Heydər Əliyevin Milli Azadlıq Hərəkatına münasibəti

Azərbaycanın Milli Azadlıq Hərəkatına Ata Əliyevin və Oğul Əliyevin fərqli yanaşmaları

Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dünyanın məşhur telekanallarından olan «Əl-Cəzirə»yə müsahibəsi ölkədə siyasi gündəmin əsasına çevrilib. İ.Əliyev müsahibəsində bildirib: «Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv proses idi və Sovetlər Birliyinin süqutu nəticəsində biz müstəqilliyə nail olduq».

Xatırladaq ki, «Əl-Cəzirə» telekanalı əməkdaşının sualına baxmayaraq, Azərbaycan prezidentinin Milli Azadlıq Hərəkatını yada salmaması və bu tarixin üstündən keçməsinə ilk dəfə «Xural» qəzeti olaraq reaksiya verdik və bunu Heydər Əliyev siyasi xəttindən çıxma kimi dəyərləndirdik. Məlumat üçün qeyd edək ki, Heydər Əliyev dəfələrlə Azərbaycanın müstəqillik qazanmasında 1988-ci ildə başlayan Azadlıq Hərəkatının böyük önəmini və həmin dövrün liderlərini yüksək qiymətləndirdiyini demiş və bunu xüsusilə vurğulamışdı.

«Xural» qəzeti eks-prezident Heydər Əliyevin Milli Azadlıq Hərəkatı ilə bağlı çıxışlarından yalnız birini əldə edib. Bu fikirləri Heydər Əliyev Azərbaycan yazıçıları ilə görüşündə, xalq şairi Sabir Rüstəmxanlının məruzəsinə münasibət bildirərkən demişdi. Yeri gəlmişkən, bu fikirlər Heydər Əliyev külliyyatının 13-cü cildində əksini tapıb.

 

Həmin çıxışı qısa ixtisarla təqdim edirik:

 

«…Sabir (Sabir Rüstəmxanlı nəzərdə tutulur – red.) burada bir məsələyə toxundu. Mən buna öz münasibətimi bildirmək istəyirəm. Amma mən bunu əvvəllər də demişəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Moskvanın, İttifaqın o vaxtkı dövlət başçılarının Azərbaycana ədalətsiz münasibətilə əlaqədar və o vaxt Azərbaycana başçılıq edənlərin, həmin o Kommunist Partiyası rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının problemlərinə lazımi qayğı göstərməməsilə əlaqədar, bəlkə də öz hərəkətlərilə xalqına xəyanət etməsilə əlaqədar ayağa qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin PARLAQ SƏHİFƏLƏRİDİR (fərqləndirmə bizimdir – red).

Mən hesab edirəm ki, heç kim onları başqa cür qiymətləndirməməlidir. Şəxsən mən bu cür qiymətləndirirəm.

  Bilirsiniz, ora, həmin o meydana yüz minlərlə adam toplaşırdı. Onlar ora niyə toplaşırdı? Axı onları ora zorla aparmaq olmazdı. Deməli, onların tam əksəriyyətinin qəlbində olan milli hissiyyyat, torpaq, vətən hissiyyatı və ədalətsizliyə qarşı etiraz bu insanları ora toplayırdı. O VAXT O MİTİNQLƏRİ APARANLAR, XALQI BU İŞLƏRƏ DAHA DA CƏLB EDƏNLƏR DƏ, MƏN HESAB EDİRƏM Kİ, ÇOX CƏSARƏTLİ İNSANLAR OLUBLAR VƏ ONLARIN XİDMƏTLƏRİNİ DANMAQ OLMAZ (fərqləndirmə bizimdir – red.). Mən bunu həmişə qiymətləndirmişəm və qiymətləndirirəm. Həmin o mintiqlərdə burda oturan şəxslərin əksəriyyəti iştirak ediblər, – gəliblər, danışıblar, sözlərini deyiblər. Ona görə də mən hesab edirəm ki, bunların hamısı bizim xalqımızın qüdrətini, mənəviyyatını nümayiş etdirən səhifələrdir, hadisələrdir.

