Hakimiyyət Əvəz Zeynallını həbs etmək istəyir

Ədliyyə Nazirliyi absurd cinayət işinə başlayıb

Ədliyyə Nazirliyi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlayıb.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumat üçün bildirək ki, oktyabrın 19-da Nərimanov rayon məhkəməsi «Xural» qəzetinə qarşı Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev, KİV DF sədri Vüqar Səfərli, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov və müğənni Nüşabə Ələsgərlinin iddiaları əsasında çıxarılan məhkəmə cərimələrinin ödənilməsi üçün qərar vermişdi. Məhkəmə icraçılarının 19 oktyabr 2011-ci ildə redaksiyanın əmlakını siyahıya alandan sonra elə həmin gün verilən bu qərardan şikayət etmək üçün qarşı tərəfə 10 gün vaxt verilsə də, Nərimanov rayon məhkəmə icraçıları qərarı dərhal icra etmişdilər və «Xural» redaksiyasındakı bütün texniki avadanlıqları müsadirə etmişdilər.
Əlavə olaraq bildirək ki, PA rəhbəri Ramiz Mehdiyevin maddi təzminatla bağlı iddiasının icra olunmaması ilə bağlı «Xural» qəzeti məhkəməyə müraciət etmişdi və oktyabrın 25-nə məhkəmə iclası təyin edilmişdi. Məhkəmə prosesi davam etdiyi bir vaxtda Nərimanov rayon məhkəməsinin belə bir qərar verməsi və ədliyyə icraçılarının icra vərəqəsi olmadan «Xural» qəzetinin əmlakını müsadirə etməsi qanunsuzdur və bununla bağlı «Xural» qəzeti 24 oktyabr 2011-ci il tarixdə məhkəməyə şikayət ərizəsi təqdim edib.
Bütün bunlara baxmayaraq, Ədliyyə Nazirliyinin «Xural» qəzetinin baş redaktoruna qarşı Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işinin başlanmasını haqda açıqlama verməsinin də arxasında qanuni deyil, siyasi məqamlar dayanır. Çünki Ədliyyə Nazirliyi bu qərarı verən vaxt «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ABŞ səfiri Metyu Brayza ilə görüşdə olub və hakimiyət tərəfindən «Xural»ın susdurulması ilə bağlı bir çox məqamları müzakirə edib.
Digər tərəfdən, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun 1000 manatlıq cərimə ödənişi müəllif, baş redaktor və «Xural» qəzetinə bərabər olaraq ödənilməsi üçün çıxarılıb. «Xural» qəzeti və baş redaktor Əvəz Zeynallı 1.000 manatlıq cərimənin müvafiq olaraq 3/2 hissəsini – 670 manat məbləğində cəriməni ödəyib.
Həmçinin müğənni Nüşabə Ələsgərliyə aid cərimənin də müəyyən hissəsi ödənilib.
Göründüyü kimi, «Xural» qəzeti Ramiz Mehdiyev (10.000 AZN), Vüqar Səfərli (5.000 AZN), Nüşabə Əsəsgərli (3.000 AZN) və Ağabəy Əsgərovun (1.000 AZN) iddiası üzrə çıxarılan cərimələrdən imkanı daxilində ödəməyə çalışıb və qalan məbləğin əvəzində «Xural» qəzetinin bütün əmlakı müsadirə edilərək aparılıb. Beləliklə məhkəmə hökmünün icrasından yayınmaqla bağlı cinayət işinin başlanması, şübhəsiz ki, heç bir hədəfi olmayan, yalnız Ədliyyə Nazirliyinin özünün siyasi sifarişlərin icraçısı rolunda olduğunu təsdiqləyən faktdan başqa bir şey deyil.
Görünür Əvəz Zeynallının xalqın halal haqqı uğrunda apardığı mübarizə hakim dairələri narahat edib və «Xural»ın çvap olunmaması üçün alternativ yol tapmayaraq, Əvəz Zeynallını həbs etdirməklə, susdurmağa qərar veriblər.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button