Heydər Əliyevin tapşırığı ilə məni direktor qoydular!

Fazil Məmmədovun müəllimi «Xural»a danışdı…

Əmirxan İsmayılov: «17 noyabr 1988-ci ildə açarı təhfil verib işdən çıxdım və… hərəkata qoşuldum»

Əmirxan İsmayılov Milli Azadlıq Hərəkatının önəmli simalarından biridir. Azadlıq qığılcımlarının alovlandığı illərdə ilk gündən bu alovun üzərinə özünü atanlardan oldu. AXC Müdafiə Komitəsində Şirvan zonası üzrə əlaqələndirici, AXC-də Ümumi Şöbənin baş təlimatçısı, Azərbaycan Müdafiə Şurasında Tahir Əliyevin müavini olub. Bütün kritik mərhələlərdə millətin vurucu güclərindən biri olub. Başı olmazın bəlalar çəkib. Hələ sovet imperiyasının yaşadığı o mənhus illərdə yaşadığ Şamaxı şəhərindən repressiya olunub. Yaşadığı doğma şəhərini tərk etməli olub.

Əmirxan müəllim uzun və mənalı bu illər boyu maraqlıdır ki, bir dəfə də mətbuata danışmayıb. Xüsusilə, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra bir çox hərəkatçılar kimi olmazın işgəncələrə məruz qalıb. Onu elə günə salıblar ki, başını götürüb ölkədən qaçıb. Rusiyanın Moskva şəhərində yaşayır və orada fəaliyyət göstərir.

Uzun illərdir insan hüquqları sahəsində fəaliyyət göstərən Əmirxan İsmayılov qonağımızdır. Bu fədakar, cəfakeş, milli mənafelər uğrunda yorulmaz mübarizə aparan millət oğlunu sən də tanı, Əziz «Xural» Oxucusu…

Əmirxan İsmayılovla söhbətə 1980-ci illərin əvvəllərindən körpü salırıq… KQB-nin başına açdığı oyunlardan danışır…

 

– 1981-ci ilə qədər prokurorluq, polis, «KQB» 63 çağırışla məni Şamaxıdan geri çağırdı ki, sən özünü yaxşı apara bilmədin, biz ya gərək səni işdən çıxaraq, ya da bu cür gözəl idmançı və məşqçini kənarda qoyaq.

– Səbəb nə idi?

– Mən o vaxt Şamaxı İdman Məktəbinin direktoru işləyirdim. Dəfələrlə məktəbimizin yetirmələri respublika çempionu olmuşdular. Özüm də dəfələrlə Azərbaycan çempionu olmuşdum. 1976-cı ildə stadionumuzun açılışına Heydər Əliyev də gəlmişdi. O vaxt qızlardan ibarət həndbol – əl topu yarışmasının final oyunlarını stadionun açılışına saxlamışdılar. Tərkibdə olan qızların hamısı seçmə idi, əjdaha kimi oynayırdılar. Cəmi bir il onlarla məşğul olmuşdum, amma hara gedirdilərsə, qələbə ilə qayıdırdılar. Onda elə idman paltarında Heydər Əliyevlə görüşdük. Şamaxının katibi də Feyruz Mustafayev idi. Ondan soruşdu ki, bu nə işləyir? O da dedi ki, müəllimdir. Etiraz etdi ki, niyə müəllimdir, o qədər müəllimlərimiz var ki, bu adama rəhbər vəzifələrdən birini həvalə edin, idman məktəbinə direktor qoyun. Məni özümdən xəbərsiz müəllimlikdən çıxarıb idman məktəbinə direktor təyin etdilər. Ondan sonra da bacardığım qədər fəaliyyətimi inkişaf etdirməyə başladım. İctimai-siyasi proseslərə münasibət bildirir, çox oxuyur, SSRİ və NATO arasındakı məsələləri müzakirə edir, fikirlərimi bildirirdim. SSRİ raketlərin sayını artırır, buna cavab olaraq, NATO da Şərqi Avropada peyk raketləri yerləşdirirdi.

– Soyuq müharibənin qızğın vaxtları idi…

– Bəli. Bir gün Şamaxı camaatı ilə çayçıda söhbət eləyəndə Dövlət Təhlükəsizlik Komitəsinin bir xəbərçisi mənim səsimi yazıb, DTK-nın sədri Ənvər müəllimə çatdırar. Sonuncu dəfə o məni çağırdı ki, bundan sonra mən sənə artıq heç nə ilə kömək edə bilmərəm. Haqqında 3 «donos» var. Şənbə günü büroda olmalısan. O vaxt Ələkbərov familiyalı bir prokuror var idi, onun qızına «2» yazmışdım, çünki məni zalda təhqir edib şəxsiyyətimə toxunaraq demişdi ki, «Allah vurmuşdu, səni ki, sənin dərsinə idman forması geyinəm…» Mən də buna bütün rüblərdə «2» yazdım. Bu da polislə məni oradan götürtdürdü ki, «səni milçək kimi əzərəm…». Dedim, «canın sağ olsun»…

