Harınların avtomobil terroru!

Bir tərəfdə ölkə başçısı görüşlərində, çıxışlarında torpaqlarımızın azad ediləcəyini bəyan edir, gəncləri vətənpərvərliyə səsləyir, o biri tərəfdə kiminsə harınlamış övladları insanları tapdalayıb öldürür…

Nicat Məmmədzadə
Nicat Məmmədzadə

Bir neçə gün əvvəl akademik Bəkir Nəbiyevin nəvəsinin ölümünə səbəb olan və ölkədə böyük rezonans yaradan dəhşətli yol qəzası ilə bağlı daha bir maraqlı fakt əldə edilib. Məlum faciənin “qəhrəmanı”nın eksklüziv fotoları və onun haqqında maraqlı məlumatlar “Qafqazinfo”ya daxil olub. Portal əldə etdiyi həmin fotoları və informasiyanı təqdim edib. Belə ki, hadisəni törədən Nicat Ruzigar oğlu Məmmədovun 19 yaşı var. Məlumatlara görə, o, hadisəni dayısına məxsus bahalı “Mercedes S-class” markalı avtomobildə törədib. Nicat özü də maşın həvəskarı olub və azyaşlı olmasına baxmayaraq, dəbdəbəli həyat yaşamağı ilə ətrafın diqqətini çəkib. Tay-tuşları arasında “Qarğa Nicat” ləqəbi ilə tanınan “qəhrəman” həmçinin olduqca imkanlı ailənin övladıdır. Onun həyat tərzi ilə təqdim etdiyimiz fotolarla daha yaxından tanış ola bilərsiniz.
Maraqlıdır ki, son dövrlər Azərbaycanda avtomobil qəzaları sanki terror şəkilində törədilir. Baş verən hadisələrə, bu hadisəni törədənlərə, onların idarə etdiyi maşınlara baxanda ancaq bir şeyi demək mümkündür – harınların özbaşınalığı… Bəs görəsən nəyə görə bu harınların özbaşınalığın qarşısını bizim asayiş keşikçilərimiz, yol polislərimiz ala bilmir?
Bir tərəfdə ölkə başçısı keçirdiyi bütün görüşlərdə, insanlar qarşısındakı çıxışlarında işğal altındakı torpaqlarımızın azad ediləcəyini bəyan edir, nitqləri ilə gəncləri vətənpərvərliyə səsləyir, o biri tərəfdə kiminsə harınlamış övladları 100 minlik “Mercedes S-class”, “Range Rover”lə günahsız və məsum insanları tapdalayıb öldürür… Bu paradoksallıq bizə nə deyir?
Axı Mərkəzi Bankın qarşısında, o cür hərəkətin sıx olduğu, az qala piyada yeriyəndə insanların bir-birinə dəydiyi küçədə kimin ixtiyarı çatar ki, maşını maksimum sürətlə idarə edib camaatın üstünə çıxsın?
Bu hadisədən cəmi bir həftə əvvəl isə Bakının Nəsimi rayonunda 16 yaşlı Aydın İlqar oğlu Aydınlı atasına məxsus 90 FZ 100 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillə Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimovu vurub öldürmüşdü.
Elə həmin gün yenə də Azərbaycanda “Range Rover”lə daha bir azyaşlı uşağın həyatına son qoymuşdu. Novxanı kəndində Bakı şəhər sakini Ramin Sadıqov idarə etdiyi “Range Rover” markalı 10 GF 010 dövlət nömrə nişanlı avtomobillə həmin kəndin kənd sakini 6 yaşlı Nərgiz Rüstəmovanı vurub öldürmüşdü.
Cəmi son bir-iki həftədə baş verən bu üç faktın adı nədir, cənablar? Kimlər törədir axı bu cinayətləri? Niyə bu adamlara qarşı ölçü götürülmür? Niyə ictimaiyyət məlumatlandırılmır cəzalandırılanlarla bağlı? Cəmiyyət bu qədərmi reaksiyasız və ölü vəziyyətdədir?

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

nicat-memmedzade
Nicat Məmmədzadə

 

Əlaqəli məqalələr

1 şərh

  1. Bu qudurmush balalari qudurdan gunahkar, qudurmush haramla xalqin pulunu yeyen valideyinlerdi, bahali masin bahali nomreler, bir nomreni avtomobilleri qeydiyyata alan idarenin reisi Mushvuq Rehimov 5000 manatdan ashagi satmir ele bil atasindan miras qalib, biyabirciliqdi bunlar hamsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button