bunlar olmadı. Görünür ki, Tale Bağırzadə hələ üzərinə düşən missiyanı tamamlamayıb, irəlidə görməli olduğu daha çox iş var. Həyatda hər kəsin bir missiyası var. Bəzilərinin missiyası isə daha böyük olur. Tale Bağırzadə belə insanlardandır. Onu ideallaşdırmaq fikrindən uzağam, əlbəttə, o da insandır, səhvləri ola bilər, bütün bunlar tənqidə açıqdır. Mən dostlarımızı tənqidlərimizlə qorumalı olduğumuza inanıram. Əsas odur ki, o, əməlləri ilə sözlərini təsdiq edən insandır, ola biləcək səhvləri də, strateji yox, taktikidir. Yolu, mövqeyi, üslubu doğrudur, möhkəm məntiqə əsaslanır. Bəziləri onun inqilab fikri ilə yaşadığını deyir, mən isə onun artıq öz inqilabını gerçəkləşdirdiyini düşünürəm. Bu inqilab ürəklərdə, beyinlərdə baş tutub. Bu gənc ilahiyyatçı Azərbaycanda yeni bir nümunə yaratdı. Şərin qarşısında xeyirin necə durmalı olduğunu, mövqe sərgiləcəyini göstərdi.

Alman şairi Bertolt Brext deyirdi ki, qəhrəmanlara ehtiyacı olan ölkə bədbəxt ölkədir. Bu baxımdan, mən də qəhrəmanlara ehtiyacı olan cəmiyyətdə yaşamaq istəməzdim, amma təəssüf ki, reallıq mənim bu istəklərimlə uyğunlaşmır. Belə görünür ki, Azərbaycanın hələ çox qəhrəmanlara ehtiyacı olacaq. Bizlər isə adətən həmvətənimiz, həmdövrümüz olan qəhrəmanları layiqincə dəyərləndirə bilmirik, artıq həyatda olmayan və yaxud bizdən çox-çox uzaqlarda yaşayan insanlara qiymət veririk. Tarix minlərlə qəhrəmanın bu cür məzlumluğuna şahiddir. O da bu qəbil qəhrəmanlardandır. Məncə, gərək etiraf edək. Etiraf edək ki, Tale Bağırzadə çoxumuzun əlindən sığındığımız bəhanələri aldı və bu etirafdan çəkinməyək. Çünki insanların layiqli qiymətini vermək ləyaqətli insanların işidir.
Son olaraq, vicdanlı insanlar gərək öz dövrlərinə şahidlik etsinlər. Bu gün biz onlarla günahsız insana zülm edilməsinə və eyni zamanda haqqı-həqiqəti müdafiə edən, bu uğurda hər şeyi gözə alan insanların qəhrəmanlığına şahid oluruq. Ziyalılardan, ictimai xadimlərən gözləntim onların da şahid olduğu bu hadisələri görməzdən gəlməmələri, bacardıqları qədər yazmaları, danışmaları, əllərindəki vasitələrdən istifadə etmələridir.

Rövşən Məmmədli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button