Hakimiyyət İlqar Məmmədovun işi üzrə ikinci qərarı icra etmir

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Respublikaçı Alternatv Partiyasının (REAL) sədri İlqar Məmmədovla bağlı ötən ilin noybarında çıxardığı ikinci qərar da icra edilmir. Bu barədə REAL Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, qərar bu il martın 5-də qəti hüquqi qüvvəyə mindiyindən və icrası üçün 3 ay müəyyən edildiyindən 5 iyun tarixinə qədər icra edilməli idi.

REAL bildirir ki, qanunvericiliyə əsasən Ali Məhkəmənin plenumu məsələyə baxaraq aşağı məhkəmələrin qanunsuz hökm və qərarlarını ləğv etməlidir.

Belə ki, Avropa məhkəməsi ikinci işdə İ.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli mühakimə hüququnun pozulmasını tanıyıb və işdə İ.Məmmədova qarşı istifadə edilən bütün sübutların mötəbər olmadığını qət edib.

“Üç həftədir Ali Məhkəməyə bu məsələ ilə bağlı göndərilən sorğu cavablandırılmır. Sual ondan ibarətdir ki, İ.Məmmədovun barəsində Avropa məhkəməsinin ikinci qərarı Ali Məhkəməyə daxil olubmu və olubsa plenumun keçirilməsi nə vaxta planlaşdırılır”, – məlumatda qeyd olunur.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ. Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Xatırladaq ki, AİHM bu iş üzrə ikinci qərarı 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 5-də qüvvəyə minib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button