Hakimiyyətin legitimləşmə tezisləri

Elmir Mirzoyev

 İndiki feodalizmdir, gələcəkdə quldarlıq quruluşu quracaqlar…

 “Analogu olmayan”, doğrudan da fenomenal ölkəmizdə, getdikcə daha da intensivləşən neqativ tendensiyaları izləməkdəyik – dərəbəylik, özbaşınalıq, ev uçurmaq, adam şərləmək, və s., qısası feodalizmdən quldarlığa uğurlu keçid fazası başlanıb. Feodal ehkamlarını cəmiyyətə ciddi-cəhdlə yeridən və tədriclə bunu Xəzərin o tayındakı məmləkətdə olduğu kimi quldarlıq quruluşuna yuvarlamaq üçün hakimiyyətin zoru bildiyiniz kimi istənilən qədərdir – qalır yalnız bunun legitimləşmə problemini həll etmək.

Bu üzdən hakimiyyət ideoloqları cəmiyyətdəki biabırçılıqları pərdələmək üçün “bizim öz yolumuz var” mövzulu “minusovka”nı fırladır, hətta irəliləmişləri “Azərbaycanın sivilizasion seçimi”-falan kimi ifadələr işlədir (bəziləri hətta daha da qabağa gedərək Duginin geosiyasət nəzəriyyəsindən copy-paste edərək antiatlantizm kimi ibarələrdən yararlanır), inkişafın bir deyil, çoxlu müxtəlif yollarının olduğunu vurğulayırlar. Yəni ki, Qərb demokratiyası-falan bizlik deyil, buna xalq da hazır deyil, bizim böyük “milli-mənəvi dəyərlərimiz” (rüşvət, ağa-nökər, yaltaqlıq və s.) vardır və biz sadiqcəsinə “tutduğumuz” bu yolla gedəcəyik.

Və əgər “bizimkilərin” gözündə ideal cəmiyyət modeli Xəzərin o tayındakıdırsa, bunların “ideoloji nəzəriyyələrinin” müəllimləri əlbəttə ki, Rusiyadadır. İşlədilən bütün terminlər də (başlıcalarından biri kimi, məsələn, Surkov cənablarının “suveren demokratiya”sı kimi) onlardan da kobudcasına əxz edilərək burada təkrar edilir. Yenə də vurğulamaq gərəkdir ki, burada məqsəd inkişafın sadəcə bir yolu deyil, müxtəlif olduğu əsaslandırmaq, başlıca məsələ isə hədəf kimi demokratiya, vətəndaş cəmiyyəti anlayışlarını postmodernistcəsinə qarışdırılmasıdır. Ən əsas məsələ isə korrupsion rejimə mümkün olan bütün vasitələrlə bəraət qazandırmaqdır – necə deyərlər, məqsəd aydın, hədəf bəlli! Bu yolda Elmar Hüseynovun adlandırdığı kimi “qeyri-senzuralı sifət”lərə malik çoxli-çoxlu odioz xadimlər ordusu uzun illərdir “Almaniyada da rüşvət var”, “Prezidentimizdən bir dənədi” kimi “tutarlı” arqumentləri təkrarlayır, amma daha bunları nəzərə almayaq, bir qədər məsələnin dərinliyinə gedək.

Hakimiyyətin legitimləşmə məsələsində əsas “müəllimlər” artıq qeyd etdiyimiz kimi Dugin və Surkov olduğundan – onların istisnasız olaraq bütün işləri antiatlantizm üzərində və müvafiq olaraq antiqlobalizm istiqamətində qurulmuşdur – “bizimkilərin” də tüm ideyaları yalnız bu cənabların fikirlərindən ibarətdir.

2005-ci ildən sonrakı pessimizm dalğasında bir çoxlarımız, ölkəmizin demokratiyaya, vətəndaş cəmiyyətinə hazır olamdığını, bir çox işlərdə isə günahın hakimiyyətlə bərabər xalqın da üzərində olduğunu qeyd edirdik. Dediyim bu nihilist dalğa bir çox güclü, qətiyyətli, istedadlı insanları əhatə etmişdi və onlar sanki kimdənsə intiqam alırmış kimi öz fikirlərini – hərə müxtəlif rakursdan: elmi-nəzəri və ya satirik-mırt – hər vasitə ilə sübuta yetirir, bu işdə istedad və bacarığını əsirgəmirdi.

Bu isə böyük səhv idi və hakim dairələrə də elə bu lazım idi – bizim kimilərinin mediada, dəyirmi masalarda, forumlarda-falanda, hətta bədii əsərlərdə sərgilədiyi fikirlərdən lazımınca yararlanıb, hakimiyyətin ruporu kimi, xalqın demokratiyaya hazır olmadığını, ölkədə insan problemi olduğunu daima vurğulamağa başladı. Söhbət sadəcə plaqiatdan getmir, bu ideyaların təkrarı, sərgilənməsi və inkişafı hakim təbəqələrə nə qədər lazım olduğu şəxsən mənim üçün indilərdə anlaşılmağa başlayıb. Demək belə çıxır ki, bizim bir çoxumuz, özümüz də bilməyərəkdən uzun illərdir bunlara havayıca volontyorluq etmişik. Bu mənada antiqlobalizm tezisləri isə “bizimkilər” üçün “milli-mənəvi dəyərlərimiz”i qoruyacaq bazisdir, hansı ki, həmin o “milli-mənəvi dəyərlərimiz”ə arxalanıb feodalizmin iyrənc bir formasını artıq qurublar.

Beləcə, xülasə etdikdə hakimiyyət ideoloqlarının legitimləşmə üçün əsas tezisiləri inkişafın özəl yolları olması (yəni qələt edir Avropa, kimdir onlar, bizim yolumuz quldarlıq quruluşudur) və xalqın demokratiyaya hazır olmamasından (yəni bizlik bir şey yoxdu burda, kölə kimi yaşamağı xalq özü istəyir, rüşvəti xalq özü verir, bizim xalq ümumbəşəri dəyər kimi bərabərlik-falan istəmir, bizim mentalitet belədi vəssalam ) ibarətdir – buradan da belə alınır ki, idarəetmənin yeganə mümkün varinatı indiki feodalizm və gələcəkdə nəzərdə tutulan quldarlıq quruluşu olmalıdır. Yaxın illərdə əsas vurğular da məhz bu istiqamətdə aparılacaq.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button