Hadıdan axtalanma və çoxkişilik təklifləri!

Nurəddin Xoca

Nə yatmısan qoca vulkan, Səninləyəm!
Xəlil Rza Ulutürk

Bu gün müxtəlif dartışmalar gedir. Bizə inqilab lazımdir, ya yox? Bəziləri deyir lazımdır, bəziləri deyir, yox. Amma səsləndirilən fikirlərin kimdən gəlməsi və onların bunu necə əsaslandırması maraqlıdır. Ən başa düşüləni YAP-çı deputat Gülər Əhmədovadan eşidildi. Bu xanım bugünkü kritik məqamları əla dəyərləndirmiş və inqilabın lazımlılığını önə sürmüşdür.Əsas budur. Qaldı onun verdiyi reseptə, onunla razılaşıb-razılaşmamaq olar. Ancaq əsas odur ki, cəmiyyətin xəstə olduğu bu YAP-çı deputat xanım tərəfindən də təsbit edilib. Mən hakimiyyət komandasından olanların xalqı qorxutduğu bir aksioma ilə heç razılaşmıram. Niyə bu hakimiyyətin yerinə gələnlər mütləq oğru, rüşvətxor olmalıdır? Xalq özü görmürmü kim kimdir və niyə bu xalqın əvəzinə sizlər və yaxud bizlər qərar veririk?QOY XALQ ÖZÜ QƏRAR VERSİN!

Amma əsas odur ki, deputat xanım doğrudan da korrupsiyanı və cinayətləri görür. Bundan sonra onun dediyi sözlər və verdiyi məsləhətlər artıq ikincı dərəcəlidir. Amma hakimiyyətin uzunömürlü deputatlarından olan və guya (əslində, tutduğu vəzifə ondan bunu tələb edir) xalqın rifahı üçün calışan Hadi Rəcəbli nə deyir? Azərbaycanda kasıbların uşaqları çoxdur. Nə etməli? Bəlkə bilməyənlər elə fikirləşər ki, bu möhtərəm zat bu ailələrə dövlət köməyi təklif edir? Əsla! Belə şey olmaz! Hadı Rəcəblinin məntiqinə görə, onları AXTALAMAQ lazımdır. Qoy övlad yiyəsi ola bilməsinlər. Hələ Allahlarına şükür eləsinlər ki, özlərinə yaşamaq və işləmək hüqüqu tanınıb. Övlad doğmaq, yaşatmaq varlıların hüququdur. Bəli, tam belə deməsə də, aşağı-yuxarı mənası belədir.

Bu, Hadı Rəcəbli cənablarının son fikri deyil. Onun axırıncı söylədiyi fikir mən biləni Azərbaycan tarixinə yazılacaq. Bu möhtərəm zat nə az nə çox, bizim tariximizi araşdırıb və uzaq keçmişimizdə bizdə çoxarvadlılığın olduğunu aşkar edib. İndi deyir ki, əvvəl çoxarvadlılıq olub, indi də çoxkişilik olmalıdır. Bu, möhtərəm Hadı Rəcəbli cənablarının neçə illərdir apardığı araşdırmalarının deyəsən, nəticəsidir. Bilmirsən, ağlayasan, ya güləsən.

Baxın, ən azından belə başabəla millət qayğısı çəkənlərdən can qurtarmaq üçün inqilab lazımdır. Görün, bu deputatlarımız kimlərdən örnək götürürlər? Mən bir balaca araşdırma apardım, axırıncı dəfə sterilləmə (axtalama) fikrini ortaya atıb həyata keçirən Hitlerin “faşist” Almaniyası olub. O da öz vətəndaşlarının maddi vəziyyətinə görə yox, ağıl qüsurluluğuna görə. Amma bizdə gör müştəbehlik nə dərəcəyə qalxıb ki, bu xalqın halal sərvətləri ilə varlananlar artıq bu xalqın yaşamasını, artmasını istəmirlər. Axı niyə də istəsinlər?! Bunlar elə bilir ki, bu vətənin, bu dövlətin nəyi varsa, onlar üçündür. Dəyişiklik istəyənlərə isə bir gülünç və bəsit arqument gətirirlər. “Təzə gələnlər basıb yeyəcək, dağıdacaqlar”. Bunların düşüncə səviyyəsi bu qədərdir. Çünki onlar hakimiyyət vertikalını ancaq xalqı və dövləti soymaq, varlanmaq üçün bir vasitə hesab edirlər. Ona görə də istər iqtidar mətbuatında, istərsə bəzi “müxalifət” mətbuatında inqilab deyəndə allerjik reaksiya görürük. Hamı da stabillikdən və bu stabilliyin pozulmasından danışır. Əgər bu 17 ildə torpaqların 20 faizi və atəşkəs rejimində oğullarımızı itirmək hesabına stabillikdirsə, əgər iqtisadi inkişafdan danışan bir dövlət öz vətəndaşlarının əmanət kassalarında batmış pullarını qaytara bilmirsə, pensiyaçıların pensiyasını dilənçi səviyyəsində saxlayırsa, vətəni və dövləti uğrunda müharibədə əlil olmuş vətəndaşlarını səfil gündə yaşadırsa, bu nə stabillikdir? Ola bilər kı, millətin məhv olması kimlər üçünsə stabillik sayılsın. Bax bu düz olar və möhtərəm deputatımızın dediyi də bu fonda məntiqə sığır. Onda həqiqətən inqilab lazım deyil. Onsuz da stabil məhvə gedirik. Doğrudan da bu ağılsız müxalifətin sözünə qulaq asıb stabilliyı pozmağa dəyməz. Axı biz həm də “fatalist” xalqıq. Deməli, alnımıza belə yazılıb.

YAŞASIN BATAQLIQ!

İ.S. Çoxlarının 70-80-ci illərdə tərənnüm edilən stabillik yadındadır. O zaman bu stabilliyi tərənnüm edənlər indikilərdən heç də fərqli deyildilər. Korrupsioner və rüşvətxor məmurlar, onların qulluğunda olan dövlətin bütün gücü, onları qoruyan qanunlar və onları, onlar kimiləri tərənnüm edən növbətçi yaltaqlar ordusu!..
Amma onlar sovet imperiyasını dağıtdılar!..

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button