HAKİM M.SADIQOV MƏTBUAT ŞURASININ MARAQLARINA XİDMƏT ETDİ- FOTO

402.09.2013

Hakim Ə.Zeynallıya əvvəlcə, “yazın, amma kimdir sizin sözünüzə qulaq asan” dedi, ardınca iddiasının təmin olunmaması ilə bağlı qərar çıxardı.

Ə.Zeynallı: “Siz hansı əsaslarla ciddi mətbuatda yeri olan, 9 illik fəaliyyəti olan bir qəzeti “qara siyahı”ya sala bildiniz?”

M.Ələsgərli: “Mətbuat Şurası heç vaxt “Xural” qəzetini “reket” qəzet elan etməyib”

Fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı bu gün Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə keçirilən məhkəmə iclası başa çatıb.

Prosesdə Əvəz Zeynallıının vəkili Elçin Sadıqov iddia ərizəsinə əlavələri məhkəməyə təqdim edib. Qeyd edək ki, iddiada MŞ-nin “Xural” qəzetinin “qara siyahı”ya salınması ilə bağlı protokolunun və xüsusi rəyin ləğv edilməsini, işgüzar nüfuza vurulmuş zərərlə bağlı maddi təzminat ödənilməsini istəmişdi. İddiaya əlavədə isə “Xural” qəzetinə qarşı 2010-cu ildə edilmiş xəbərdarlığın qanunsuz hesab edilməsi, MŞ rəhbərliyi vəzifə səlahiyyətlərini aşdığına görə barələrində xüsusi qərardad çıxarılması və MŞ rəhbərliyindən 1 manat tutularaq Bakı Ağır Cinayətlər Məhkməsinin hakimi Rfamella Allahverdiyevaya ödənilməsi xahiş edilib. Baş redaktor həmçinin MŞ rəhbərliyi bu quruma üzv olmayan “Xural” qəzetini “qara siyahı”ya salmaqla səlahiyyətlərinin aşdığını və məhkəmədən onların “vəzifə səlahiyyətlərini aşma”sı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etdi. O cümlədən MŞ, rəhbərliyindən 1 manat tutularaq, Ə.Zeynallının barəsində 9 il azadlıqdan məhrumetmə cəzası çıxarmış Ramella Allahverdiyevaya ödənilməsini istədi.

Mətbuat Şurasının nümayəndəsi Şəmsəddin Əliyev iddiaya əlavəyə münasibət bildiriərkən qeyd edib ki, əgər şikayətçi şikayətini geri götürdüyü halda xəbərdarlıq edilibsə, bu xəbərdarlığın hüquqi əsası yoxdur. “Vəzifə səlahiyyətlərini aşma” hissəsi ilə bağlı isə vəkil qeyd edib ki, MŞ QHT olduğu üçün onun rəhbəri vəzifəli şəxs sayılmır. O həmçinin 1 manat tutularaq Ramella Allahverdiyevaya ödənilməsi ilə bağlı əlavəyə də etirazını bildirib və qəbul etmədiklərini vurğulayıb. Əvəz Zeynallı isə dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışanların “vəzifəli şəxs” statusunda olduğunu və MŞ-nın sədri Ə.Amaşovun da vəzifəli şəxs qismində  qərarlar çıxardığını məhkəmənin diqqətinə çatdırdı: “O zaman mənə niyə “vəzifəli şəxs” damğasını vurub, korrupsiya maddəsilə 9 il hökm oxudunuz. Ə.Amaşov vəzifəli şəxs deyilsə, o zaman bir qəzetin baş redaktoru necə olur ki, vəzifəli şəxs olur? MŞ məndən fərqli olaraq ictimai qınaq yaradır və onun qərarları, bizdə dərc oklunan məqalələrdən daha kəsərli olmalıdır. Onda 311-ci maddə mənə yox, büdcənin pulunu dağıdan bu quruma şamil edilməlidir. İndi bir il də gözləyək, Korrupsiya İdarəsi ora əməliyyatçılar göndərsin?”

