Hadı Rəcəbli: “Mən belə söz deməmişəm”

“Təəssüf ki, bəzi KİV-lər mənim sözlərimi təhrif edərək, vacib və aktual siyasi bəyanatımın mənasını dəyişikliyə uğradıblar. Mən sosial şəbəkələrin, ələlxüsus “Facebook”un bağlanmasına çağırmamışam. Mən insanları təhqir edən və mənəvi-mədəni dəyərlərə zərər vuran sosial şəbəkə istifadəçilərinin səhifələrinin, bu cür saytların bloklanmasında mövcud beynəlxalq təcrübədən yararlanmağa çağırmışam”, – virtualaz.org-a müsahibəsində Milli Məclisin deputatı Hadı Rəcəbli deyib.

Hiddətlənmiş deputat redaksiyaya şəxsən müraciət edib və mövqeyinin dəqiqləşdirilməsini xahiş edib: “Bax, buna görə jurnalistlərdən qaçır və müsahibə vermirəm. Mən nə demişəm? Prezidentin, onun ailəsinin, ümumilikdə, bütün şəxslərin ünvanına təhqirlərin yolverilməzliyini demişəm. Hər bir insanın şərəfi və ləyaqəti var və təhqiramiz hücumların söz azadlığına heç bir aidiyyatı yoxdur. “Facebook”un bağlanmasının bura nə dəxli var? Mən siyasi elmlər doktoruyam, belə bir absurd çağırış edə bilərdimmi? Söhbət yalnız bu təxribatçı elementlərin səhifələrinin bloklanmasından gedir”.

Virtualaz.org

*   *   *14:08

Milli Məclisin deputatı Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırıb. Deputat yerli KİV-lərə açıqlamasında bunu son vaxtlar sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniya ilə əsaslandırıb.

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”-Hadı Rəcəbli bildirib.

Deputatın fikrincə bu məsələdə bir addım belə geri çəkilmək olmaz. Çünki Azərbaycan prezident seçkiləri ərəfəsindədir, təxribatçıların da əsas məqsədi ölkədə sabitliyi pozmaqdır.

Hadı Rəcəbli deyib: “Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iş üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.

Hadı Rəcəbli bildirib ki, sosial şəbəkələri bir çox imkanlara malikdir. Amma eyni zamanda çox təəssüf ki, bir qrup insanlar həmin imkanlardan çox tərbiyəsiscəsinə istifadə edirlər: « Son 3-4 ildir ki, mən də bu cür tərbiyəsizliklərlə üzləşmişəm. Bəzi şəxslər sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək, ayrı-ayrı şəxslərə qarşı iftira və yalanlar yağdırırlar, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edirlər”

Deputat onu da deyib ki, xaricdə Azərbaycan əleyhinə tərbiyəsiz hərəkətlərlə kampaniya aparan şəxslərə qarşı qeyri-hökumət təşkilatları və diaspora təşkilatları da mübarizə aparmalıdır. Digər tərəfdən isə dünyada mövcud olan beynəlxalq hüquq normaları ilə həmin şəxslərə qarşı tədbirlər görülməlidir, onlara qarşı cinayət işi açılmalıdır və s.

“Tərbiyyəsizlik və yalan hərəkətlərə qarşı tədbirlər sərt olmalıdır. Yalan yazıları bir sayt o biri sayta ötürür və şər-böhtan kampaniyası aparılır. Bütün bunlara qarşı bir tədbir görülməlidir. Ümumiyyətlə, həmin saytları bağlamaq lazımdır”-Hadı Rəcəbli əlavə edib.

O, Azərbaycan prezidentliyinə namizəd olan bir sıra müxalifət partiya sədrlərini də yalan çıxışlarına görə sərt tənqid edib: “Çox təəssüf edirəm ki, bəzən televiziya debatlarında iştirak edən və səviyyəsi çox aşağı olan yalançı müxalifət rəhbərləri də ölkəmizdəki dövlət məmurlarına qarşı inamsızlıq yaratmağa, cəmiyyəti qıcıqlandıran addımlar atmağa çalışırlar. Azərbaycanda hər bir məmurun həyat yoluna baxsaq görərik ki, hamısı işgüzar və zirək adamlardır. Onların övladlarında da həmin müsbət keyfiyyətlər mövcuddur. Bütün bunlara görə də mən məmurlarımıza qarşı qarayaxma kampaniyasının aparılmasının əleyhinəyəm.

Əlbəttə ki, ilk növbədə möhtərəm prezidentimizin əleyhinə aparılan tərbiyəsiz və mənəviyyatsız siyasi mübarizənin əleyhinəyəm. İnanın ki, nə qədər təmkinli olmağa çalışsam da, həmin adamları görəndə onları təhqir etmək, üzlərinə tüpürmək istəyirəm. Bu cür şəxslərlə normal dialoq aparmaq da mümkün deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button