Heydərli Və Ilhamli Xalqımız!

Mirzə Sakit

Xalqımız qəhrəman xalqdır. Amma və lakin hələlik gözləməkdən başqa xalqımızın carəsi yox. Hələ yatıblar. Bir azdan ayılacaqlar, sonra yerlərində bir 10 il gərnəşəcəklər, 15 il əsnəyəcəklər, 10 ilə yorğanı üstlərindən kənara atacaqıar, 5 ilə yataqdan ayağa qalxacaqlar, 8 il arvadı çağırıb : – Gəl şalvarımı tap ver – deyəcəklər, 14 ilə tualetdə qurcalanacaqlar, 2 ilə əl-üz yuyanın yanına çata-çatda deyəcəklər ki, su gəlmir. Bir 4 il də suyu gözləyəcəklər. Nəhayət ki, su gəlhagəldə rəhmətə gedəcəklər… Sonra da inşallah, gələcək nəsillər onları əvəz edəcək. Xalqımız Babək-Koroğlu nəslidir, erməni və ermənisifət məmurlarımız qələt edərlər xalqımıza zərər toxundurduqları yerdə… Vallahi, kükrəyib yerlərindən elə qalxıb oynayarlar ki, heç bir zurnaçı dəstəsi onlara rəqs çatdıra bilməzlər.
Xalqımız həm də qədirbilən xalqdır. 40 il xalqımıza İmam Hüseyn zülmü edən Heydər Əliyovun heykəllərini vaxtlı-vaxtında ziyarət edir, onun ətrafındakı tər gülləri hər səhər sulayır, onun oğlu İlham Əliyovun məqsədyönlü siyasətini dəstəkləyir və ətrafında sıx birləşirlər. Məhz bunun nəticəsidir ki, xalqımız qarnının yemək pulunu qəpik-qəpik yığıb Heydər Əliyov adına fonda toplayırlar. Həmin fond da xalqımızın körpə cocuqlarına məktəb tikir və ora xərclənən pulun tən yarısını İlham Əliyov məllimin xırda cocuqlarına və toppuş nəvələrinə Dubayda, dünyanın müxtəlif ölkələrində mülklər alınmasına nail olurlar.
Xalqımız şair xalqdır. Bu vaxta qədər əksər görkəmli və ötkəmli şairlərimiz hörmətli Heydər və İlham Əliyov yoldaşlara saysız-hesabsız şeirlər, poemalar həsr edərək, hər iki gözəl Diktatorlarımızı bir daha tarıxə təhvil vermişlər. Buna təkcə ünlü, lopabığ, tayböyrək şairimiz Zəlimxan Yaqubu bariz nümunə göstərmək olar. Hətta bu ünlü şair bir az da uzağa gedərək Heydər Əliyovu “Peyğəmbər” adlandırmaq şərəfinə nail olmuşdur. Bu adlandırmanın müqabilində Heydər “Peyğəmbər”, Zəlimxanı zəlil olmağa imkan verməmiş və ona bir neçə maqazin, şadlıq evi və bina tikdirmək üçün xeyli hektar da torpaq yeri ayırmışdır. Bu atalıq qayğısından ruhlanan Zəlimxan və zəlimxanvarilər qələmlərini və dillərini işə salaraq, “Peyğəmbər” sözünü “Allah” sözü ilə əvəzləməyə cəhd göstərərkən, Heydər də Allahın irəhmətinə doğru yuvarlanmışdır.
Xalqımız yeyib-içən xalqdır. Toyları hələlik qoyaq bir qırağa, başlayaq yaslarımızdan. Məsələn, yaslarımızda (Allah hamımıza rəhmət eləsin!) düzənlənən 100 metrlik palatkada (İctimai Palatanı demirəm) bircə müsəlmanımız da bozbaş yeməmiş öldürsən də ayağa qalxmazlar. Ölü yiyəsi bunu gözəl bildiyinə görə, qabaqcadan işini möhkəm tutur. Ona görə də neçə dana və qoyunları alıb cəm etdikdən sonra mollanın fətvasına xitabən bütün əhli-müsəlmanın qarnını doydurmaq üçün öz qarnını ömrünün axırına qədər güdaza verməli olur. 3, 7, 40, 52 və il mərasimlərində bu mübarəkdarlıq həmahəng təkrarlanır. Ölən ölüb gedir, qalan vərəsə isə bu dünyada diriykən cəhənnəmə vasil olur…
Toylarımızda isə pahooo…, həngamə başlayır. Elçilik, xınayaxdı, qızgördü, nişan, qız toyu, oğlan toyu, toydan sonrakı mərhələlər toy yiyəsinə elə toy tutur ki, yas insanı ömrünün axırına kimi ağlaya-ağlaya qoyduğu kimi toydan sonra da toy yiyəsi ömrünün axırına qədər oynaya-oynaya qalır. Bunu onun özü hiss etmir. Elə bilir ki, tam şəkildə xoşbəxtdir. Yenə də amma və lakin bu oynamanı ona toyda etdiyi borcu qaytarmaq üçün ora-bura çapalamağı ilə görməmək mümkün deyil.
…Xalqımız qədim xalqdır. Öz qədimliyinə nə qədər vurğundursa, qədimlikdən çıxmağı özünə təhlükə hesab edir. Gələcəklə işi yoxdur. Amma gələcəyə və indiyə işarə olan Avropanın geyimini geyir, maşınını sürür, soyuducusundan istifadə edir. Təfəkkürdə isə Heydər və İlham Əliyov məllimlərdən fərqlənmək istəmirlər. Çünki xalqımızı şahsevənliyə bu iki adam necə vərdiş etdiriblərsə, gələcəyə getməyə qorxurlar. Elə bilillər ki, gələcəyə getsələr, orada daha qorxulu KQB ilə üzləşəcəklər…

Xalqımız…, xalqımız…

Həəə, tamam yadımdan çıxmışdı, İctimai Palata “Demokratiyaya yumşaq keçid” üçün qu tükündən döşək axtarır. Qiyməti isə çox baha olmasın… Qu tükündən ona görə sifariş veriblər ki, iqtidara da sərf edən olsun… O gün molla Nurəddin qaz tükündən bir döşək tapıb gətiribmiş, amma işə yaramayıb. Araşdırma davam edir. Kim tez tapıb gətirsə, iclaslarda o şəxs lap bərkdən əl çalmaq şansı qazanacaq… Tələsin…

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button