Proses zamanı Ə.Zeynallı vəsatət qaldıraraq, Mətbuat Şurası İdarə Heyətinin üzvləri V.Mahirqızının, A.Abbasın, Q.Çaxmaqlının və R.Məcidin şahid qismində məhkəməyə dəvət olunmalarını istədi. Ə.Zeynallının sözlərinə görə, bu adamlar “Xural” qəzetinin “qara siyahıya” salınması məsələsində MŞ İH-nin məlum toplantısında iştirak etmədiklərini, qərarın onların  iştirakı olmadan qəbul edildiyini şəxsən ona bildiriblər.  İkinci vəsatət isə MŞ-nın “peşə davranış qaydalarını pozmaqda” ittiham etdiyi məqalələrin müstəqil ekspertlər tərəfindən araşdırmaya verilməsilə bağlı idi. Əvəz Zeynallı üçüncü vəsatətini də təqdim etdi. O, Əflatun Amaşov və Vüqar Rəhimzadənin 2011-ci ilin həmin dövrü üçün mobil telefon zənglərinin və sms-lərin çıxarılması üçün məhkəmənin qərar çıxarmasını xahiş etdi. “Həmin zənglərə və sms-lərə nəzər salsaq görəcəyik ki, sifariş hardan gəlib” – deyə Əvəz Zeynallı əlavə edib. MŞ nümayəndəsi Ş.Əliyev vəsatətə etiraz edərək, bu məlumatların insanların şəxsi toxunulmazlığının pozulması kimi qiymətləndirib. Hakim vəsatətlərə proses müddətində baxılacağını söyləsə də, sona qədər buna münasibət bildirmədi. Bundan əvvəl isə Ə.Zeynallı çıxışında “Xural”ın məsələsinin Azərbaycanın azad mətbuatının məsələsi olduğunu diqqətə çatdırdı. 2011-ci il sentyabrın 19-da MŞ tərəfindən qəzetin qara piarına istiqamətlənmiş məlum bəyanatını da həbsinin tərkib hissəsi kimi dəyərləndirdi: “Biz heç bir zaman qeyri-hökumət qurumu kimi ƏN-dən qeydiyyatdan keçmiş Mətvbuat Şurasının üzvü olmamışıq. Üzvü olmadığımız bir təşkilatın Nizamnaməsilə də tanış olmamağımız təbiidir. Lakin MŞ-nın iddia etdiyi kimi də, heç bir zaman jurnalistlərin etik davranış qaydalarını pozmamışıq. Hər bir addımımız  bu ölkənin KİV haqqında qanununun maddələrinə uyğun olaraq aparılıb. O zaman MŞ-na nə düşmüşdü ki, “Xural” qəzetinin cəmi 1 ay müddətində dərc olunan saylarından şikayətçilər toplayaraq, özlərinin əsasnaməsinə zidd, tələsik Şikayətlər Komissiyasının sifarişli rəyi ilə haqqımızda yanlış qərar çıxarırdılar? Siz hansı əsaslarla ciddi mətbuatda yeri olan, 9 illik fəaliyyəti olan bir qəzeti “qara siyahı”ya sala bildiniz? Ona görə deyirəm ki, bu proses əgər ədalətli keçirilsəydi, o zaman Müşviq Ələsgərli yox, bura Əflatun Amaşov, Bəxtiyar Sadığov gəlməli idilər. Çünki “Xural”a qarşı bu qara piarın əsas icraçıları onlardırlar.”