Siz gərək ki, unutmamisınız, – 1994-ci ilin yanvar-fevral aylarında Milli Məclisdə mənim təşəbbüsümlə məsələ qoydum, bildirdim ki, 20 yanvar hadisələrinə siyasi qiymət verilməyibdir. Xatirinizdədir, mən Milli Məclisə məktub yazdım, təşəbbüs qaldırdım. Milli Məclis bu məsələni təxminən iki ay müzakirə etdi və biz 20 yanvar hadisələrilə əlaqədar qərar qəbul etdik. Xatirinizdədir, o vaxt bunların hamısı televiziya ilə verilirdi. Çoxlarınız da da orada iştirak edirdiniz. O vaxtlar bəziləri istəyirdilər kimlərisə günahlandırsınlar ki, 20 gecəsi adamlar qırıldı. Çünki Nemət Pənahov, Etibar Məmmədov, yaxud da ki, Xalq Cəbhəsi insanları çıxartdılar, adamlar ona görə qırıldı. Onları da günahlandırmaq istəyirdilər. Sabir, xatirindədir, onda sən Milli Məclisdə var idin. Onları günahlandırmaq, qərara yazdırmaq istəyirdilər. Sənin də, başqalarının da xatırındədir ki, mən bunun əleyhinə çıxdım. Dedim, onlar günahkar deyillər. Onlar öz vətənini qoruyurdular, öz hissiyyatlarını bildirirdilər. Günahkar o tankları buraya gətirənlərdir, günahkar o tankları bura göndərənlərdir! Ona görə də mən o vaxt dedim, – nə Nemət Pənahovu, nə Etibar Məmmədovu, nə Xalq Cəbhəsini, nə başqasını, heç birisini günahlandırmaq olmaz. O vaxt mən buna imkan vermədim. Bəli, o vaxt bəzi qüvvələr çalışdılar qərara saldırsınlar və bunu tarazlaşdırsınlar ki, bəli, onların da, bunların da günahı var!

Amma mən o vaxt da belə fikirdə olmuşam, elə yanvar hadisələri zamanı Moskvada bunu eşıdən kimi də bu fikirdə olmuşam, ondan sonrakı dördə də, bu gün də bu fikirdəyəm:

 

AYAĞA QALXMIŞ XALQ ÖZ HAQQINI İSTƏYİRDİ,

 

öz sözünü deyirdi, onu basmaq, əzmək üçün tank göndərmək olmazdı! Bu, cinayət idi! Əgər küçədə öldü, əzildisə – bu onun günahı deyil ki, küçəyə çıxmışdı. O küçəyə hissiyyatını bildirmək üçün çıxmışdı. Bəziləri deyirdi ki, xəbərdar etməliydilər ki, tanklar gələcək, küçədən çəkilin. 130, yaxud 200, yaxud da ki, 20 adam həlak oldu, bunun fərqi nədir? Hər bir insan üçün bunun fərqi var, amma millət üçün bunun fərqi yoxdur. Millət üçün fərqi odur ki, millətin mənəviyyatını əzdilər!

Ona görə də o xalq ki, ayağa qalxmışdı və öz haqqını tələb edirdi, o rejimin əleyhinə çıxırdı və Moskvanın, o vaxtkı kommunist rəhbərliyinin Azərbaycan xalqına qarşı ədalətsizliyinə protest edirdi, Azərbaycanın o vaxtkı rəhbərlərinin istefasını tələb edirdi, – hesab edirəm ki, bunlar hamısı doğru-düzgün hərəkətlər olub. Bunları heç vaxt pisləmək olmaz. Onların iştirakçılarını heç vaxt günahlandırmaq olmaz. O cümlədən, XALQ CƏBHƏSİNİN O VAXT YARANMASI VƏ O DÖVRDƏ FƏALİYYƏT GÖSTƏRMƏSİ, MƏN HESAB EDİRƏM Kİ, TARİXİMİZDƏ MÜSBƏT QİYMƏTLƏNDİRİLMƏLİDİR. MƏNİM FİKRİM HƏMİŞƏ BELƏ OLUBDUR.

(…)

Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfi münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi.

