Hacıbaba Əzimov Eldəniz Quliyevin “Qaynar Qazan”da dediklərinə cavab verdi

Cavab haqqı

“Xural.com” saytının baş redaktoru Əvəz Zeynallıya

Hörmətli Əvəz bəy!

Sizin rəhbərlik etdiyiniz saytda “Qaynar qazan”ın 31-ci qonağı Eldəniz Quliyevlə müsahibənin üçüncü hissəsi yayınlanmışdır. Həmin müsahibədə E.Quliyev şakərinə uyğun olaraq bir sıra məsələlər üzrə yalan, iftira səciyyəli açıqlamalar vermişdir. Təəccüblü və həm də cəmiyyət üçün təhlükəli hal budur ki, ziyalı təşkilatının rəhbəri kimi təqdim olunan bu odioz adam, ziyalılığın önəmi barəsində danışsa da, əslində nəinki ağsaqqal yaşda olan ziyalıya, hətta sadəcə insanlığa yaraşmayan tərzdə mənə qarşı ağlasığmaz böhtanlar atmış, haqqımda tamamilə ağ yalanlar söyləmişdir. Bütün bu böhtan və iftiralara geniş cavab verməyə lüzum görmürəm. Cünki ictimaiyyət, xüsusilə həqiqi, saf ziyalılar kimin kim olduğunu yaxşı bilirlər. Bununla belə, cəmiyyət üçün təhlükəli olan bir-iki iftiraya cavab verməyə məcburam.

Belə ki, E.Quliyev öz müsahibəsində mənim etnik zəmində əsassız iddialarla çıxış edən separatçılara olan münasibətimi məsuliyyət hissini itirərək allahsızcasına talış xalqına qarşı yönəldir və iddia edir ki, “niyəsə talışlara qarşı bunda (yəni məndə-H.Ə.) bir allergiya var”, başqa sözlə o, məni talışlara qarşı pis münasibət bəsləməkdə, əslində isə etnik ayrı-seçkilik salmaqda günahlandırır. Təbii ki, bu iddia çox gülüncdür və heç bir əsası yoxdur. Əksinə, mən uzun illər ərzində ictimai-siyasi fəaliyyətimlə Azərbaycanda milli birliyin, o cümləddən milli azlıqların hüquqlarının qorunması naminə çalışdığımı sübut etmişəm. Bu baxımdan, bir-iki faktı bədxahlara xatırlatmaq istəyirəm: Əgər mənim talışlara münasibətim pis olsaydı, qurucusu və ilk rektoru olduğum Lənkəran Dövlət Universitetində kökəncə talış olan dos. Q.Rəcəbovu birinci prorektor, prof. S.Əsədullyevi, prof. M.Rəhimovu və başqalarını kafedra müdiri, dekan vəzifələrinə irəli çəkməz, talış icmasından olan gəncləri və alimləri işə götürməzdim. Əgər mənim talışlara pis münasibətim olsa idi, hələ 1993-cü ildə talış Novruzəli Məmmədovu təsisçisi olduğum “Nicat yolu” qəzetinin baş redaktoru vəzifəsinə təyin etməz, 1995-ci ildə Elmlər Akademiyasının 50 illiyi münasibətilə LDU-da keçirilən böyük yubiley tədbirinə məşhur akademiklərlə bərabər, elmlər namizədi N.Məmmədovu, elmlər doktoru M.Məmmədovu (hər ikisi talış) da dəvət etməzdim. Hələ 90-cı illərin əvvəllərində Lənkəran Dövlət Universitetində talış ənənələrini, folklorunu, məişətini öyrənən xüsusi tədqiqat qrupu formalaşdırmış, partiyamızın rəyasət heyətinin üzvü, professor Qəmərşah Cavadovu LDU-da işə götürüb onun “Talışlar” adlı böyük bir monaqrafiya yazıb çap etdirməsinə şərait yaratmışam.

eldeniz

Bundan başqa, xarici düşmənlərimizin fitvası ilə qondarma “TMR” adı altında Azərbaycanı etnik dövlət qurumlarına bölmək istəyən Ə.Hümmətovçuların qarşısını almaq məqsədilə Vahid Azərbaycan Milli Birlik Partiyasını (VAMBP) yaratmış, bir çox tanınmış talış ziyalılarını da partiyamızın sıralarına cəlb etmişəm. 1993-cü ilin avqust ayında Milli Məclisdə “TMR”-lə bağlı hazırlanmış qərar layihəsində cənub bölgəsi əhalisinə, o cümlədən talış icmasına “separatçı” damğası vurulmasının qarşısının alınmasına nail olmuşam. Mən həm də Novruzəli Məmmədovun qanunsuz olaraq qapalı keçirilən məhkəməsində şahid qismində iştirak edib onun günahsız olduğunu əsaslandırmış və azad edilməsini tələb etmiş yeganə ziyalı-siyasətçi olmuşam. Talışlar arasında mənim çoxsaylı qohumlarım və dostlarım vardır. Talış xalqına da həmişə sevği və hörmətlə yanaşmışam.

Talışların da kompakt yaşadığı bir bölgədə Lənkəran Dövlət Universiteti yaratmağım və digər faktlar sübut edir ki, talış xalqı qarşısında mənim gördüyüm işləri tarixən heç kim, heç vaxt həyata keçirməmiş, bu miqyasda dəyərli xidmətlər göstərməmişdir.

