Hakimiyyətə qarşı qruplaşmalar tək-tək susdurulur

3859918.06.2013

“Milyarderlər ittifaqı” kimi məşhurlaşan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun ötən həftə hakimiyyətə ünvanlanmış sərt bəyanatının ardınca prezident İlham Əliyevi dəstəkləyən açıqlama verməsi əbəs deyilmiş.

Hakimiyyət daxilindəki mötəbər mənbənin bildirdiyinə görə, baş nazirin keçmiş birinci müavininə çatdırılıb ki, bəyanatlarında prezidenti hədəfə alan hər hansı ifadəyə, eyhama yol versə, cavabı sərt olacaq. Nəticədə A.Abbasov mətbuat vasitəsilə bəyan edib ki, onun adından yayılan məlumatlar və fərziyyələr əsassızdır. “Milyarderlər ittifaqı”nın rəhbəri prezident İlham Əliyevi özünə yaxın adam hesab etdiyini bildirdi və 15 iyun münasibətilə onu təbrik etdi.

 A.Abbasovun ötən həftə yayılmış yazılı bəyanatında konkret adlar göstərilməsə də, kifayət qədər kəskin mesajların əslində hakimiyyətə yönəldiyini görmək çətin deyildi. Xüsusən onun bəyanatında “korrupsiya və işsizlik kimi ağır sosial problemləri həll etmək əvəzinə özlərinə Rusiyanın timsalında düşmən uydurublar” və “Doğrudanmı sizin seçkilərə başqa arqumentlə getmək imkanlarınız qalmayıb?” kimi siyasi xarakterli ifadələrin kimlərə ünvanlandığı aydın idi. Əslində Abbas Abbasov kimi rusyönlü siyasətçi hesab olunan PA-nın rəhbəri Ramiz Mehdiyevin     çaldığı havaya oynaması hazırkı məqamda siyasətçilərin diqqətindən yayınmır. Hakimiyyətdaxili qruplaşmada üstünlüyü ələ almağa çalışan R.Mehdiyevin prezidentə istiqamətlənmiş sərt və xəbərdarlıq məqsədli mesajlarının məhz A.Abbasovun dilindən bəyan edilməsi, aparat rəhbərinin strategiyasını müəyyənləşdirmiş olur. R.Mehdiyev A.Abbasov xətti ilə Azərbaycan Rusiya münasibətlərinin kəskinləşməsində maraqlıdır. Burada söhbət iqtisadi maraqlardan daha çox, siyasi maraqlardan gedir. R.Mehdiyev zəifləmiş halqaları gücləndirməyə çalışır. Məlumdur ki, prezidentin sözçüsü olaraq Rusiya ilə konkret maraqlar üzərində qurulmuş siyasəti dağıtmaq səlahiyyətində olmayan R.Mehdiyev  “Milyarderlər ittifaqı”nın xətti ilə planlarının həyata keçirilməsində maraqlıdır. Lakin onun hesablamadığı əsas məqamlardan biri də onun özünün adının “korrupsiya” faktlarında hallanması və əslində 10 il əvvəllə müqayisədə gücünün əhəmiyyətli dərəcədə zəifləməsidir. Milli Məclisə deputat kürsüsü üçün “mandat alveri”ndə adı hallanan R.Mehdiyevin A.Abbasovun oğlunun da millət vkili təyin olunmasında əhəmiyyətli rol oynadığı istisna deyil. Bu baxımdan “əl-əli, əl də üzü yuyar” prinsipi əsasında ümumi maraqlar naminə R.Mehdiyevin sifarişlərini həyata keçirən A.Abbasovun kiçik xəbərdarlıqlardan sonra geri çəkilməsi gözlənilən idi.    
Hakimiyyət düşərgəsində də A.Abbasovun bəyanatlarına sərt cavablar verildi. YAP sədrinin müavini onu “nəticə çıxarmağa” çağırdı.
Hakimiyyətin A.Abbasova qarşı müəyyən rıçaqları şübhəsiz ki, mövcuddur. Ən azından onun  Milli Məclisdə deputat olan oğlunun müəyyən biznes aktivlərinin olması da istisna edilmir. Mətbuatda yayılan xəbərlərə görə, A.Abbasovun “Qoca” ləqəbli adamı Gəncədə həbs olunub. Bu həbsin A.Abbasova görə aparıldığı “Qoca”nın ailə üzvləri tərəfindən açıq bildirilib. Hazırkı situasiyada A.Abbasovun o cür sərt bəyanatına kiçik xəbərdarlıqdan dərhal sonra geri çəkilməsi qüvvələr balansında İlham Əliyevin  R.Mehdiyevdən qat-qat güclü olmasının göstəricisidir. 
A.Abbasov hadisəsi ona da dəlalət edir ki, YAP-ın sonuncu qurultayından sonra “Prezidenti hədəfə alma” əmri verilsə də, onun həyata keçirilməsi o qədər də asan olmayacaq. Vaxtilə “Boz kardinal”a güvənən qüvvələr hazırda hakimiyyətin hansı səfində olmasını tam qərarlaşdıra bilməyiblər. O baxımdan da nəzəriyyə ilə təcrübə arasında ciddi dönüşlər ola bilər. Bu gizli savaşda uduzmaq məmurların həyatı hesabına başa gələ bilər. R.Mehdiyevin hələ də hakimiyyətdə önəmli post tutması qəti qərarın verilməsinə önəmli təsir göstərir. Müstəqil ekspertlərin şərhinə görə, aparat rəhbəri vəzifədən təqaüdə çıxdığı andan başlayaraq hakimiyyətdaxilindəki toqquşmalara son qoyulacaq və nələrin baş verdiyi haqda prezident daha çox məlumat əldə edəcək.
Hazırkı hadisə də dediklərimizə sübutdur. “LUKoil” prezidenti Vahid Ələkbərovun da İlham Əliyevi dəstəkləyən açıqlama ilə çıxış etməsi bu məzmunlu mesajların nəticəsidir. Hansı ki, V.Ələkbərov indiyədək siyasi məna verilə biləcək hər hansı açıqlama və ya bəyanat verməmişdi.  Belə görünür ki, hakimiyyətin təzyiq rıçaqlarını işə salması “LUKoil” prezidentini də danışmağa məcbur edib. 
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button