Yaxud, Nemət Pənahovun özünü götürün. Düzdür, o vaxtlar mənim barəmdə daim kriminal axtarırdılar. Bəzi qəzetlərdə də yazırdılar ki, Heydər Əliyev Bakıda işləyəndə Nemət Pənahov onun bağında bağban olub, ona görə onun göstərişi ilə bu işləri görür. Amma bunlar hamısı uydurma sözlərdir. Mən Nemət Pənahovu qətiyyən tanımırdım. Bir də ki, mən Azərbaycandan gedəndə Nemət Pənahov yaşına görə yəqin ki, uşaq imiş. Çünki mən Azərbaycandan 1982-ci ildə getmişdim. Bu hadisələr 1988-ci ildə başlamışdı, o vaxtlar deyirdilər ki, onun 25 yaşı vardı. Qəzet belə yazırdı, bilmirəm neçə yaşı vardı, amma belə yazırdı.

O vaxtlar həqiqətən Moskvada belə bir fikir var idi ki, bütün bu məsələləri təşkil edən Heydər Əliyevdir,

 

XALQ CƏHBƏSİNİ TƏŞKİL EDƏN HEYDƏR ƏLİYEVDİR

 

Belə bir fikir var idi, məni günahlandırmaq istəyirdilər. Amma bir halda ki, bu barədə söhbət açılıb, mən Moskvada yaşayanda da, buraya gələndən sonra da bildirdim – Xalq Cəhbəsi ilə mitinqlərə gedən adamların əksəriyyəti Heydər Əliyevə müsbət münasibəti olan adamlar idi. Əksəriyyəti! Sən dedin ki, (Sabir Rüstəmxanlıya üzünü tutur – red.) onların içində istəyən də, istəməyən də vardı. Sabir, əksəriyyəti istəyən idi. Bəlkə də bunu mənim özüm deməyim yaxşı deyil, başqaları deməlidir. Bəlkə də onların əksəriyyəti meydanlara elə mənim adımla gedibdir. Mənə qarşı ədalətsizliyə etiraz edərək o meydanlara gedirdilər. Ona görə o meydanlarda olan hadisələri özümə doğma hesab etmişəm. Bəli, doğma hesab etmişəm!

  (…)

Ona görə də hesab edirəm ki, şəxsən mənim vətəndaş kimi, eyni zamanda, dövlət başçısı kimi, o dövrdə fəaliyyət göstərmiş adamların hamısına hörmətim var, o cümlədən Sabir Rüstəmxanlıya. Sabir Rüstəmxanlının da xatirindən çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə ilə keçirdik, bəli, hamımız birlikdə, siz də, mən də birlikdə. İndi az-az olur ki, 50 illik yubiley keçirilsin, elədir, ya yox? Olmamışdır? Hər şeydə bir kosmonavt olmalıdır.

Bəlkə də bu sözlər artıqdır, amma Sabir Rüstəmxanlının bəzi fikirləri məni bu barədə danışmağa vadar etdi. Ola bilər, lazım idi ki, mən bu fikirləri bir daha deyim, bir daha siz də biləsiniz, bütün cəmiyyət də bilsin. Mənim münasibətim belədir».

 

İlham Əliyevin münasibəti

 

Heydər Əliyev bu millətin İstiqlalçı deputatlarından biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət müstəqilliyinin Bərpası haqqında Kostitusiya Aktı qəbul olunarkən onun lehinə səs verən 43 deputatdan biri də Heydər Əliyev idi.

Bu gün – 18 oktyabr – 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının, başqa sözlə desək, 1988-ci ilin 17 noyabrından azad olan Azərbaycanın de-yure təsdiqlənməsiydi.

İlham Əliyev Heydər Əliyevin hörmət bəslədiyi şəxslərdən birini – Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlını qondarma ittihamla həbs etdirib;

İlham Əliyev azadlıq hərəkatında rol alanlardan biri kimi Heydər Əliyevin hörmət bəslədiyi adamlardan digərini – İstiqlalçı deputat Arif Hacılını da qondarma ittihamla həbs etdirib.

İlham Əliyev Heydər Əliyevdən fərqli olaraq, Milli Azadlıq Hərəkatını qəbul etmir və müstəqilliyi SSRİ-nin dağılması ilə əlaqələndirir.

«Prezident Heydər Əliyevin hüquqi və siyasi varisi» sayılan prezident İlham Əliyev atasının siyasi ideologiyasını heç də davam etdirmirmiş.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button