Harlem Dezir jurnalistin azadlığa çıxmasından məmnun qalıb

“Hakimiyyəti həbsdə olan bütün digər jurnalistlərin və blogerlərin sərbəst buraxılmasına çağırıram”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir jurnalist Seymur Həzinin avqustun 29-da həbsdən azad olunmasından məmnun qalıb.

Bu barədə Harlem Dezir “Twitter”-dəki mikrobloqunda fikirlərini paylaşıb.

“Mən Azərbaycanda jurnalist Seymur Həzinin 5 illik həbs cəzasını çəkəndən sonra azadlığa çıxmasından məmnunam. Ölkədə həbsdə olan bütün digər jurnalistlərin və blogerlərin sərbəst buraxılmasına çağırıram”.

Dünən jurnalist Seymur Həzinin 5 illik həbsi yekunlaşıb. O, verilən cəzanı tam çəkməklə azadlığa buraxılıb.

“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası almışdı. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzinin həbsinin qanunsuz olduğunu etiraf edib və jurnalistə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödənilməsi barədə qərar çıxarıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button