Haqqını ver, ədaləti al!

QADİR

Ya da Haqqın ədalətinə sığın!

Ölkədə ƏDALƏT adında hər şey var, market, qəzet, çəkməçi dükanı, insan adı – sadəcə ƏDALƏTin özü yoxdur. Çünki ədalət maddi varlıq deyil, mənəvi nəsnədir. Onu almaq mümkün deyil, çünki o satılmır və ya satılırsa, o artıq ədalət deyil. Onun olası yerdə olmadığını görmək də mümkün deyil, çünki o həm var, həm də yoxdur. Ədalətin olub-olmamasını yalnız hisslərlə duymaq və qanunlarla sübut etmək mümkündür.O yerdə ki, ədalətin yoxluğu hiss olunur, ora şərin, böhtanın və qanunsuzluğun gəridiş etdiyi meydandır. Ədalət və qanun bir çox hallarda eyni mənanı ifadə edən iki fərqli söz olur. Amma qanun həmişə ədaləti ehtiva edə bilmir.
Haqqdan gələn ədalətə alın yazısı deyirik. Qəbul etməyə bilmirik, çünki Onun qanunları həmişə ədalətlidir və dəyişməzdir. Dəyişən qanunlarda isə hökm həmişə ədalətli olmur.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə dələduzluqda, vergidən yayınmada, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunub. Martın 12-də on ay sürən məhkəmə çəkişməsi 9 il azadlıqdan məhrum etmə cəzası ilə sonuclanıb. Məhkəmənin qərarına etiraz etmək hüququmuz olmadığından biz İlahi ədalətin göstərişlərini xatırlatmaqla hökmdən şübhəli qaldığımızı sübut etmək məcburiyyətindəyik.
Baş redaktoru həbs etdirmiş keçmiş deputat Gülər Əhmədova eyni ittihamla həbs edilib. Məhkəmənin hökmünə qədər Əvəz Zeynallı ilə Gülər Əhmədova eyni istintaq təcridxanasında saxlanılırdı.
Özünü böyük oyunda vacib fiqur hesab edən sabiq deputat qəzet redaktoruna qarşı iddia ilə məhkəməyə müraciət edəndə onunla bir təcridxanada saxlanılacağı ƏDALƏTini röyasında da görə bilməzdi. Çünki həmin vaxt onun əli «dağ əzəmətli» şəxslərin ətəyində idi və istədiyi ədaləti almağa gücü yetirdi. Amma Herkules kimi dayağında duranlar bir anda əllərini onun üzərindən götürməyə məcbur oldular və bəlkə də bununla İlahi ədalət bərqərar oldu.
Alimlər ədalət anlayışına bu cür tərif verirlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq da, lazım olan həddə çatmamış durmaq da ədaləti pozmaq deməkdir. Ötən ilin may ayında 40.000 manat rüşvət aldığına görə həbs edilmiş Bakı Dövlət Universitetinin sabiq dekan müavini, professor Məhəmməd İmanlının məhkəməsi də Əvəz Zeynallıyla eyni günə təsadüf etdi və hər ikisinə hökm oxundu. Sübut olunmamış rüşvət tələbetməyə görə 9 il, faktlarla sübuta yetirilmiş 40 min manat rüşvət almağa görə 3 il həbs cəzası. Yoxsa bu da ƏDALƏTin təsadüf üzərində qurduğu qanunsuzluğun faktla sübut edilməsi oyunudur. Bəs ədalətə orta hədd deyiriksə, bu adi riyazi hesablamanı hüquqa nə üçün tətbiq edə bilmirik? 40 min manata görə 3 il cəza qanunidirsə, sübut olunmamış tələb etməyə görə həbs edilən çoxdan azadlığa çıxmalı idi.
Yaradan insanı azad yaradıb. Amma cəmiyyət qanunlarla idarə olunur. Cəmiyyətin qəbul etdiyi qanunları pozanların əməllərinə görə cəza çəkməsi insanın düşünə bildiyi nisbi ədalətdir. Bu qanunlarda təkcə cəza deyil, həm də azadlıqlarımız barədə hüquqlarımız göstərilir. Kim qanunları pozursa onun azadlıq hüququ məhdudlaşır. Kimlər ki, qanunlarla yaşasalar da hansısa səbəbdən azadlığını itiribsə, Allah onların azadlığa qovuşmasına yardımçı olsun.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button