Hakimiyyətin «Rus ruleti»!

Əvəz Zeynallı

İnqilabın kəsif qoxusu…

Hadisələri təqib etmək mümkün deyil. Hər şey o qədər sürətli və hərəkətli baş verir ki, bir həftəlik qəzet üçün bunları təqib etmək və gündəm tutmaq həddindən artıq çətindir. Artıq bir neçə dəfə manşeti dəyişdirməli, yığıb hazırladığın xəbər blokunu baş verən yeni hadisələrdən sonra zibil qabına göndərməli olursan. Görünür, illər əvvəlin «həftəlik qəzetin cəhənnəm əzabı»ndan bəhs edən həmkarlarımız yanılmayıblar. Bunu deyirlərmiş… Və görünür, artıq gündəlik qəzetə və ciddi xəbər portalına çevrilməyin zamanı gəlib yetişib…

İqtidar özünə qəbir qazır. Biz bu haqda hələ Tunis, Misir, Liviya, Suriya hadisələrinin başlamasından çox əvvəl yazmışdıq – «ərəb dalğası»nın dərin qatları hələ meydana çıxmamışdı. Amma hakimiyyətimizin bu qədər qorxaq və cəsarətsiz olduğu da gözlənilməzdir. İllər və yığılan milyardlar bunlara yardımçı olmur. Yaratdıqları və maliyyələşdirdikləri 100-lərlə qəzetlərin yazdıqlarını bizlərin 1 səhifəsi darmadağın edir. Efirlərini millətin üzünə bağladıqları 7 telekanalları çürük qozdan fərqli deyil, elə kanalizasiya kimi bir şeydir. Bunun adı inqilabın şiddətli qorxusudur. Hakimiyyət qorxur… Qorxunun isə əcələ faydası yoxdur…

İqtidarın yeni adresi – Əli Kərimli

Şəxsən mən müxalifət haqqında fikirlərimi dəyişdirməmişəm. Nə Əli Kərimli, nə də İsa Qəmbər haqqında o qədər optimist deyiləm. Amma hakimiyyətin yaratdığı şərait bizim nə yazıb-yazmamağımızdan, fikirlərimizi dəyişdirib-dəyişdirməməyimizdən asılı olmayaraq, onları gündəmin birinci sırasına oturdub. 20 ildir etmədiklərini edirlər. 20 ildir və ondan əvvəl də siyasi liderlərin evləri, yaşadıqları ünvanları hədəf götürülməyib. Bu, artıq terrora çağırışdır. Hakimiyyət Əli Kərimlinin evini adres göstərməklə hər hansı bir qeyri-qanuni qruplaşmanı təhrik edir onu öldürmək üçün. Bunlar nə etdiklərinin fərqində deyillərmi? Fərqində deyillərsə, deməli, isterikadadırlar. Fərqindədirlərsə, o zaman daha təhlükəli addımlar da ardından gələcək.

20 ildə bir dəfə Əli Kərimlini, İsa Qəmbəri polis idarəsinə çağırmayıblar. İndi çağırdılar. İlham Əliyevin dözüm limiti o qədər bitib-tükənib ki, adam atasının etdiyi kimi imitasiya da etmək istəmir artıq. Yorulub, bezib. Daha ikincilərlə, müavinlərlə, yardımçılarla yox, birbaşa özləri ilə – İsa Qəmbərlə, Əli Kərimli ilə cəngə çıxır. Onları polis idarəsinə çağırır. Məqsəd nədir? Qorxutmaqmı? Buna inanmaq gülüncdür – yalnız İlham Əliyevin özü inana bilər. O zaman nədir məqsəd? Mən əminəm ki, həm Baş Polis İdarəsinin rəisi olan general, həm də Bakı Şəhər Prokuroru həm İsa Qəmbərlə, həm də Əli Kərimli ilə görüşdən sonra ürəkdən onların səfinə keçiblər. Bəlkə daha ötəsi… Hələ bu tərəfi bilmək olmaz. Bəlkə Əli Kərimli, ya da İsa Qəmbər gələcək nazir, ya da baş prokurorlarını müəyyənləşdiriblər artıq… Kim deyir ki, bu günün müxalifəti sabah iqtidara gələndə yanındakı adamları nazir, ya da baş prokuror təyin edəcək?!

Yəni açıqca məlum olur ki, İlham Əliyev bütün gücünü ortaya qoyub müxalifətə işləyir. ADP-nin qərargahında keçirilən jurnalistlərin böyük forumunda Lalə Şövkəti maraqlı bir çıxış etmişdi: «Biz heç bir inqilab-filan etməyəcəyik. İnqilabı bu hakimiyyət icraatları ilə edir. Onlar özləri bütün şəraiti yaradırlar.» Düzdür, onun – İlham Əliyevin icraatlarından başqa müxalifətə və inqilaba işləyən heç bir güc yoxdur Azərbaycanda!

