Haqqı tapdalanan Nemət Pənahlı-VİDEO

Nemət Pənahlı: “Yetər bu qədər zülüm! Yetər bu qədər haqsızlıq!”

Bu, Nemətin siyasi müsahibəsi deyil. Məişət məngənəsinin içində boğulan və səsini heç yana eşitdirə bilməyən, həbsdə ata-anasını itirən, amma yas yerinə buraxılmayan, oğul-uşağı işə, məktəbə, musiqiyə, idmana yaxın qoyulmayan, heç bir işlə məşğul olunmasına icazə verilməyən Nemət Pənahlının hayqırtısıdır. Artıq böyük siyasi və mənəvi ideallar bir yana qalsın, kiçik ailə qayğılarını belə həll edə bilmirlər insanlar. Bu haqda danışanlar, açıqca etiraz edənlər var, etməyənlər var. Nemət Pənahlı haqqı tapdalananlar və buna qarşı etiraz səsini ucaldanlar sırasındadır. Bıçaq artıq hamı kimi onun da boğazına dirənib.

Nemət Pənahlı uzun illərdir işsizdir. Bir ara Şamaxının Avaxıl kəndində 7 km məsafədən su çəkib gətirmiş və iş qurmaq istəmişdi. Bunun üçün külli miqdarda borclanmışdı. Nə də olsa, işi qaydaya salandan sonra qazanıb borcu qaytaracağını düşünürdü. Amma suyu çəkib gətirəndən sonra ən müxtəlif bəhanələrlə ona imkan yaratmadılar. Sonra 2011-ci ildə şərə salıb həbs elədilər. 5 il yarımdan çox həbsxanada saxladılar. Valideynlərini itirdi, yasına buraxmadılar. Evinin elektrik borcu var deyə aylarla ailəsinin işığını söndürüb, balalarını qaranlıqda saxladılar.

İndi də böyüyən və istedadları ilə fərqlənən uşaqlarına problem yaradırlar. Birini idmana, birinin hərbi məktəbə, digərini musiqi məktəbinə yaxın buraxmırlar – Nemətin oğlanlarıdır deyə. Hər yol bağlanıb, hər şey qadağan. Adamın hövsələsi daralır həqiqətən, bu adam(lar) nə etməlidirlər?!

Nemətin özünün lakonik cavabları var: “Milli Azadlıq Hərəkatına qənim olan insanlar hakimiyyətə yiyələniblər, ölkəni ələ keçiriblər, indi də Milli Azadlıq Hərəkatında iştirak edənlərə qənim olurlar. Onlar maddi, mənəvi, siyasi cəhətdən məhv edilirlər. Kimlərin qisası alınır bu adamlardan?! Niyə?! Bizi bu yollamı sındıracaqlarını düşünürlər?!”

Bəlkə elədir? Bəlkə ölkənin siyasi keçmişini yaradan insanlardan, yaradan nəsildən qisas alırlar?!

Ölkə həqiqətən xaos diktaturasına doğru inamla irəliləyir. Əgər xalqın öndə olan tanınmış adamları bu qədər acınacaqlı vəziyyətdədirsə, əgər Nemət demiş, “hazıra nazir olanlar” bu ölkənin bütöv bir nəslindən qisas alırlarsa, deməli, işlər sona doğru irəliləyir.

Nemət “Haqqı tapdalananlar” rubrikasının qonağıdır. O, az qala hayqırır:

“Yetər artıq!”

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button