HEÇ NƏYƏ BAXMAYARAQ, SİZ ONLARI ƏFV EDİN!

Bu yazını yazmazdan əvvəl çox düşündüm. Sonunda qərar verdim. Qarşıdan “əfv” gəlir. Ümidə sığınanların sayı hesabı yoxdur. Nədən başlayım, necə yazım ki, “xətiri əziz olanlar” inciməsinlər, oxuyub qəzəblənib, yenə həyatımızın ortasına daş qoymasınlar. Çox ağırdır bunu yazmaq. Amma nə edəsən ki, reallıqlar buna vadar edir. 30 ildir Azərbaycan mətbuatındayam. Qəzetlərdən tutmuş, informasiya agentlikləri və nəhayət televiziyalara qədər bu sahədə çalışmışam. Yəni Azərbaycan mətbuatını çiynində, ruhunda hiss eləyənlərdənəm. Mətbuatda kimin kim olduğunu bəlkə də özündən daha yaxşı bilirəm. Bir yerdə böyümüşük, bir yerdə yaşlanmışıq.

Mətbuat heç bir zaman mənim üçün qazanc yeri olmayıb. Sözümü açıq deyə biləcəyim, cəmiyyətə az da olsa xeyir verəcəyim məkan olub. Hardan hara…

   

Əvəz Zeynallı

Tale elə gətirib ki, ömür-gün yoldaşım da mətbuatın ağırlığını, qara fəhləliyini çiyinlərində daşıyan adam olub. Onun zəhmətkeşliyinin, fədakarlığının qarşısında hər zaman baş əymişəm. Bu qədər məhəbbətlə, bu qədər fədakarlıqla öz peşəsini sevən bəlkə də tək-tük adam olar Azərbaycanda. Adını, imzasını özündən əvvəl tanımışam, çox bəyənmişəm. Sanki düşündüklərimi o hiss edərək qələmə alıb. Mənim kimi bəlkə də bu ölkədə yüzlərlə belə adam olub, deyə bilmədiklərini, dilə gətirə bilmədiklərini qələmə alan bir jurnalistin timsalında rahatlıq tapıblar. Qəzetlərin öndə getdiyi zamanlarda onun necə fədakarlıqla qəzet çıxardığının şahidi olmuşam. “Xural”ı necə təsis etdi, onun yaşaması üçün hansı fədakarlıqları göstərdi məndən yaxşı bilən yoxdur. Türkiyədə özünün təsis edib, buraxdığı “Böyük Gələcək” dərgisində Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəldən tutmuş, Kipr Türk Cumhuriyyətinin prezidenti Rauf Denktaşa qədər onlarla önəmli siyasətçidən müsahibə götürmüş, Azərbaycanın mətbu blokadada olduğu dönəmlərdə Azərbaycan siyasətçilərini Türkiyədə tanıdan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran bir adam haqqında yazıram bunları.

Başqa sahədə işləyə bilməzdimi? Əlində divar kimi diplomu var.

Təhsil aldığı Ankara Dövlət Universitetinin hüquq fakultəsini bitirənlər bu gün də Türkiyənin dərin dövlətində, ən önəmli siyasi sferalarda fəaliyyət göstərirlər. Vaxtında, zamanında Türkiyəni deyil, Azərbaycanı, Vətənini tərcih  etməsi ömrünü bir nöqtədən, digər nöqtəyə sürüklədi. Azərbaycanda heç nə olmasa da,  ondan çox yaxşı vəkil olardı. Buna o qədər əminəm ki… Amma qanunların işləmədiyi bir məmləkətdə hansı vəkilin savadı yetərlidir ki? Ona görə seçimi mətbuatın üzərində dayandı.

Haqqında hər zaman müxtəlif fikirlər səsləndi. Cəmiyyətin alt şüuruna “təkbaşına bu qədər işin öhdəsindən necə gəlmək olar?” kimi “müəmma”lar qoydular. Düşündülər ki, Əvəz Zeynallı necə olur ki, bir gün belə maliyyə mənbəyi olmadan bu qədər ağır şərtlərdə qəzet çıxarır?

