Hamını təbrik edək…

Razi Abasbəyli

Hər kəs təbrik olunma haqqına sahibdir

Hər gün işləməyin keyfi başqadır. Hər gün qəzet çıxarmaq, topladığın xəbərləri bölüşməyin ayrı zövqü var. Baş verənlərə müstəqil olaraq qiymət verə bilmək, qiymətləndirilməlini dinləmək və tirajlamaqdan gözəl iş yoxdur…

Bunu etməyə başladıq.

Hər kəsi təbrik edirik. Heç bir dırnaq olmadan. Kimlərsə bu dırnaqlara möhtacdır, buyursunlar. Onları da «təbrik edirik».

«Xural» hər gün nəşrə başlayır.

Əslində, bu qəzetdə hər gün işləmək hər bir müstəqil düşünən yazarın arzusudur. Hər kəs bu qəzetdə çıxış etmək istəyəcək. Burada azadlıq da, müsavatçılıq da, yeni azərbaycançılıq da var. Bu qəzet hər kəsin, BİRİNCİ NÖVBƏDƏ DÖVLƏT BAŞÇISININ istəməli olduğu qəzetdir. Çünki olanı yazmaq, dərc etmək və onu mimikasız, səssiz, tapşırıqsız birincidən sonuncu azərbaycanlıya çatdırmaq məncə çox müqəddəs işdir. Bəlkə də bu işin bir günü 100 ilin ibadətinə bərabərdir.

Bu qəzetin daha böyük olmasında, Əflatun Amaşov da, Vüqar Səfərli də, bütün nazirlər də maraqlı olmalıdır. Çünki onlara məruzə edənlər gerçəkləri təhrif edə bilərlər. Dövlət başçısına yalan danışan, dövlət içində olanlardan yalan məlumatlar verən o qədər məmur var ki… BİZ ONLARIN ŞTATINI ləğv etməkdə qərarlıyıq!

Hər kəsi təbrik edirik. İllərdir ki, Azərbaycanda müstəqil qəzet oxumaq həsrətində olan hər kəsi. Bu qəzet heç bir iş adamının, heç bir məmurun, heç bir siyasətçinin deyil, olmayıb və olmayacağı üçün də mübarizə aparacağıq.

Hər kəsi təbrik edirik. Bu ölkədə haqqı tapdanan, haqqını ifadə edə bilməyən, qəzet tapa bilməyən minlərlə, milyonlarla  sıravi və zavallı azərbaycanlıların hər birini.

«Heç kim tam olaraq nə xoşbəxt, nə də bədbəxt deyil». Bu sözlər dünyaca məşhur yazıçılardan birinə məxsusdur. Haqqı tapdanan hər bir rəzalət içində yaşayan azərbaycanlının qəzeti olaraq nəşrə başlayırıq. Daha çox bədbəxt edilənlər və daha çox xoşbəxt olduqlarını sananları da təbrik edirik!

Azərbaycanın mətbuat düşərgəsində çox sərt şəkildə bir narahatlıq yaşanmaqdadır. Ölkədə müstəqil qəzetlərin sıradan çıxarılması üçün hər gün ən müxtəlif vasitələrdən istifadə olunur. Bu ölkədə söz və ifadə azadlığı sahəsində hər zaman olan problemlər daha da dərinləşib. Ölkəmizin demokratikləşməsini istəyən, onun uğrunda həyatlarını həsr edən insanların günü, gündən-günə ağırlaşır. Bu ağırlıq içində Azərbaycan insanlarının yenə də sıradan çıxmayaraq mübarizəyə davam etmələrini gördükcə, sevinirik. Sevincimizi qarşılıqlı olaraq paylaşmaqdan da məmnunuq. Hər halda bu məsələ ilə bağlı olaraq narahatlıq keçirən insanların da təlaşlarını başa düşürük. Amma bununla belə yenə də təbriklər.

Son günlər ölkə mətbuatına qarşı basqılar kifayət qədər artıb. Məmurlar sanki nəsə baş verəcəyini bilir və indidən narahatlıqlarını müstəqil medianın üzərinə gəlməklə sığortalamaq istəyirlər. Son günlər qəzetlər məhkəmələrə verilir. Mətbuat Şurasının əliylə gündəlik nəşrə başlayan «Xural»a qarşı psixoloji təzyiqlər etməyə çalışırlar. Jurnalistlərin üzərinə fiziki təzyiqlər təşkil olunur. Onların evləri uçurulur. Müdafiə Nazirliyi «Yeni Müsavat» qəzetini məhkəməyə verir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin ailə üzvlərinə namərdcəsinə təzyiqlər təşkil olunur.

Amma təzyiq edənlər, onların təşkilatçılarının daha ağır durumda olduqları göz önündədir. Hakimiyyət daxilində sözün bütün mənalarında bir narahatlıq hökm sürməkdədir. Bu ilin yazından başlanan və məntiqi ardıcıllıqla davam edən antikorrupsiya projesi yeni bir mərhələyə qədəm qoyub. Ölkədə bir nazirin hətta bir neçə yüz manata görə rüşvətxor elan edilərək həbs edilməsi belə real görünür. Məhz narahat olmağa başlayan bu nazirlər də ən müxtəlif formalarda, açıq ya da dolayı yollarla müstəqil mətbuata qarşı təzyiqlər etməyə başlayırlar.

Ölkədə bir «Vikiliks» həyəcanı yaşanır. İndiyə qədər açılmayan sirlər açılır. Bütün bunların isə heç də təsadüfən üst-üstə düşmədiyini anlamaqdayıq. Bir gün «Xural»ın qapılarını döyüb açıqlama vermək, müdafiə olunmaq istədiyinizi bildirəcəksiniz. Bundan əminik. Siz bu gerçəyi özünüzə nə qədər yaxın buraxmaq istəmirsinzsə, bu sizi hər gün təqib edib-edib nəhayətdə gerçəyə çevriləcək. Qəzanız və qəzamız kutlu olsun.

TƏBRİK EDİRİK!

                                                                                                      “Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button