Hamı tək-tək danışır: “Vüqar Səfərli rəhbərimiz idi, amma fonda faktiki rəhbərliyi Əli Həsənov edirdi”

Əli Həsənov həbs edilə bilər?!

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün baş tutan prosesdə şahid qismində Sayad Vəliyeva dindirilib.

O bildirib ki, “Starloqistik” şirkətində rəhbəri olub. Həmin şirkəti atası 2018-ci ildə şirkəti təsis edib.

“Dəftərxana malları satırdıq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. Atam Çingizi işdən çıxardı. Bu səbəbdən məni direktor təyin etdilər. Vüqar Səfərlini tanımıram, mən direktor olandan sonra hər hansı bir alqı-satqı olmayıb”- deyən şahid bildirib ki, atası rəhmətə gedib.

Prosesdə fondda aparıcı məsləhətçi vəzifəsində çalışmış Samir Mustafayev də ifadə verib.

O deyib ki, fondda rəsmi yazışmalara, hesabatlara, tədbirlərin təşkilinə, qurumun mətbuat xidməti funksiyalarına nəzarət edib.

“Vüqar müəllim rəhbərimiz olub, Nadir müəllimi də qiyabi tanıyıram. 2014-cü ildən fondda çalışıram. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. İstintaqda mənə Hesablama Palatasının yoxlaması ilə bağlı hazırlanan rəylə bağlı suallar veriblər. Mən də təsdiqləmişəm”.

Şahid deyib ki, fondun rəhbəri Vüqar Səfərli olsa da faktiki rəhbərliyi Əli Həsənov həyata keçirib: “Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında, düzünü deyim ki, məsələrlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə, iclasda müzakirəyə çıxarılırdı, qəbul edilirdi. 2017-ci ilə qədər fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq. 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən seçildim. İclaslarda demişdim ki, tenderi elə keçirək ki, gələcəkdə indi düşdüyümüz vəziyyətə düşməyək. Biz tender qanunvericiliyinə əsasən KİV-də və öz saytımızda elan verirdik.Tenderlə bağlı bütün lazimı işlər görülüb. Elə bir tender yox idi ki, kağız üzərində yazılsın, lakin həyata keçirilməsin. Amma düzünü deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb. Lakin ümumi danışılıb. Qalan məsələlərdən mənim xəbərim yox idi”.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub. Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button