Hafiz Babalının həbs müddəti artırılıb

Yayımlandı: 9 İyul 2024 16:51

Jurnalist qərara etiraz edib

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən daha biri – “Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalının istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb.

İyulun 9-da Xətai Rayon Məhkəməsində prokurorun bununla bağlı təqdimatına baxılıb.

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edərək bildirib ki, istintaq davam edir, müəyyən istintaq hərəkətləri aparılmalıdır.

Bu müddətdə Hafiz Babalının həbsdə saxlanması məqsədəuyğundur. Çünki həbsdən buraxılsa, istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Bu səbəbdən də onun haqqında həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır.

Hafiz Babalı və vəkili Rəsul Cəfərov təqdimata etiraz edib, onun təmin olunmamasını istəyib.

Hafiz Babalı bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı əsassızdır.

O vurğulayıb ki, həbsinin səbəbi jurnalist fəaliyyəti, korrupsiya ilə bağlı araşdırmalarıdır.

Vəkili də onun təqsirsiz olduğunu bildirib. Eyni zamanda, Hafiz Babalının səhhətindəki problemləri hakimin nəzərinə çatdırıb.

Müdafiəçi deyib ki, Hafiz Babalının görmə qabiliyyəti məhduddur, bu səbəbdən ona əlillik təyin olunub. Üstəlik, damar xəstəliyindən əziyyət çəkir.

Rəsul Cəfərov müvəkkilinin istintaq dövründə ev dustaqlığına buraxılması üçün vəsatət verib.
Lakin hakim onun vəsatətini təmin etməyib.

Prokurorun təqdimatı isə təmin olunub – Hafiz Babalı haqqında həbs qətimkan tədbirinin müddəti sentyabrın 20-nə qədər uzadılıb.

Vəkil bildirib ki, Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Bundan öncə “AbzasMedia” işi üzrə həbsdə olan digər jurnalistlərin də haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button