HAKİM Ə.ZEYNALLININ MƏTBUAT ŞURASI İLƏ MƏHKƏMƏSİNDƏ TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF ETDİ

915630.08.2013

Mətbuat Şurasının məhkəməyə təhkim etdiyi nümayəndələr buna etiraz etmədiklərini desələr də, qəti qərar verməkdə çətinlik çəkdilər.

Ə.Zeynallı: “Əgər Mətbuat Şurası “Xural” qəzetinin adını siyahıdan çıxararsa, barışıq üçün nə problem qalır ki?”

Fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı bu gün Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə məhkəmə iclası keçirildi.

Hakim M.Sadıqov məhkəmənin ilk dəqiqəsində tərəflərə barışıq təklif etdi. Ə.Zeynallı “Xural” qəzetinin adı MŞ-nın məlum siyahısından  çıxarıldığı təqdirdə barışıq üçün heç bir problemin qalmadığını söylədi. MŞ-nın səlahiyyətli nümayəndəsi Müşviq Ələsgərli bu hadisədən sonra kifayət qədər müddət keçdiyini nəzərə alaraq, müəyyən şərtlər əsasında barışığa getməyin mümkünlüyünü qeyd etdi. Ə.Zeynallı tərəfindən heç bir şərti qəbul etmədiyini söylədi. Bundan sonra hakim qanuna əsasən ilk olaraq iddiaçı “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının müdafiə tərəfinə söz verdi. Məhkəmədə vəkil E.Sadıqov iştirak etmədiyindən Ə.Zeynallı öz hüquqlarını özü müdafiə etdi. Ə.Zeynallı 2011-ci ilin avqust və sentyabr aylarından başlayaraq, Mətbuat Şurasının (MŞ) xüsusi sifariş əsasında “Xural” qəzetinə qarşı başladığı biabırçı kampaniyanın detallarını açıqladı. Onun sözlərinə görə, əslində bu kampaniya 1 il əvvəldən – 2010-cu ilin iyun ayınından sonra, qəzet PA rəhbəri Ramiz Mehdiyev tərəfindən məhkəməyə verildikdən sonra başlamışdı: “Biz görmüşük ki, dünyanın istənilən ölkəsində gündəlik nəşrə başlayan bir mətbu orqanı hansısa mətbu təşkilat təbrik etsin. Biz sentyabrın 20-də gündəlik nəşrə başladıq, MŞ mətbuatda haqqımızda nüfuzumuza xələl gətirəcək bəyanatla çıxış etdi və qəzeti qara siyahıya saldığını elan etdi. Əflatun Amaşov özü də etiraf edirdi ki, 1 ay ərzində “Xural” qəzetilə bağlı guya ardıcıl olaraq 6 şikayət daxil olub və MŞ-nın tarixində bu cür hadisə ilə rastlaşmayıblar. Biz bu prosesdə o şikayətləri bir-bir araşdıracağıq və ortaya əsl həqiqətlər çıxacaq. Amma MŞ-nın “Xural” qəzetini siyahıya salmasının heç bir əsası olmayıb və bu sifariş əsasında yerinə yetirilib.” MŞ-na təqdim olunan şikayət ərizələrinin tərtibatindan tutmuş, onların büdcə təşkilatları tərəfindən maliyyələşən qurum olmasına qədər bütün məsələlərə proses zamanı diqqət yönəldiləcəyini xatırladan Ə.Zeynallı əsas məqama toxundu. O “Xural” qəzetinin MŞ yarandığı gündən onun nəinki üzvü olmadıqlarını, hətta onun müstəqil mətbuatın məhv edilməsi üçün yaradıldığını qeyd etdi. Belə bir təşkilatın yaradılmasının hər zaman əleyhinə olmuşam. Müstəqil mətbuat heç bir quruma tabe olmamalıdır. Dövlətin qanunları var və biz o qanunlara riayət edirik. O zaman Mətbuat Şurası kimin nəyinə lazımdır” deyən Ə.Zeynallı MŞ-nın əsasnaməsinə son illərdə salınan bir maddə