Heç kimin bilmədiyi xəbərlər

Zamin Hacı

“Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!”
Rəsul Rza

Mən onsuz da bu yapokratların sinik olduğunu bilirdim, ancaq bu dərəcəsi hətta məni də heyrətləndirdi.

Yazıçı-publisist Rafiq Tağı öldürüldü, bu haqda yerli müstəqil mətbuatdan tutmuş dünyanın “Assoşieyted Press”, “Vaşinqton Post”, “Frans Press” kimi nüfuzlu media quruluşlarına qədər hər bir özünə hörmət edən KİV-i məlumat yaydı. Hətta İranın bir xəbər agentliyi də iyrənc motivlə də olsa Rafiq Tağının qətlini xəbər verdi. Ancaq yapokratların iki gülməşəkər qəzetciyi – “Yeni Azərbaycan” və “Azərbaycan” bu ölümdən bir cümlə də yazmayıb.

“Yeni Azərbaycan”ın məsələsi aydındır, bir qəzet ki, hətta özünü yaradanlardan olan keçmiş Bakı rəhbəri Rafael Allahverdiyevin də ölümündən xəbər yazmamışdı, ondan hansısa prinsiplər ummaq əbəsdir. Ancaq “Azərbaycan” qəzeti Allah heç qoymasa bizim milli deputatxananın orqanıdır, ölkədə və dünyada böyük əks-səda doğuran hadisəni yazmalı idi. Gəlin indi sinizmə baxın. Burda həmin “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqovun bu mövzuda suala hansı cavabı verdiyini təkrar oxuyaq: “Rəhbəri olduğum qəzet adətən görkəmli ziyalılar, dövlət xadimləri barədə nekroloqlara yer verir. Biz bunu özbaşına etmirik ki. Ortada müəyyən prinsiplər var. Hazır nekroloqları yayımlayırıq. Başsağlığına gəlincə, kim ki, qəzetimizdə başsağlığı üçün müəyyən məbləğ ödəyir, onu yayımlayırıq. Reklam haqqı ilə başsağlığı elanı veririk”. Belə çıxır ki, Bəxtiyar bəy hansısa dövlət xadiminin ölümü haqda xəbəri də pul almasa verməz. Mənə çox maraqlıdır, görəsən “Azərbaycan” qəzeti 2003-cü ilin 12 dekabrında Heydər Əliyevin ölüm xəbərini neçəyə dərc edib?

Ancaq sinizm bununla bitmir. Ardını oxuyun və bizim deputatxananın, o cümlədən onun qəzetinin nə gündə olduğunu bir daha görün: “Qəzetimizdə Rafiq Tağı üçün xüsusi material verməyə zərurət görmədik. Qəzetimizin əməkdaşı olmayıb. Xəbərə gəlincə, hamı hər şeyi bilir. İnternet, televiziya vasitəsilə hadisədən dərhal sonra insanlar bundan xəbər tutdular. Hamının bildiyi şeyi isə xəbər vermirik”. Vay-vay… Xəbərçiliyin bu cür unikal metodlarını BDU-da öyrətmək lazımdır.

Məsələn, bir-iki gün qabaq Bakı qardan iflic olanda Bəxtiyar Sadıqov elə həmin “Azərbaycan”da hökuməti tənqid eləmişdi. Yazmışdı ki, bəzi qurumlar yarıtmaz işləyirlər, yolu qardan təmizləmirlər, nəticədə mən maşında 4 saat qaldım, üstəlik işığımız da keçmişdi və sairə. Məntiq deyir ki, həmin gün Bakıya qarın yağmağını, o cümlədən problemləri yalnız Bəxtiyar əkə görübdür, yoxsa prinsiplərinə xəyanət edib bunu qəzetində yazmazdı.

Eləmədim tənbəllik, açıb bu qəzetin www.azerbaijan-news.az ünvanlı saytına baxdım ki, görəsən orda hamının bilmədiyi daha nələrdən yazıblar. Dəhşət idi. Birinci xəbər belə idi: “İlham Əliyevə xalqın 95 faizi etimad göstərir”. Olmadı ki, bu. İndi Bəxtiyar bəy demək istəyir ki, bunu heç kim bilmirdi, biz yazdıq bilsinlər? “Sən də mi Brut?”
“Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib” – bu isə qəzetdə 2-ci başlıq idi. Demək, bunu da hamı bilmir… O üzdən mən də girdim bu xəbərin içinə, görüm söhbət nədən gedir. Vay-vay… Sən demə Bəxtiyar bəyin heç öz qəzetindən xəbəri yoxdur! Bu başlıq prezidentin şöbə müdiri Əli Həsənovun intervüsünə aid imiş, orda Həsənov Rafiq Tağının ölümündən danışıb. Düzdür, intervü mediaforum.az-dan götürülüb, ancaq hər halda bunun hesabına da olsa “Azərbaycan”ın oxucuları (əgər məndən başqa kimsə var idisə – Z.H.) yazıçının ölümünü biliblər.

Bundan başqa qəzetdə “Azərbaycan hamımızın vətənidir”, “Bakı Azərbaycanın paytaxtıdır”, “Eşşəyin başını yuyanda yağış yağar” kimi sensasion, dünyaya məlum olmayan xəbərlər var idi, ancaq daha bəsdir.

Rafiq Tağının ölümünə orijinal münasibətlərdən birini də Azərbaycan Yazıçılar Birliyi adlı hökumət qurumu bildirib. Yazıçı noyabrın 19-u bıçaqlanıb, 23-ü ölüb, yalnız 25 noyabrda AYB-də kimsə anlayıb ki, bu qədər susmaq çox ayıbdır, bu qətli pisləyən bəyanat veriblər. Bəlkə yazıçının il mərasimini də gözləyə bilərdilər. Bəlkə Rafiq Tağı qəflətən ölməsə heç bu bəyanat da olmazdı. Bıçaqlanması – buna dözmək olarmış…

Sonda yazıçı Usuboğlunun azadliq.org saytındakı şərhinin də yeri var: “Ziyalılar Forumu, bəs indi hardasız? Ziyalı bir adamı işdən çıxaranda bəyanat verdiniz. Bu biri ziyalını işdən yox, həyatdan çıxartdılar, bıçaqladılar, öldürdülər. Harda qaldınız, harda???”

“Qafqazinfo”

27.11.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button