Halbuki bunun çox sadə açıqlaması var. Əvəz Zeynallı o adamlardandır ki, hər zaman xalqına və özünə güvənib. Aldatmayıb, yalan danışmayıb, kimlərəsə məddahlıq edib, pul qazanmayıb. Xalqın sevgisi belə qazanılır, cənablar.

Utanıram yazmağa, ən aşağı bildiyim cinayət maddələrilə susdurulmağa çalışıldı. 2011 də olduğu kimi eyni ssenari işə düşdü: 7 ay istintaq, 11 ay məhkəmə prosesi, 9 il həbs cəzası.

9 möhtəşəm il nə deməkdir? Fərqindəsinizmi? Əvəz Zeynallı jurnalistdir, vəzifəli şəxs deyildi ki…

Azərbaycanda bilməyən yoxdur, Əvəz Zeynallı həbsindən əvvəl tənqidi çıxışlarına, “Xural TV” youtube kanalının hər gün böyüdüyünə, haqq sözü insanlara çatdırdığına görə həbs olunub. Həbs bu məmləkətdə susdurmağın başqa bir yoludur. Bunu bilməyən qalıbmı?

Artıq ömür limitimiz də dolur. Budurmu, dövlətçiliyimiz naminə, Azərbaycan naminə ömrümüzü verdiyimiz fədakarlığın mükafatı? Axı, belə olmamalıdır? Bu ölkədə nə qədər düşmən qüvvə olsa da, Əvəz Zeynallını bir tənqidçi jurnalist kimi dəyərləndirəcək 5-3 adam qalmalıdır…

Vəziyyət bu qədərmi ağırdır?  Yəni Azərbaycanı sevdiyi üçün, peşəkar fəaliyyət göstərdiyi üçün mütləq həbsdəmi saxlanılmalıdır?

Elnur Şükürov

2 gül balası, xəstə ana-atası və həyat yoldaşı var. Həyat yoldaşının xəstəliyi haqda heç nə yazmaq istəmirəm. Amma qadın heç bir zaman tək qala bilməz, istənilən vaxt xəstəliyinin qurbanı ola bilər. Övladlarının, xəstə qaynana-qaynatasının daim nəzarəti altındadır. Bilirsinizmi, Elnur niyə həbs olunub? Baş Prokurorluğun israrı ilə Əvəz Zeynallıya qarşı yalan ifadə verməkdən imtina etdiyi üçün, “Səda TV” internet kanalında dövlət məmurlarını tənqid etdiyi üçün 4 il, cənablar, 4 il azadlıqdan məhrum edilib. Etdiyi hansısa cinayətə görə yox, məhz “üzədurmadığı”na görə, Cəlilabadın problemlərini işıqlandırdığına görə.

Əvəz Zeynallıya hökm oxundu

Bütün nəsil, Cəlilabadın yarıdan çoxu ayaq üstədir. Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanan yüzlərlə insanın müraciətinə əhəmiyyət vermədilər. Xalqı heçə saydılar. Dövlətin nüfuzuna, etibarına zərbə vurmağa dəyərdimi? Sifariş yuxarıdan gəlir, aydındır. Amma belə məsələlərdə qanun ali olmalı və ikili standarlarla ortaya qoyulmamalıdır. Əgər dövlət büdcəsinə milyonlarla zərər vuran, rüşvət əlində tutulan məmur ilk gündən ev dustaqlığına buraxılırsa, Elnur ümumiyyətlə, həbs olunmamalı idi. 11 ay sürən məhkəmə prosesində Elnurun hansı cinayəti sübut olundu? Amma nə edəsən ki, bura Azərbaycandır. Burada qanunlar yox, “sifarişlər” alidir.