haqqında da danışdı. Baş redaktor bildirdi ki, 2003-cü ildə qeyri-hökümət təşkilatı kimi, bir qrant layihəsi olaraq yaradılmış Mətbuat Şurasının nizamnamə və məramnaməsində belə bir maddə olmayıb. Amma sonralar əlavə olunub ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən bütün KİV-nin fəaliyyətinə nəzarətini MŞ üzərinə götürür: “Biz heç bir zaman MŞ-nı qəbul etməsək də, prezident İlham Əliyevin bu quruma xüsusi səlahiyyətlər tanımasından sonra, biz də düşündük ki, madam ki, dövlət başçısı bu qurumu sayır, o zaman biz də bəzi məqamlara loyal yanaşmalıyıq. Bu da o zaman ola bilər ki, MŞ-nın mətbuatla bağlı çıxardığı qərarlar ədalətli olsun. Biz hər zaman MŞ-nın ədalətsizliklərilə üzləşmişik. Bütün bizə qarşı olan sənədlərin altında da Əflatun Amaşovun şəxsi imzası var. O zaman biz bu qurumla necə hesablaşa bilərdik? Mətbuat Şurası qzeti qara siyahıya salmazdan əvvəl özünün qəbul etdiyi əsasnamənin bütün bəndlərini pozub. Haqqımızda bu hadisələrdən bir il əvvəl Rauf Arifoğlu da MŞ-na şikayət etmişdi. Lakin biz sonradan danışdıq və məsələni yoluna  qoyduq. R.Arifoğlu şikayət ərizəsini geri götürdü. Sonra məlum oldu ki, guya MŞ bu məsələ ilə bağlı mənə 184 saylı xəbərdarlıq edib. Başa düşə bilmirəm, əgər iddiaçı ərizəsini geri götürürsə, məhkəmə cavabdehə necə cəza kəsə bilər? Məni o zaman rahatlaşdırdılar ki, bu xəbərdarlığın heç bir hüquqi əsası yoxdur, sonradan məlum oldu ki, bunlar həmin xəbərdarlığı əllərində silah edib, mənə qarşı istifadə edəcəklər ki, bax, görürsünüz, biz bu adama nə qədər xəbərdarlıq etsək də, o sivil yolla barışığa getmək istəmir, o zaman qəzeti cəzalandırmaq lazımdır. Belə də etdilər. Yəni bu məsələdə zərərçəkən tərəf “Xural” qəzeti olub”. MŞ-na daxil olanşikayət ərizələrinin eyni mərkəz tərəfindən hazırlandığını, “Xural” qəzetinin 5 sentyabr tarixində gedən materialın eynilə 100 min tirajı olan “Yeni Müsavat” qəzetində dərc olunmasına baxmayaraq, məhz “Xural” qəzetinin hədəfə götürülməyini də Ə.Zeynallı sifariş adlandırdı. Bundan sonra vəsatətlərini hakimə təqdim edən baş redaktor, R.Arifoğlunun, V.Mahirqızının, Q.Çaxmaqlının, Ə.Amaşovun, M.Əliyevin, Q.Zahidin məhkəməyə şahid qismində dəvət olunması və, MŞ-na daxil olan 5 şikayət ərizəsinin yazılmasına səbəb olan məqalələrin müstəqil ekspertlərin araşdırılmasına verilməsini istədi. Cavabdeh tərəfin hüquqşünası Şəmsəddin Əliyev MŞ-nın leksikonunda “reket” ifadəsininolmadığını desə də, Ə.Zeynallının, “o zaman MŞ-nın Reket jurnalistikayla mübarizə Komissiyasının fəaliyyəti nədən ibarətdir?” sualına cavab verə bilməyib. O baş redaktorun iddialarının əsassız olduğunu bildirsə də, bunu sübut etməkdə çətinlik çəkib.

Məhkəmə sentyabrın 2-si saat 11:00-dək təxirə salındı.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi işə ədalətli baxmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar.   

 XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button