Seymur Həzi «Rus ruleti»ndə…

Seymur gündəmdən düşdü, amma düşməməlidir. Çünki partiyalara, onların sədrlərinə başlanan təqib-təzyiqlər ötəridir. Bunların hədəfində hər zaman jurnalistlər olub və elə olaraq da qalacaq. Ona görə də baş verənləri ciddi analiz etmək, yanlış etməmək, xalqı doğru istiqamətə istiqamətləndirmək, siyasiləşməmiş və ya siyasiləşməkdən ethiyat edən minlərlə gənci etiraz dalğalarının vahid şahlanışına qoşmaq lazımdır.

Məsələyə daha fundamental yanaşanda Seymur Həzinin döyülməsi təkcə jurnalistika hadisəsi də deyil. Hakimiyyətin düşməni olduğu azadlıq məsələsidir və bu düşmənçilik bitib-tükənməzdir. Ona görə də bir zamanlar «Yeni Müsavat» hədəfdə idi, sonra «Azadlıq» gəldi. Bir zamanlar yalnız Rauf Arifoğlu həbs olunur, tutulur, yalnız onun qəzeti ardı-arası kəsilməyən məhkəmə cərimələrinə düçar olurdu. Sonra sıra «Azadlıq»a keçdi. Sonra tamam gözlənilməz bir qələm əhli – Elmar Hüseynov öldürüldü. Eynulla Fətullayev tutuldu. Zaman keçdi, Fikrət Hüseynlini bıçaqladılar, Aqil Xəlil hadisəsi yaşandı. Sonra cəmiyyətin yaxından tanımadığı gənclər – bloggerlər gündəmi tutdu. Sonra «Xural»a Ramiz Mehdiyevin hücum dalğaları başladı… Sonra Bəxtiyar Hacıyevin həbs olunması… Sonra Seymur Həziyə sui-qəsd…

Sıralamanı daha da uzatmaq, artırmaq olar. Hakimiyyətin dözümsüzlüyü ortatadır. Amma bunu təkcə mətbuatla bağlamaq düzgün olmaz – ortada Azad İnsan, Müstəqil İnsan, ümumilikdə götürəndə Azadlıq problemi durur. Hakimiyyət Azadlığın düşmənidir. Onun hədəfində Azadlıq özüdür. Bizimlə də «rus ruleti»ndə olduğu kimi davranır. Gülləni qoyub və güllə qabını fırladıb – atəş açılanda qarşısında hansı Azad İnsan dayandısa onu vurur. Ya da hansı Azad İnsan, Müstəqil Peşə sahibi, bunların qarşısında əyilməyən şəxs bu ruletin qarşısından keçdisə, güllə ona dəyir. Ona görə də hədəfdə olan və zaman-zaman «mükafatlandırılan» insanların əksəriyyəti ən müxtəlif təbəqələrin üzvləridir…

Mətbuatda ardıcıl və aralıqsız mübarizə…

Çıxış yolu ardıcıl və aralıqsız mübarizə aparmaqdan keçir. Həm jurnalistika, həm də siyasi düzüm ayrı-ayrılıqda dayanmadan mübarizə etməlidir. Mətbuatın problemlərini həll etmək, ümumi mübarizəni istiqamətləndirmək üçün aralıqsız fəaliyyət göstərən qurum yaradılmalı, o qurum azad jurnalistikanın son nümunələrinin qonurub-saxlanılmasına çalışmalıdır. Lazım gələrsə, sırf mətbuat işçilərinin mitinqləri, nümayişləri keçirilməlidir. Nə Mətbuat Şurası, nə də KİVDF jurnalistikanın problemlərini həll etməyə qadir deyil. Onlar hakimiyyətin səflərinə keçdilər və əsas məqsəd kimi müstəqil mətbuatı sıradan çıxarmaq tapşırığı alıb işləyirlər.

Eyforiya geri qayıtmasın!

Siyasətçilərə yol göstərmək mənim həddim deyil. Onlar öz işlərini bilirlər, bilməlidirlər. 20 ildir pis-yaxşı bu xalqın önündədirlər. Sadəcə, bir qərib müşahidəmi bildirməsəm olmaz. Hələ heç nə yox, yenə bunların bəzilərinin sıralarında başgicəllənməsi hiss olunur. Artıq iqtidar bölgüsü aparana, bir-birinə diş qıcayana, yenə ayrı-seçkiliklər edənə, hədə-qorxu gələnə bax… Olmamalıdır. İndi siyasətin bir məqsədi olmalıdır. Bütün etiraz edən təbəqələri bir hədəf istiqamətində birləşdirmək. Nemət Pənahlıdan İslam Partiyasının həbsdə olan sədrinə, Rahim Qazıyevdən Sirus Təbrizliyə qədər – bütün təbəqələrlə işləmək lazımdır. Azərbaycan xalqı bütün təbəqələri ilə dəyişiklik istəyir. Mən əminəm ki, Əli Kərimlini və İsa Qəmbəri çağırıb danışan general və prokuror da hamıdan çox bunların getməsini istəyənlərdəndir. Nə qədər olar dibdə yaşamaq… Amma eyforiya yenə gələrsə, başda duranlar yenə 1998-ci ildə, 2000-ci ildə, 2003-cü ildə etdikləri yanlışlıqları təkrarlayarsa, elə o zamanlar baş verənlər də baş verər. Məndən deməsi…

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button