M.Ələsgərli Ə.Zeynallının MŞ-na qarşı qaldırdığı iddiaları əsassız saydığını dedi. Onun sözlərinə görə, “Xural” dərc etdiyi yazılarda peşə-davranış qaydalarını pozub. Ə.Zeynallı öz jurnalistlik fəaliyyəti dövründə, hələ MŞ yaranmamışdan əvvəldə heç bir zaman peşə-davranış qaydalarının tərəfindən pozulmadığını, əksinə Peşə kodeksinə hörmətlə yanaşdığını dedi. Daha sonra MŞ-nın 2010-cu ildə “Xural”a edilən 184 saylı “xəbərdarlığ”ına da baş redaktor aydınlıq gətirdi: “Bizi Rauf Arifoğlu 2010-cu ildə MŞ-na şikayət rtmişdi. Biz  danışdıq, ümumi razılığa gəlib, barışdıq və “Yeni Musavat”ın baş redaktoru şikayətini geri götürdü. Səhər mətbuatdan oxudum ki, guya MŞ bu məsələ ilə əlaqədar mənə 184 saylı xəbərdarlıq edib. Marağınız nə idi? Adam şikayətini geri götürürsə, sizin içinizdə qalan bu qədər kin-küdurət nədir ki, həmin məsələyə görə guya mənə etdiyiniz  “xəbərdarlığı” bu günə qədər əlinizdə bayraq eləmisiniz və mənə qarşı istifadə edirsiniz? Hüquqda da belə şey yoxdur ki, iddiaçı məhkəmədən ərizəsini geri götürsün, hakim cavabdehə bu işlə bağlı xəbərdarlıq etsin. Ona görə də qurumu belə idarə edirsiniz də…  Ə.Amaşov Trend-ə verdiyi müsahibədə iddia edir ki, MŞ tarixində bir həftədə 6 lşikayətin daxil olması hadisəsilə qarşılaşmayıb. Bizim hər sayımızdan od püskürürdü. İstənilən an, istənilən yazının subyektini çağırıb, Ə.Həsənovun tapşırığı ilə şikayət ərizəsini yazdıra bilərdiniz, bu səlahiyyətlərinizdən istifadə edərək də yazdırdınız. Yazmışıq ki, Lənkəran Universitetinin prorektoru tələbələrdən 400-500 manat rüşvət yığır. Bu adam guya haqqımızda sizə şikayət edir və MŞ inun ərizəsini qəbul edir. İlyarım sonra bu adam bizim dəfələrlə müraciət etdiyimiz Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyev əməliyyat keçirir və Q.Ağayev 400 manatı udanda, boğulub ölməkdən onu əməliyyatçılar qurtardılar. “Azərbaycan” nəşriyyatından yazmışıq. Mətbuat prospekti uzaqda deyil və həmkarlarımız çox gözəl bilirlər ki, bu haqda nə yazmışıqsa, düz yazmışıq. Qərar verməzdən əvvəl yoxlamalı idiniz. “Bilgəh” sanatoriyasında şəxsən özüm olmuşam və hər şeyi gözümlə görüb yazmışam. Digər “şikayətçi”niz də mənə qarşı iddialı ola bilməz, çünki, o yazıları yazan adamlar həmin rayonun sakinləridirlər, imzaları, şəxsiyyətləri məlumdur. Əgər sifariş deyildisə, o zaman bizdən nə istəyirdiniz? Dünyanın inkişaf etmiş dövlətlərinin mətbuatla bağlı alternativ qurumları belə situasiyalarda hər zaman mətbu qurumun yanında olurlar, onun maraqlarını qoruyurlar. Çünki azad mətbuatın 4-cü hakimiyyət olduğunu sizdən fərqli olaraq daha yaxşı dərk edirlər. Azərbaycanın Mətbuat Şurası isə müstəqil, azad mətbuatı qətl etmək, susdurmaq üçün alətə çevrilib.” M.Ələsgərli, MŞ-nın “reket” siyahısının olmadığını iddia etdi.

