Hatəmi inqilab edəndə İlham Əliyev harada idi?

Qaranlıq Məqam

Bakir Həsənbəyli

 İlham Əliyev və onun komandası öz fəaliyyətlərini tarixi inkar üzərində qurublar. Azərbaycan xalqının yeni tarixində ciddi əhəmiyyəti və nəticəsi olan bir hadisə məhz bu xalqa prezident olan şəxs tərəfindən sıradan bir, hətta olmamış olay kimi xarakterizə edildi. Ən acınacaqlısı isə bu fikir məhz əcnəbi kanalın efirindən dünyaya səsləndi/ Hər kəs seyr etdi. Hər kəs hər şeyi bilir. Hər kəs də susur. İlham Əliyev bu dəfə də xalqının qüruru ilə oynadı. Amma bu dözümlü xalqın artıq xarakteri deyil, məhz özü ehkama çevrilib. Bu, artıq xalq deyil, səbr daşıdır. Mən daş oğlu olmaq istəmirəm.

Son səfərindən sonra hamı, hər kəs Fransa prezidentini tənqid edir, “belə etməməli” idi deyə, onu qınayırlar. Bu məmləkətdə ediləcək yaxşı nə isə qaldımı? İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti cəmi 22-23 il öncə baş vermiş tarixi hadisəni inkar etdiyi halda, Sarkozi – o macar oğlu yəhudi mənim şəhidimə niyə hörmət etsin ki? Adam öz xalqının verdiyi şəhidin sayını dəqiq bilmir. Sarkozi günahkarmı bunda?

Görəsən, Məhəmməd Hatəmi Tantəkin başına qırmızı bağlayıb SSRİ böyda nəhəngə meydan oxuyanda İlham Əliyev harada idi? Amma o İlham Əliyev bu gün buradadır, həm də azadlığında zərrə qədər payı olmayan Azərbaycanda prezidentdir. Məhəmməd Hatəmi isə hansısa dılğırın bağında acından ölməmək üçün qaravul çəkir. Budurmu bu məmləkətin insani duyğusu, keçmişinə sahiblənməyi, tarixini sevməyi? Olmaz olsun. Bu xalq doğrudan da öz prezidentinə çox oxşayır.

İlham Əliyev doğru olmayan bir yol tutub. O yol mənim yolum deyil. Mən o yolda ola bilmərəm. Ona görə yox ki, mən belə istəyirəm. Məhz ona görə ki, həmin yol mənim millətimə məxsus deyil. “Ümmətimin başına onu doğru yoldan sapındıran adamların keçməsindən qorxuram” söyləyib Allahın Rəsulu (s.ə.s). Qorxulası zamandı. Yolumuzdan sapınırıq. Məhəmməd Hatəmilərin hələ ki yaşadığı məmləkətdə prezident olmaq bu qədərmi asan olub? Görəsən, illər öncə Hatəmi gizli mübarizə apardıqları dönəmlərlə bağlı mənə söylədiyi xatirələrini İlham Əliyevə də danışsaydı, o yenədəmi tarixə bu cür etinasız olub, hər şeyi inkar edərdi?

Hesab edirəm ki, dövlət başçısının bəyanatına həmin vaxt meydanda milyonlara xitab edən şəxslər – İsa Qəmbər, Sabir Rüstəmxanlı, ümumiyyətlə hər kəs, meydan hərəkatının liderləri, bu gün bu iqtidara müxalifətdə olanlar da, ona satılanlar da münasibət bildirməlidirlər. Bir millətin tarixi göz görə-görə silinir. Tarixi silmək olmaz, deməyin bəylər. Niyə bu gün bir nəfərin inkarının bərpasına illərimizi verək? Olmazmı ki, elə bu gün, bu an münasibətimizu bildirək? Və hər münasibət də tarixə keçsin? Onsuz da Əliyevlər rejiminin hər günü az qala bir ilə bərabərdir. Lakin Azərbaycanın azadlığı, müstəqilliyi uğrundakı meydan hərəkatı bir gün üçün deyildi axı, tarix üçün idi. Hətta bir gün olsa belə tarixdir, məhz bu xalqın – sənin, mənim olan tarix.    

Mən sənə söyləyirəm, cənab İlham Əliyev, xalqın sevgisi – “Bu gün birlik günü, millət səfərbər, Heydərin ardınca İlhamdır rəhbər” – deyə hansısa saray şairinin yazdığını, hansısa düşük müğəninin efirdən yaltaqcasına hayqırması demək deyil. Xalq sevgisi Məhəmməd Əminədir. Sağ olarkən üzünü, dünyasını dəyişəndən sonra isə məzarını belə görmədikləri öndərini sevir millət. Hələ doğru-düzgün xalqının Onu tanımasına imkan vermədiniz, otaqlardan şəkillərini, təhsil ocaqlarından adını, kitablardan haqqındakıları belə sildiniz, götürdünüz. Üzünü görmədiyiniz, bu gün həyatda olmayan insanla prinsip apardınız. Amma bu dəfə də uduzdunuz, həm də həyatda olmayan birisinə.

42 il başlarına tac etdikləri Qəzzafinin mülklərini bu gün sadəcə dağıtmır, məhz sökür Liviya xalqı. Minlərlə insan evsiz-eşiksiz qalsa da, uşaq bağçaları, məktəblər bömbardman olsa da, o mülklərdən kimsə heç bir məqsədlə istifadə etmir, etmək istəmir. Bu kimlərəsə nə isə deyir? Siz bu xalqı nə hesab edirsiniz? Gördüyünüz aysberqin görünən tərəfidir. Aldanmayın.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button