Hakim Ə.Zeynallının “Mətbuat Şurasından 1 manat təzminat alınaraq hakimə verilməsi” iddiasını başa düşmədiyini dedi

evez mehkeme 25 07 201221.07.2014

Ə.Zeynallı: “Onsuz da Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaqsınız. Vəkilin gəlib-gəlməməsinin nə əhəmiyyəti var. Qərarınızı verin, çıxaq gedək “.

Hakim İslam Əliyev: “Mən başa düşə bilmirəm ki, siz əgər mənəvi ziyana düşmüsünüzsə nə üçün iddia tələbində Mətbuat Şurasından 1 manat təzminat alınaraq hakimə verilməsini istəmisiniz?”

 

Iyulun 21-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyilə “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı.

Prosesdə iddiaçı “Xural” qəzetinin hazırda siyasi motivlərlə həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqov boğazından əməliyyat olunduğu və danışa bilmədiyi üçün iştirak etməyib. Məhkəmə heyəti vəkilin iştirakı olmadan prosesin necə davam etdirilə biləcəyi ilə bağlı tərəddüdlərinə Ə.Zeynallı “Onsuz da Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaqsınız. Vəkilin gəlib-gəlməməsinin nə əhəmiyyəti var. Qərarınızı verin, çıxaq gedək ” deyib və əlavə edib ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı qətnamədə bildirilir ki, guya proses zamanı iddiaçı tərəf dəlil-sübut və şahid təqdim etmədiyindən iddia təmin olunmayıb. Halbuki prosesdə kifayət qədər dəlil-sübut təqdim olunub və şahidlər dindirilib: “Az qala kor olmaq lazımdır ki, o qədər faktın qarşılığında bu cür qətnamə hazırlayasan. Görünür ona görə, BAM-nin hakimi Cəmilə Səfiyeva başını məhkəmədən götürüb qaçdı. “

Hakim İslam Əliyev bildirdi ki, vəkil iclasda iştirak etmədiyindən iddiaçını dinləyə bilməz. Buna baxmayaraq, hakimin “Mən başa düşə bilmirəm ki, siz əgər mənəvi ziyana düşmüsünüzsə nə üçün iddia tələbində Mətbuat Şurasndan 1 manat təzminat alınaraq hakimə verilməsini istəmisiniz?” – sualına Ə.Zeynallı “Bu işə siz Azərbaycanın ədliyyə sisteminin şərtləri altında elə baxırsınız. Sabah iş Avropa Məhkəməsinə gedəndə mənim iddia tələbim daha ciddi dəyərləndiriləcək. Söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir…” dedi.

Beş dəqiqəlik müşavirədən sonra Ali Məhkəmənin Məhkəmə Kollegiyası “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı.

Xatırladaq ki, 2014-cü il fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi “Xural” qəzetinin həbsdə olan redatoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı mülki iddiasını təmin etməyən Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məlumat üçün bildirək ki, Ə.Zeynallı Mətbuat Şurasının 2011-ci ilin sentyabrında qəbul etdiyi “Xural”ın “qara siyahıya” daxil edilməsi haqqında qərarının qanunsuz hesab edilməsini istəyib. İddiaçı bunun qəzetin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşılması haqqında xüsusi qərar çıxarmağı xahiş etmişdi.

Baş redaktor həbsindən 1 ay əvvəl  Mətbuat Şurasının qəzetin işgüzar nüfuzuna ziyan vuran qərar qəbul etməsini “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Azərbaycan məhkəmələri işə ədalətli baxmadığı təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir.

QEYD: Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button