Haqq yolu

 Azadlıq və Demokratiya uğrunda şəhid olan və həbsxanalarda yatan dostlarıma!

 Bu yazımı bir gözəl rəvayətlə başlamaq istəyirəm.

Günlərin bir günü qurbağaların yarışı varmış.

Hədəf çox yüksək bir qüllənin başına çıxmaqdır.

Ətrafdakı qurbağalar da onları seyr etmək üçün toplanır.

Yarış başlayır.

Əslində, seyrçilərin heç biri inanmırdı ki, yarışmaçılardan kimsə qullənin başına çıxa bilər.

Tamaşaçılardan sadəcə bu replikalar eşidilirdi:

–        Yazıqlar

–        Onlar bu işı bacarmayacaqlar!

Yarışan qurbağalar qüllənin başına çıxa bilməyəcəklərini gördükcə bir-bir yarışı tərk edirdilər.

İçlərindən ancaq biri dayanmadan, inadla dırmaşmağı davam edirdi.

Seyrçilər qışqırışır və iynəli sözlər atmağa davam edirdi.

Zavallılar. Bunlar bacarmayacaqlar. Özünüzü yormayın.

Axırda bir qurbağadan başqa, hamısının ümidi qırılmış və yarışı buraxmışdılar.

Amma qalan axırıncı qurbağa böyük bir inad göstərərək, bütün gücünü sərf edib qüllənin başına dırmaşa bildi.

Qalanları heyrət içində onun bu işı necə bacardığını öyrənmək istədi.

Bir qurbağa ona yaxınlaşıb soruşdu:

–        Sən bu işi necə bacardın?

      Qalib ğurbağaya bu sualı verib cavab gözləyən qurbağa birdən başa düşdü ki, qabağındakı qalib qurbağa kardır.

BACARMAYACAĞINIZI DÜŞÜNƏN İNSANLARI EŞİTMƏYİN.

ONLAR QƏLBİNİZDƏKİ ÜMİDLƏRİ SADƏCƏ HEÇ EDƏRLƏR!…

Əslində, bu yazım bu gün həbsxanalarda yatan, haqq-ədalət uğrunda mücadilə verənlər üçündür. Əsl onlar indi dəstəyi görməlidirlər. Çünki onlar indi dört divar arasında dövlət cəza maşının tam gücünü öz üstlərində hiss edirlər. İndi onları mücadilələrindən çəkindirmək üçün hər bir oyunlara əl atılıb.

Əslində, vəziyyətə bir az dərindən baxanda biz özümüz də həbsxanadayıq və biz də dövlətin repressiv maşının həmlələrini hiss edirik. Sadəcə, bizim haradasa manevr etmək imkanlarımız qalıb. Lakin həbsxanada olan qardaşlarımızın iki seçimi var, ya üstərinə gələn güc onları sındırıb milyonlardan biri edəcək, ya onlar bu repressiya maşını ilə döş-döşə gəlib öz əqidələri uğrunda savaş verəcəklər. Bu işdə heç kim söz sahibi ola bilməz. Seçim onların özlərinindir. Çünki bu savaş yolu çox ağırdır və bu yolu özləri, öz vicdanlarını dinləyib keçməlidirlər.

Çünki böyük şair demişkən, “Millət yoludur, haqq yoludur tuttuğumuz yol” və bu yol həmişə daşlı-kəsəkli olur. Ancaq onların bir şeyi bilmələri vacibdir. Onlar tək deyillər, onları həmişə dəstəkləyən əqidə və onların mübarizələrində onlara uğur arzulayan qardaşları, onlarla fəxr edən valideynləri var. Onlar bu millətin hələ ölmədiyini, ləyaqətini, şərəfini, ədalət duyğusunu, haqqa inamını itirmədiyini sübut edirlər. Həmişə bir şeyi yadınızdan çıxarmayın, bir gün gələcək bu qapılar açılacaq. Bir gün gələcək siz ittiham edəcəksiniz. Necə ki, ədalətsiz hakimlərinizi ittiham edirdiniz. Lakin indi siz barmaqlıqlar arasından ittiham edirsinizsə, bir gün gələcək haqq güzgüsündən ittiham edəcəksiniz.

Bu olacaq, mən əminəm olacaq.

Bir zamanlar biz də imperiyanın caynaqlarından qurtarmaq üçün mübarizəyə qalxdıq. Biz də həbsxanaları, zindanları gördük. Bizə də işgəncələr etdilər, lakin dönmədik və qos-qoca rus imperiyasının əsarətindən millətimizi qurtarıb, müstəqilliyimizi əldə etdik. İndi siz, diktatura mücahidləri, o yolu gedirsiniz, yolunuz açıq, mücadiləniz uğurlu olsun.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button