Haqqın mühacirət etdiyi məkan

Qaranlıq məqam

Bakir Həsənbəyli

Azərbaycan bütün orta və yaşlı diktatorların idarə etdiyi kimi idarə olunan məmləkətdir. Burada heç bir unikallıq-filan yoxdur. Çünki bütün diktatorlar fərqli zaman və məkanlarda yaşasalar da, eyni cür düşünür, eyni cür idarə edirlər. Nə torpağımızı yamanlayaq, nə də daşımızı. Bütün parametrlərimizlə nəyiksə, bizi idarə edirmiş kimi ələ salanlar da odur. Burada torpağın və ya daşın nə günahı? Əslində, insan idarə edilən yox, idarə edəndir. Lakin diktatorların təfəkkürünə görə elə əsl idarə edilən də insandır.

Bu məmləkətin insanı, bu hakimiyyət üçün potensial rəqibdir.Və bu məmləkətdə qanun adına nə isə olmadığı üçün rəqib yarlıqlandığı andan düşməndir. Deməli, mən yazdığim, sən isə oxuduğun üçün düşmənik.

Çoxdan yazmırdım. Heç yazmaq da istəmirdim. Öz məmləkətimdə düşmənə çevrilməmək üçün.

Məmləkəti az qala küçələrə bölüb, məhəllə davasına sürükləyən bu hakimiyyət sözün əsl mənasında tükənib. Zatən tükənməsi şərt idi. Mayasında riya olanların bir gün tükənəcəyi gözləniləndi. Elə ona görə də şantaj, böhtan, şər çuvallarının aqızlarının bağı zaman-zaman çözülür. Yenə də çözülüb. Məhz bunların hakimiyyət qəsbindən sonra sanki Tanrı da sitəmə şahidlkdən bezərək bu məmləkətdən üz çevirib. Bunlar hakimiyyət deyil, Tanrı bezdiriciləridir. Amma bu qədər ədalətsizliyin qarşısında bəlkə bu millətin bunlar qədər qorxaq, rəzil və gücsüz hakimiyyəti olmayıb. Başımız sağ olsun.

Haqq sahibinə qaytarılmayana qədər məmləkət bu cür idarə olunacaq. Haqqı sahibinə isə HAQQ deyil, yalnız haqq sahibi qaytarmalıdır. Məhz haqqı olduğu üçün qaytarmalıdır.

Hər şeyi inkar həm də vicdan məsələsidir. Biz demirik ki, bu iqtidar bütün parametrləri ilə pisdir. Çəkilən asfaltı da, tikilən məktəbi də, küçədən asılan ən adi lampanı belə dəyərləndiririk. Bəs siz nə edirsiniz? İnsan, vətəndaş olaraq bu milləti bizim sizin bir lampaya verdiyimiz dəyər qədər dəyərləndirirsinizmi? Əsla. Elə isə bəs yol çəkməyib, məktəb tikməyib, lampa asmayıb nə etməlisiniz? Hakimiyyətdə olmaq yalnız böyük sərvət toplamaq üçündürmü? Elə isə hər bir neçə aydan bir yerləri təhvil verin xalq olaraq qoy hər kəs bir neçə ay oturduğunuz vəzifələrdə otursun. Konstitusiyada yazılıbmı nəqliyyat nazirinin adı mütləq Ziya, fövqəladə hallar nazirinin adı mütləq Kəmaləddin, vergilər nazirinin adı mütləq Fazil və s. olmalıdır? Qoy 3–5 ay da Əhməd, Məmməd olsun. Həm də bununla Azərbaycanda kasıbçılığı da tamamilə yox edərik. Hər kəs sizin kimi üç ay işləsə və mənim kimi yaşasa, 10 il bəsidir. Hər kəs nazir, komitə sədri olub qurtarandan sonra yenə də halal xoşunuz gəlin oturun yerlərinizdə.

Əks halda insanlar hər şeylərini tam itirəndən sonra ona nə lider, nə də yol göstərib, vəzifə təklif edən şəxs lazım olacaq. Çünki özü hər şeyi həll edəcək və bu, onun haqqı olacaq. Hər şeyini itirmiş və ya itirdilmiş şəxs nə etməlidir və ya ona nə deyirlər? Boz Kardinalmı? Gülüncdür.

Bir tərəf maddiyyatını itirdikcə, digər tərəf mənəviyyatını itirəcək. Hər iki tərəfin bu hakimiyyət dönəmində itirdiklərinin bərpası mümkünsüzdür. Amma ədalət naminə desək, ikincilərin birincilərdən vəziyyəti daha zordur. Mənəviyyat həm də əxlaq məsələsidir. Bir ömür çəkiləcək dərd qədər çətindir. Bu məsələdə “oldu də” prinsipi keçərli deyil. Lap qadın xəyanəti kimi.

Danışmaqdan başqa bir işə yaramadığınızı zatən bilirsiniz. Həm də hamıdan və hər kəsdən çox gözəl. Lakin nə vaxtsa, kiminsə yanında pişiyin hər hansı yüksəklikdən buraxılsa belə yenə də ayaqları üstə düşəcəyini deməsi sizlərin beyninə yaman batıb. Lakin hələ də fərqində deyilsiniz ki, siz pişik deyilsiniz, burası isə zatən Azərbaycandır. 1988–ci ilin dünyanın ən mübariz xalqı. Düşünün, insanları qaynatmayın.

Çırpılar samovar yandırmaq üçün əla vasitədir.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button