Əziz Orucov

Əzizi çoxdan tanıyıram. Nə qədər mərd, təvazökar, səmimi olduğunu bilirəm. Hətta oğlum, kiçik qardaşım qədər xətrini çox istəyirəm. Tanıdığım uzun illər ərzində bir dəfə də olsun səhvini görmədim. Öz həyatını sakit yaşamağı seçən bir insandır. Ziyalı ailəsində böyüyüb. Anası Almaz xanım tanıdığım çox ziyalı xanımlardandır: İstiqanlı, səmimi. Amma xəstəlik bir yandan, Əzizin həbsi də digər yandan amanını kəsib. “Axı, mən elə oğul böyütmədim ki, həbs olunsun?” Düz də deyir. Əziz nə edib ki, həbs olunsun? Oxucularımızın yadında olar, onu həbs etməyə gələn əmilərin yanında ayağına dolaşan 3 yaşlı qızcığazın fəryadını. Bilirdi ki, o əmilər atasını aparmağa gəlib və uzun müddət də onu görməyəcək – gecə yuxuda qorxub ağlayanda yanında olmayacaq, qucağına sarılıb yatmayacaq, oyun meydançasına daha atası ilə getməyəcək. Özündən də kiçik bacısı ata nəfəsinə, ata qayğısına möhtac qalacaq. Kiçik Almaz bir şeyi unudur, onun atasının həbsini əmir verənlər, bu hisslərin nə olduğunu yaşamayanlardır.

Əziz oxucu, bilirsinizmi, Əziz niyə həbs olunub?

Əvvəlcə dedilər ki, qanunsuz ev tikib. Azərbaycanda bu bəhanə ilə həbs olunan ilk adamdır Əziz. “Ginnesin Rekordlar kitabı”na düşsə, təəcüblənməyin. Qanunsuz ev tikib, əlinizdə deyil, özünə də sökdürün, daha adamı niyə həbs edirsiniz? Sonra mahiyyətin nə qədər gülünc olduğunu hiss edib, “qaçaqmalçılıq” maddəsini də “cinayət”ə əlavə etdilər. Anasının təqaüd kartını blokladılar. Bu kiçik ailəyə gələcək kiçicik pula belə qadağalar qoydular. Niyə? Çünki Kanal 13 youtube kanalının abunə sayı 2 milyona yaxınlaşırdı. Kanal 13 artıq cəmiyyətdə obyektiv xəbər daşıyıcısı kimi tanınırdı. Əziz mətbuatın qızıl qaydalarına riayət edirdi: obyektiv, qərəzsiz olmağa çalışırdı. Məhz ona görə də mükafatı dəmir barmaqlıqlar oldu.

Sənan Abdullayev

Hərbi jurnalist kimi mətbuatdan tanımışam. 20 ilə yaxın müddətdə “AZTV”, “SPACE” və  “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində də çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı “Sənan Həsənoğlu” imzası ilə fəaliyyəti  hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb.

Bəs, Sənan bilirsinizmi, niyə həbs olunub? Goranboy rayonu ilə bağlı yerli camaatın şikayətlərini işıqlandırdığı üçün Goranboy Rayon İcra Hakimiyyəti başçısının əmrilə aparatın səlahiyyətli məmurları yalan ifadə verib, adamı həbs etdiriblər. 3 ilə yaxındır həbsdədir. Bu o, Sənan Abdullayevdir ki, başının üstündən avtomatın güllə yağışı müharibə bölgəsindən qorxmadan, çəkinmədən reportajlar hazırlayıb. İndi süddən ağ Goranboy icra hakimiyyəti bir jurnalistə qolunun gücünü göstərib, “burada mənəm, Bağdadda kor xəlifə” deyir. Mətbuat Şurası da susur…

Bax, belə. Tanıdığım 4 jurnalist haqqında bildiklərimi yazdım. Onların dördü də həbsdədir. Elə bir məmləkətdə həbsdədirlər ki, burada qanunlar vətəndaşlara tutduqları sosial statusa görə ikili standartlarda tətbiq olunur. Ona görə də, çox gözəl anlayıram ki, onların azadlığı bir “əfv”in qüdrətindədir.

Dəyməz. Yəni bu qədər əziyyətə dəyməz. Mətbuat adamları qoruzorlu, topu, topxanası olan toplum deyil. Əmr yuxarıdan gələcəksə, qələmi yerə qoyub, “prius”la taksi sürüb, ailələrini dolandıracaqlar. Yetər ki, azadlıqlarını əllərindən almayın.

Məlahət Qisuri Zeynallı

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button