Hara gedirik?

Dünən Milli Qəhrəmanlarla bağlı bir tədbirə getdim. Milli Qəhrəmanların ailələrinin və Milli qəhrəmanların özlərinin də iştirak etdiyi bu tədbirdə şoka düşdüm. Məntiqlə Milli Qəhrəmanların heç bir problemləri olmamalıdır. Axı nə problemləri ola bilər? Sayı hesabı bilinməyən Qarabağ veteranlarından, eynilə heç barıt iyi iyləməmiş Qarabağ əlillərindən fərqli olaraq, Milli Qəhrəmanların sayını saxtalaşdıra bilmirlər.

Axı nə qədərdir bu qəhrəmanlar? Cəmi 211 nəfər. Onların cəmi 18-i sağdır. Qalanlarının ailələri qalıb. Guya onlara nə lazımdır? Guya onlar dövlətdən nə istəyirlər? Dövlət onun yolunda vuruşanları orta səviyyədə yaşatmalıdır. Ən aşağısı, orta səviyyəli məmurun nəyi varsa, onların ailələrinin də olmalıdir. Görün nə gündəyik ki, analoqsuz iqtisadi inkşafı olan bir dövlətin Milli Qəhrəmanları kirayədə yaşayır. Milli qəhrəman ailəsi dövlətdən bağ istəyir. Milli Qəhrəman ailəsi dövlətdən layiqli həyat istəyir. Milli Qəhrəman vəsiqəsi olmayan, yəni Milli Qəhrəman təsdiq edici bir sənədi olmadan bu ulduzu taxmır. Axı niyə də taxsın? Əgər məni bu ada layiq görürsənsə, zəhmət çək onu təsdiq edən sənədi ver. Deyək ki, başqa şeylərə pul xərcləmək lazımdır, onu da boğazınızdan və ya cibinizdən artıra bilmirsiniz, heç olmasa Milli Qəhrəmanın vəsiqəsini verin.

Bu paradoksdur, nonsensdir. Milli Qəhrəman adı verəsən, onun nə statusu ola, nə vəsiqəsi. Axı Milli Qəhrəman, bu vətənin ən layiqlərinə verilən bir addır. Deməli, Milli Qəhrəman bizim ən layiqli qardaş və bacılarımızdır. Bizim cavanlar onlardan örnək götürür. Görməlidirlər ki, vətən yolunda ölmək şərəfdir. Gənclər görməlidirlər ki, dövlət öz qəhrəmanlarını necə qayğı ilə əhatə edib. Onda cavanlarımız da ruhlanıb bu qəhrəmanların yolunu təkrarlayacaq. Lakin kirayədə yaşayan, sabah nə yeyəcəyini bilməyən, nimdaş paltarda, dərd əlindən beli bükülmüş qəhrəmanı görən cavandan biz nə gözləyək.

Axı bizim qabaqda azad olunası, əsarətdə olan torpaqlarımız var. Kasıbçılıqla mübarizə aparan bir Milli Qəhrəman ailəsinin övladları, rəhmətlik ataları ilə fəxr edər, lakin atasının yolunu təkrar edərmi? Heç ailəsini demirəm, bütün bu problemlər içində boğulan Milli Qəhrəman, şəhid, müharibə əlili ailəsini görən hansı cavan yenidən müharibəyə getmək istəyər? Axı öz qabağında olan örnəkdən o nə götürəcək? Nə fikirləşəcək? Mən deyim. Sabah onun başına bir iş gəlsə onun ailəsi ac qalacaq. Çünki Azərbaycanda Qarabağ Müharibəsi iştirakçılarına, hansı titulda olmasından asılı olmayaraq, hörmət yox dərəcəsindədir.

Deyirlər, bizdə analoqu olmayan iqtisadi inkişaf gedir. Ola bilər bizdə deyəndə kimlərsə özünü nəzərdə tutur. Lakin belə inkşaf mərhələsində olan bir dövlətin titullu və ya titulsuz, orden-medallı və ya orden-medalsız müharibə istirakçısı banklara yalvarmaz ki, mənə kredit verin. Dövlət özü gərək onlar üçün üzünmüddətli faizsiz kredit ayırsın. Onları ən yeni müalicə üsulları və dərman preparatları ilə təchiz etsin. Demirəm çox, ən aşağı gərək onların ailə üzvlərinin gəliri adambaşına orta əməkhaqqına bərabər olsun. 2-ci qrup Qarabağ əlilinə 135 manat təqaüd verirlər ki, bu, bir adamın heç orta əmək haqqı eləmir. Bəs onun ailəsi? Bu adamlar millətin qızıl fondudur. Bu adamlar millətin fəxr yeri olmalıdır. Lakin deyəsən utanc yeridir. Baxın qonşu dövlətlərə və utanın. Əgər utana bilirsinizsə.

Hər halda Azərbaycan oğulları müharibədə əlil olublarsa, qəhrəmanlıq göstərib şərəfli ada layiq görülüblərsə, deməli, onlar dövlət və millət qarşısında borclarını yerinə yetiriblər. Bəs dövlət niyə öz borcundan çıxmır? Artıq yox, bu adamlara nə verməlidirsə onu versin, nə etməlidirsə onu etsin.

Nurəddin Xoca

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button