Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Bakı Marafonu 2018”-də iştirak ediblər

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018”-ə start verilib.

Trend-in məlumatına görə, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak edirlər.

Bakı marafonuna Azərbaycan regionlarının – Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də qoşulub.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri, həmçinin İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edirlər.

Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edir. Hər 3 kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərir.

Finiş nöqtəsində – Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunacaq.

“Bakı Marafonu 2018”-in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən, bütün marafon iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

“Bakı Marafonu 2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group şirkəti həyata keçirir.

Marafonda toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button