Bu hadisənin üstündən heç iki ay keçməmişdi ki, Şamaxıda aləm bir-birinə qarışdı. Şamaxının katibindən tutmuş kolxoz sədrinə, prokuroruna, zavod direktoruna qədər hamısına 15 il iş kəsdilər, ümumilikdə 450 adam həbs olundu. O Mətanət Ələkbərova da (prokurorun qızı) birdəfəlik getdi. Sonra məni pedaqoji şurada direktor ayağa qaldırıb bu məsələlər haqda soruşdu və xəbərdarlıq etdi. Cavabını verdim. Yəni bütün fəaliyyətim boyu qalmaqaldan yaxam qurtamadı ki qurtarmadı.

Mən bütün ömrümü belə yaşamışam və hər zaman da prinsipiallığımı qorumuşam. Bütün bunlar 1975-76-cı illərdə olan hadisələrdir. O illərdə demokratiyanın nə olduğunu heç kim bilmirdi… 1981-ci ildə məni büroya çağırdılar və xəbərdarlıq etdilər ki, «ya düzəlməlisən, ağzını açıb bu hökumətə, Kommunist Partiyasına qarşı heç nə danışmamalıan, ya da ki….» (Birdən nəsə yadına düşür…) Bir dəfə məhsul yığımı zamanı Şamaxının katibi məndən soruşdu ki, «kommunistsən?», dedim, «yox».

– Heç vaxt kommunist olmadınız?

– Yox… Heç komsomol da olmamışam. Mən o ideologiyaya hər zaman nifrət etmişəm.

– Belə çıxır ki, o dövrlərdə siyasi çıxışlarınız olub…

– Bəli, olub. Məktəbdə də, Pedaqoji Şurada da, rayon fəallarının toplantısında da olub. 1976-cı il noyabrın 7-də tətil zamanı balaca qardaşımla Moskvaya gəzməyə getmişdim. 9-cu sinifdə oxuyurdu, toylara gedirdi. Xəlvətcə 4 min manat pul yığmışdı, yalvardı ki, atamdan icazə al, məni də Moskvaya gəzməyə apar, pulu da məndən. Mən də icazə alıb gətirdim. O vaxt Moskvaya nar aparır, onu hind çayı ilə dəyişdirirdik. Əlimizdə nar olan çanta ilə Kremlin qarşısına getdik ki, görək, bu böyüklər harada və necə yaşayırlar? Ora tələbə ilə dolu idi, soruşdular ki, çantanızda nə var, dedim, «qranat», soruşdular ki, «a zaçem vam qranat?», zarafat elədim ki, «pri poyavlenii kotej uvidite zaçem nam qranat», Heç bir dəqiqə keçməmişdi ki, «hop» eləyib bizi götürdülər. Siqnalizasiyalı maşınlarla bizi apardılar SSRİ Milli Təhlükəsizlik Komitəsinə. Çantanı da o qədər ehtiyatla götürüblər, baxanda adamı gülmək tutur. Birbaşa general-leytenant Semyon Kuzmiç Sviqunun yanına getdik. O da həmin vaxt SSRİ DTK sədrinin birinci müavini vəzifəsində çalışırdı. Otağında onunla görüşdük. Yəqin bilərsiniz, 1982-ci ildə dedilər ki, guya xərçəng olduğu üçün özünü güllələyib. Amma müəmmalı şəraitdə öldürmüşdülər. Çantanı açma əmrini verdi, açdılar, gördülər ki, içində nar var.

– «Qranat» deyəndə nar nəzərdə tutmusunuz?..

– (Gülür…) Hə. Məni «QAZ 24»-ə oturdub Babuşkində kirə tutduğumuz evə göndərdi. Moskvada baş vermiş bu hadisə haqda məlumatı da bizdən sonra Azərbaycana göndərmişdilər. DTK-nın qapısından içəri girəndə artıq qeydiyyata düşmüşdüm. Ona görə də tez bura xəbər çatdırmışdılar. Ənvər Məmmədyarov onda məni çağırdı ki, «sən nə vaxt adam olacaqsan, indi də səsin Mosvadan gəlir». Dedim, mən nə etmişəm ki, soruşublar, çantandakı nədir, demişəm, qranat. Səhv deməmişəm ki… Elə onun ikisini çıxarıb milisə vermişəm. Hirsləndi ki, sənə bu lazım idi? Gərək soruşanda «qranat» deyəydin?