Cənab E.Quliyev həmçinin belə iddia edib ki, güya mən demişəm ki, “Eldəniz Quliyev də separatçıdır, Ələkrəm Hümbətovun ideya rəhbəridir”. Bu da tamamilə yalandır. Mən heç vaxt, heç yerdə belə bir iddia ilə çıxış etməmişəm. E.Quliyevin bu iddiası əslində onun özünün özünə qarşı böhtanıdır. İlk dəfə “Talış Birliyi” adlı qurumun təsis olunması ilə bağlı məndən fikir soruşulanda M.Səfərovun hələ 1993-cü ildə Ə.Hümmətovun tərəfdaşı kimi çıxış etdiyini, Eldənizi isə yaxşı ziyalı kimi tanıdığımı bildirmişəm (bir müddət sonra mötəbər mənbədən öyrəndim ki, E.Quliyev kimdir və hansı missiyanı həyata keçirir). Buna baxmayaraq, E.Quliyev separatçıların etnik zəmində əsassız iddialarına qarşı çıxdığıma görə mənə böhtanlar yağdırmağa başladı. Bundan başqa, E.Quliyev yenə də məsuliyyət hissini itirərək, ziyalıya, insanlığa yaraşmayan bir tərzdə mənim sovet dövründə kitabımdan bəhs edərək deyir ki, biz (yəqin M.Səfərovla özünü nəzərdə tutur) tapdıq ki, “təxminən biz indi erməni terrorizmi haqqında danışanda hansı ifadələri işlədiriksə, elə o ifadələri öz kitabında Müsavata qarşı işlədib”.

Xatırlatmalıyam ki, hələ üç il bundan əvvəl mən “Musavat.com” saytında (27 yanvar 2014-cü il)  M.Səfərovun bu kimi xeyli yumşaq (E.Quliyevə nisbətən) ifadələrlə irəli sürdüyü iddialarının saxta və qərəzli olduğunu təkzibediməz dəlillərlə açıb ortaya qoymuşam. İndi isə E.Quliyev böhtanların əndazəsini görünməmiş dərəcədə artırmaqla özünü daha pis vəziyyətə qoymuşdur. Bunu təkzibedilməz faktlar da sübut edir. Belə ki, hələ Sovet dövründə mən cəmiyyətdə olan nüfuzumdan istifadə edərək, hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan kommunisti” jurnalının 1989-cu il 10-cu sayında dərcinə nail olduğum iri həcmli elmi məqaləmdə tarix ədəbiyyatında ilk dəfə olaraq açıq şəkildə Müsavat Partiyasının burjua-mülkədar, əksinqilabçı partiya kimi təqdim olunmasına qarşı çıxaraq göstərmişəm ki, “seçkilər zamanı azərbaycanlı əhali arasında ən çox səs toplamış Müsavat Partiyası haqqında da çox az yazılmışdır… Müsavatçılar 1917-ci ilin noyabrında Müəssislər Məclisinə keçirilən seçkilərdə Bakıda bolşeviklərdən sonra (22,2 min) ən çox (21,7 min) səs toplamış, qəza yerlərində isə səslərin böyük çoxluğunu ala bilmişdilər. Bütün bunlar və Müsavat Partiyasının fəaliyyəti ilə bağlı digər siyasi hadisələr bu partiyanın sinfi və sosial tərkibi, fəaliyyət xarakteri məsələlərinin obyektiv şəkildə öyrənilməsini zəruri edir” (səh. 55), yəni Müsavat Partiyasına rəsmi mənfi münasibətin dəyişdirilməsinin zəruri olduğunu bildirmişəm.

Əsərlərimdə bir sıra tarixi hadisələri ilk dəfə olaraq yeni konsepsiyada, dürüst işıqlandırdığıma görə o zaman heç şəxsi tanışlığımın belə olmadığı professor C.Həsənli müstəqillik əldə edildikdən sonra, 1993-cü ildə nəşr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər)” adlı monoqrafik kitabında yazmışdır: “Dövrün problemlərini köhnə konsepsiya ilə işləmiş tarixçilər içərisində ilk dəfə olaraq professor H.S.Əzimov uzun müddət rəhbər tutulan bu konsepsiyanın yararsız olduğunu qeyd etmişdir” (səh. 19).

Yazımın sonunda xatırladıram ki, Vətənimizə düşmən kəsilən bəzi xarici dairələrin fitvası ilə xaricdə və ölkə daxilində açıq və ya gizli şəkildə etnik zəmində əsassız tələblər irəli sürməklə separatizmə yol açan adamların hərəkətləri və fəaliyyətləri antiazərbaycan, antimilli xarakter daşıyır və ölkəmizin unitar dövlət quruluşunu sarsıtmaq məqsədinə yönəldilmiş xəyanətkar əməllərdir. Buna görə də Azərbaycanda unitar dövlət quruluşunun pozulmasına, ölkəmizin etnik zəmində kiçik dövlət qurumlarına bölünməsinə rəvac verən separatçı ünsürlərə qarşı milliyyətindən asılı olmayaraq mübarizə aparmışam, aparıram və aparacağam.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button