Hakim vəkildən şikayət edib

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Hakim vəkilin özünə də müvafiq məktub göndərib.

“Məktubda bildirilir ki, guya vəkil müdafiə hüququnun pozuntusu görüntüsü yaratmaqla prosesin gedişatına mane olmağa cəhd edib”, – E.Sadıqov bildirib.

Əslində vəkilin və müttəhimin hüquqları pozulub. Qanunvericiliyin tələblərinə zidd olaraq hazırlıq iclası vəkilin iştirakı olmadan keçirilib.

Bundan əlavə, hakim vəkil kimi son olaraq bağladığı 6 hüquqi xidmət müqaviləsi üzrə bilgilərin təqdim olunmasını tələb edib. “Vəkil müqaviləsindəki bilgilər vəkil sirridir. Bunu tələb etmək tamamilə əsassızdır”, – E.Sadıqov qeyd edib.

Şəki Ağır Cinayətlər Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, müstəqil jurnalist Elçin İsmayıllı bu fevralın 17-də saxlanıb. Fevralın 18-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 24 günlük həbs qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə ittiham edilir. Bu maddələrlə onu 8 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.

İttihama görə, jurnalist mədəniyyət və turizm şöbəsinin əməkdaşından pul tələb edib. Sonuncu Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib və jurnalisti həbs ediblər.

Vəkilin sözlərinə görə, iş saxtalaşdırılıb. Jurnalist öz peşə fəaliyyətinə görə həbs edilib.

“Elçin və mədəniyyət şöbəsinin adıçəkilən əməkdaşı bir-birini tanıyır. Jurnalist ondan 1000 manat borc pul istəyib. Görüş zamanı pulu alarkən jurnalisti həbs ediblər”, – vəkil bildirib. (turan)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button