Hakim Tahir İsmayılovun cəzalandırılması tələb olunacaq

"Təzadlar" qəzetinin baş redaktoru Asif Merzili

Asif Mərzili: “Hakim Tahir İsmayılov Elşad Abdullayevin heç bir hüquqi əsasa və mahiyyətə malik olmayan şikayət ərizəsi əsasında mənə qarşı çıxardığı hökmə görə cavab verməlidir…»

“Təzadlar”ın baş redaktoru Asif Mərzili Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılovdan ölkə Prezidentinə, Məhkəmə Hüquq Şurasına, həmçinin Ali Məhkəmə rəhbərliyinə şikayət verəcək.

Bu barədə jurnalistin özü məlumat verdi. Asif Mərzili bunu belə əsaslandırdı ki, bu gün Azərbaycan hakimiyyətini və məhkəmə-hüquq sitstemini ləkələməyə yönəlmiş açıqlamalar verən Elşad Abdullayev 2008-ci ildə “Mahir Abdullayev niyə axtarılmır?” yazısına görə “Təzadlar” qəzetinin baş redaktorunu və qəzetə müsahibə vermiş jurnalist Zümrüd Məmmədovanı məhkəməyə verib: “E.Abdullayevin yalan və hüquqi əsası olmayan, MPM-nin tələblərinə cavab verməyən “Xüsusi ittiham qaydasında” şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılov məni 1 il müddətinə azadlıqdan məhrum edən, Zümrüd Məmmədovanı isə 1 il müddətinə islah işləri cəzasına məhkum edən hökm çıxarmışdı… Sonra Bakı Apellyasiya Məhkəməsi həmin hökmü ləğv etdi və mən azadlığa çıxdım. Apellyasiya Məhkəməsinin qərarında Tahir İsmayılovun kobud qanun pozuntusuna yol verməsi, təqsirləndirilən şəxsin, yəni mənim təqdim etdiyim sübutlar üzərində heç bir məhkəmə araşdırması aparmaması, qanunun tələblərinə cavab verməyən şikayət ərizəsi əsasında hökm çıxarması və s. öz əksini tapmışdı. Hansı ki, sonradan həmin şikayət ərizəsi ilkin məhkəmə baxışına qaytarılmışdı və əsassız olduğu üçün Yasamal rayon Məhkəməsinin qərarı ilə rədd edilmişdi… İndi həmin şikayətin müəllifi olan E.Abdullayev ölkənin hüquq mühafizə sistemini ləkələyən və böhtan atan açıqlamalar verir. Əgər Tahir İsmayılov vaxtında E.Abdullayevin əsassız şikayətinə bəraət qazandırmasaydı və ona haqsız olduğunu sübut edərək şikayətini rədd etsəydi, E.Abdullayev indi belə danışmazdı. Məhz hakim Tahir İsmayılovun həmin əsassız və ədalətsiz hökmündən ruhlanan ABU rektoru sonralar da qanunsuz hərəkətlərindən çəkinməmişdi. Odur ki, hakim Tahir İsmayılov gec də olsa, qanun qarşısında cavab verməlidir. Bunun üçün isə mən ölkə Prezidentinə, Məhkəmə Hüquq Şurasına, həmçinin Ali Məhkəmə rəhbərliyinə şikayət verəcəyəm. Artıq hüquq ekspertləri ilə məsləhətləşmələrimiz var…».

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button