Onun sözlərinə görə, iddiada “Xural”nin “reket qəzetlər” siyahısına salındığı göstərils də, bu yanlış fikirdir. “MŞ peşə-davranış kodeksinə əməl edilməməsinə görə qəzetləri “qara siyahı”ya salır. Rüşvət alma, şantaj elementləri olduqda isə qəzet “reket” siyahısına salınır. Bu praktika 2008-ci ildən 2010-cu ilə kimi olub. Hazırda isə rüşvət və şantajla bağlı şikayətlərə ayrıca komissiyada baxılır və hüquq-mühafizə orqanlarına yönəldilir. “Xural” qəzeti isə “reket” yox, “qara siyahı”ya salınıb. Yəni bu qəzet barəsində şukayətlər peşə kodeksinin pozulması ilə bağlı olub. MŞ səlahiyyətlisi AR CM-də “reketçilik”ləbağlı xüsusilə ağır cinayət maddəsinin olduğunu xatırlatdı və cəmiyyətdə bu termin eynilə qəbul olunmasın deyə, MŞ “reket” ifadəsinin dırnaqiçində işlədib. Ə.Zeynallı bir daha MŞ-da hüquqşünasın faydalı məsləhətlərinin dinlənməməsi səbəbilə bu qurumun bu vəziyyətə düşdüyünə diqqət çəkdi. O bildirdi ki, heç bir halda mətbuatın maraqlarını müdafiə etmək məqsədilə yaradılmış bir qurum azad mətbuatın başı üzərində “Demokl qılıncı”na çevrilə bilməz. Müstəqil mətbuatın iztər özü-özünü tənzimləməsi, istərsə, dövlətin mövcud qanunlarına riayət etməklə fəaliyyət göstərməsi yetərlidir ki, bu orqan heç bir qurumdan asılı olmayaraq fəaliyyət göstərsin: “Mətbuat Şurası hər zaman “Xural” qəzetinə qarşı qərəzli münasibətdə olub. Hər bir zaman biz barışığa meyilli olsaqda, bu qurumda özümüzə dost hesab etdiyimiz insanlar çalışsalar da, ən çətin zamanlarda bir telefon zəngi ilə əleyhimizə qərar çıxarıblar. Haqqımızda çıxardıqları qərarlar o qədər tələsik olub ki, öz əsasnamələrinin bütün maddələrini pozaraq, ona riayət etməyiblər. Burada nə danışmaqlarından asılı olmayaraq, MŞ səlahiyyətliləri də, onlardan yuxarıda duran mətbu kuratorlar da əsl həqiqətin nə olduğunu bizdən daha yaxşı bilirlər. Hətta bu məhkəmə prosesində də hakimin hansı qərar çıxaracağını bizdən daha yaxşı bilirlər. Biz də bildiyimizi bilirik. Sadəcə lazımı hüquqi prosedurları keçib, burada hüquqlarımızı müdafiə edirik. Azərbaycanda həqiqəti qulaqardına vuracaqlar, işi Avropa Məhkəməsinə göndərəcik. Onlarda daədalət görməsək, Haqqın ədalətinə müraciət edəcik. Kimin mənin həbsimdəxırda da olsa barmağı olubsa, Allah onun  cəzasını versin. Mən ədalətin harada olduğunu sizlərdən fərqli olaraq daha yaxşı bilirəm.” Ə.Zeynallı dünyasını dəyişmiş Şahin Ağabəyli və Ceyhun Nağının ailəsinə olan soyuq, etinasız münasibətində səbəbini soruşdu: “KİV DF ev paylayanda oğullarına, bacı-qardaşlarına təkrar ev alan jurnalistlərin siyahısına niyə bu iki jurnalistin də ailəsinin adı salınmamışdı. Bu ailələr ailə başçılarını itirdilər, hələ də kirədə yaşayırlar. Mətbuat Şurası niyə bu məsələlərə baxmır, niyə bu problemləri həll etmir?”

Müşfiq Ələsgərli ilə Əvəz Zeynallı arasında tez-tez mübahisə yarandığına görə, hakim dəfələrlə Əvəz Zeynallıya xəbərdarlıq etdi. M.Sadıqovun Ə.Zeynallının sözünü tez-tez kəsməsi, yersiz olaraq fasilələr elan etməsi, baş redaktoru əsəbləşdirdi və o hakim M.Sadıqovun məhkəməni idarə etməsilə bağlı Nərimanov rayon məhkəməsinin sədrinə müraciət etdi. Hakim M.Sadıqov, “yazın, amma kimdir sizin sözünüzə qulaq asan” desə də, etirazın yazılı şəkildə təqdim edilməsi üçün növbəti dəfə fasillə elan etdi. Fasilədən sonra Əvəz Zeynallının Nərimanov rayon məhkməsinin sədri Tofiq Paşayevə ünvanlanmış yazılı etirazı hakimə təqdim edib. Etirazda hakimin qərəzli şəkildə iddiaçının və vəkilnini sözünü kəsməklə, mövqe nümayiş etdirdiyinə və bununla da iddiaya obyektiv qərar çıxaracağına şübhə yaratdığı vurğulanır və işin başqa hakimə verilməsi xahiş olunurdu.

Nə Ə.Zeynallının vəsatətləri, nə də etiraz məktubu baxılmadan hakim M.Sadıqov prosesin başa çatdığını bildirdi. Qısa fasilədən sonra MŞ-nın “Xural” qəzetinə etdiyi 184 saylı xəbərdarlıq ləğv olunmaqla, digər iddialarının təmin olunmadığını elan etdi.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi işə ədalətli baxmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar.   

QEYD: Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsilə – Dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın əsassız, fakt və dəlil-sübutsuz şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur. Yuxarı instansiya məhkəməsi baş redaktorun apellyasiya şikayətini təmin etməyib. Əvəz Zeynallının özü, həmçinin bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

XuralTAC

 567810

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button