“Xural” daha 50 min manat cərimələndi

Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva

13.02.2012

Sevinc Quliyeva Tlexurayın şərəf və ləyaqətini ölkənin faktiki ikinci adamından 5 dəfə artıq dəyərləndirdi

Yanvarın 23-də Nərimanov rayon məhkəməsi “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın 150 min manatlıq iddiasını qismən təmin edərək, “Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallını daha 50 min manat cərimələndirdi. Bu məbləğ Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin “Xural”a qarşı qaldırdığı 10 min manatlıq iddiadan 5 dəfə çoxdur.  Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva “Xural” qəzetinin vəkili olmadan Tlexurayın iddiasını qismən təmin edərək, cəriməni 50 min manat müəyyənləşdirib. Bu haqda məlumat isə vəkilə 20 gün sonra  fevralın 10-da çatdırılıb. Vəkil Elçin Sadığov məhkəməyə etirazını bildirərək, qarşı tərəfin məhkəmədə iştirak etmədən hakimin qərar çıxarmasını qanunsuz sayır: “Mənim əlaqə telefonlarımı respublikada hər kəsdən tapmaq mümkündür. Onlar hökm xəbərini mənə hansı yolla çatdırdılarsa, eyni qaydada da məhkəmənin keçiriləcəyi günü çatdıra bilərdilər. Çünki bütün ölkə yaxşı bilir ki, “Xural” qəzetinin redaksiyası əvvəlki ünvandan çıxarılıb. “Xural”ın internet saytı var. Ən azı yeni ünvanı və əlaqə telefonunu oradan götürmək məhkəmə üçün çətin olmamalı idi. Görünür, “Xural”a qarşı sifariş oldugundan və Sevinc Quliyevanın hakim kimi işə baxmağına qarşı vəsatət qaldıracağımızı bildiklərindən bizim tərəfin məhkəmədə iştirakını uygun görməyiblər. ” Vəkil bu qərarla bağlı Apellyasiya Məhkəməsinə müraciət olunacağını bildirdi.

Xatırladaq ki, bu ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz  pivə  istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqlələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib.  Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, ana ofisi Sankt-Peterburqda olan şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı  məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. “Bu günə qədər 15 KamAZ dolusu pivə geri qayıdıb. Əsasən, 2.5 litrlik “Əfsanə” pivələrini qaytaran KamAZ-larda onlarla ton keyfiyyətsiz pivələr daşınır” deqən mənbə onu da bildirib ki,  “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Həmişə zavod rəhbərliyi asan yolunu tapmışdı. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarırdı. İndi buna imkan yoxdur. Ramazan günləri münasibətilə pivə bazarında ciddi sıxıntı var. Satışda ciddi azalma olduğu üçün qayıdan pivələri pivəbişirmə çənlərinə tökə bilmirlər. Bütün pivə çənləri doludur. KamAZ dolusu qayıdan xarab pivələri boşaltmağa yer yoxdur.” Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir.

“Xural” məsələyə münasibət öyrənmək üçün “Baltika-Bakı” MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovla əlaqə saxlamış, o da həqiqətən 15 KamAZ pivə zavodun həyətinə daxil olduğunu və  Sankt-Peterburqdan gələn komissiyanın “Baltika Bakı” MMC-də yoxlama apardığını təsdiqləmişdi.

Bundan sonra dəfələrlə A.Tlexuray “Xural”ın rəhbərliyi ilə əlaqə saxlayaraq MMC haqqında qəzetin səhifələrində heç bir məlumatın getməməsinə çalışmış, lakin redaksiyadan, “millətimizi zəhərləməyə heç kimin haqqı yoxdur, Gedin keyfiyyətli məhsul istehsal edin, biz də yazmayaq” cavabını alandan sonra, əlləri hər yerdən üzülərək gözləmə mövqeyi tutmuşdular. “Xural” qəzetinin əmlakı müsadirə olunandan sonra Tlexurayın dəstəsi məsələni yenidən qaldırmış, məhkəmədə “Xural”a qarşı 150 min manatlıq iddia qaldıraraq, qisas almağa çalışmışdılar. Lakin baş redaktor Əvəz Zeynallının həbsindən və “Xural”ın fəaliyyəti dayandırıldıqdan sonra məsələ bir qədər səngimişdi. Əvəz Zeynallının istintaq müddəti daha 2 ay 25 gün artırılandan sonra köhnə məhkəmə işləri yada düşür və Sevinc Quliyeva dərc olunmayan qəzetin yenidən cəzalandırılması üçün daha aktiv fəaliyyətə keçir.

HAŞİYƏ: Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva, artiq üçüncü dəfədir ki, “Xural”la bağlı sorğu-sualsız və ədalətsiz hökm çıxarır, bağıra-bağıra 6 dəqiqəyə 30.000 işarəlik qərar çıxararaq Nüşabə Ələsgərliyə üç ilə 100 manat cəriməni ödəməkdə çətinlik çəkən “Xural”ın bu cəriməsini 3 min manata qaldırır. 19 oktyabr 2011-ci il tarixində Sevinc Quliyevanın sədrliyi ilə keçən məhkəmədə “Xural” qəzetinin əmlakının həbs edilməsi və tələbin həmin əmlaka yönəldilməsi barədə qərar qəbul edilir. Bu dəfə Tlexurayın millətə qarşı yönləndirdiyi “zəhərləndirmək yolu ilə pul qazanmaq” prinsiplərinin müdafiəsinə qalxan Sevinc Quliyeva artıq fəaliyyət göstərməyən bir qəzeti 50 min manat cərimələndirir. Qeyd edək ki, Əvəz Zeynallı bu məsələ ilə bağlı keçirilən cəmi bir iclasda Sevinc Quliyeva ilə bağlı vsatət qaldırmış, onun bundan sonra “Xural”la bağlı işlərə baxmasına etiraz etmişdi. Lakin Sevinc Quliyeva əsassız səbəblər gətirməyə çalışsa da, qarşı təəfin bu məsələdə israr etdiyini görüb, yazılı müraciət etmələrini bildirmişdi. Göründüyü kimi, yuxarıların sifarişini icra edən Sevinc Quliyeva “Xural”ın üzərinə maksimum həddə cərimə yüklənməsi üçün təhkim olunub və o vəzifə səlahiyyətlərindən qərəzli şəkildə istifadə edərək, ədalətsiz hökmlər çıxarmaqda davam edir.

Zəruri qeyd: Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması ilə bağlı 16-cı maddəsinə əsasən, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.3. maddəsinə əsasən, Sevinc Quliyevanın əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində yeni açılmış hallar üzrə işə baxması yolverilməzdir. MPM-nin 19.2.3. maddəsində göstərilir ki, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxmasına qanunla yol verilmir. Hakim Sevinc Quliyevanın “Xural”a qarşı ötənlərdə çıxardığı qərarlara nəzər yetirmək kifayətdir ki, onun obyektivliyinə və qərəzsizliyinə şübhə yaransın. Hər bir halda hakim Sevinc Quliyeva qanunlara əhəmiyyət vermədiyi üçün məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Əlaqəli yazılar:

Putinin şirkəti “Xural”dan 150.000 manat tələb edir! https://www.xural.com/?p=7743

“Xural” qəzetinə qarşı məhkəmə qanunsuzluqla başladı https://www.xural.com/?p=8402

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button