Nə isə… 63 çağırışdan sonra mənə bürodan xəbərdarlıq etdilər ki, sənə 3 ay vaxt veririk, ya şəhərdən çıxmalısan, ya da ağzını bağlayıb danışmamalısan. 1982-ci il oktyabrın 28-də 4 körpə uşağımı da götürüb Şamaxıdan çıxdım. Bakıya köçdüm. Bundan əvvəl yenə də bir insident oldu. Mən müəllim olduğum zamanlarda ancaq qızlarla məşq etmişəm. Elə valideynlər var idi ki, deyirdilər, nə qədər ki, Əmirxan müəllim burdadır, biz qızımızı ona tapşırırıq. Cinayət Axtarışı İdarəsinin rəisi Əlifağa Kərimovun da Sevda adlı bir qızı var idi. Dəfələrlə xəbərdarlıq etdim ki, forma geyin. Bu da üz-gözünü turşutdu, dedi ki, bundan sonra sizin dərslərinizə girməyəcəm. Dedim, artıq özü bilər, dərsə gəlmədiyi vaxtlar da rüblüyünə «2» yazdım. Üçüncü dəfə rəis dərsə polis göndərdi ki, məni yanına apartdırsın, getmədim ki, mənim dərsimdə 16 qız var və onlar da mənə həvalə olunublar. Dedim, dərsi boş buraxıb, gedə bilmərəm, çağırış göndərsin, sonra gedim. Bu hərəkətim ona ağır gəlib. Rəis də vergilər naziri Fazil Məmmədovun atası İsa Məmmədov idi. 10-cu sinifdə Fazilə idman dərsini də mən vermişəm.

– Necə şagird idi?

– Lap yaxşı oxuyurdu. Çox savadlı idi. Mən elə bilirəm. Özü də elə o vaxt axırıncı dəfə gördüyümdür. İki dəfə xəbər göndərib ki, müəllimə deyin, yanıma gəlsin, getməmişəm. Səbəbi də özüm üçün çox oldu. Allah işini avand eləsin. Bizim fərqli dünya görüşümüz var.

– Müəllim-şagird görüşməsi maraqlı olardı, ortaq söhbət ediləcək mövzular yəqin ki var…

– Getmədim. Sizə bir hadisə danışım. Mən 1996-cı ildə Bakıya gələndə yoldaşım dedi ki, qapıbir qonşumuz 3 dəfə gəlib, israrla səninlə danışmaq istəyir. Məəttəl qaldım ki, qadın xeylağının mənimlə nə işi ola bilər? Yoldaşımdan da nə qədər soruşdum ki, bəlkə sənə nəsə deyib, niyə soruşmamısan, and içdi ki, vallah, xəbərim yoxdur. Dedim, onda sabah görüşüb danışarıq. Görüşdük. Qapıbir qonşumuz idi, keçdik onlara. 15 dəqiqə keçməmiş gördüm Babək Hüseynoğlu gəldi. Mən də onu «Aydınlıq» qəzetindən tanıyırdım. Həmin qadın da bacısı imiş. Rəsul Quliyev yenicə ABŞ-a qaçmışdı, burada da bir partiya yaratmışdı, onun da işlərini bunlar aparırdılar. Məqsədini açıqladı ki, bəs səni həmin partiyanın Nərimanov rayon şöbəsinin sədri qoymaq istəyirik. Məni mindirdilər «QAZ-31»-ə, İçərişəhərdəki ofislərinə apardılar. Yaqub Abbasovla görüşdük, dedi ki, sizin əqidənizə bələdik, istəyirik ki, partiyanın rayon təşkilatının sədri olasınız. Dedim, etimadınıza görə sağ olun, amma Babək müəllim də məni yaxşı tanıyır, bilir ki, mən Məmməd Əmin-Elçibəy ideologiyasının əsgəriyəm. Mən başqa yerdə ola bilmərəm. And-aman elədilər ki, biz də demokratıq, hakimiyyətə qarşı mübarizə apırırıq. Dedim, yox, sağ olun.

– Bakıya gələndən sonra nələr oldu?

– 1982-ci ildə Bakıya gələndən sonra «Sovetski»də yerləşən 183 saylı məktəbə müəllim təyin olundum. İki ildən sonra gördüm ailəmi müəllimliklə dolandıra bilmirəm. Yaxın dostlarımdan biri DTK-nın yanındakı «Qızılgül» restoranını aldı və məni işə dəvət elədi. Ayda 1000 manata orada çalışmağa başladım. Əvvəldən atamın da restoranı olduğu üçün uşaq vaxtından bu işdən başım çıxırdı. Dostumun da ortağı Mirzə Ələkbər Sabirin qız nəvəsi Mirzə Tahirzadə idi, o, 19-cu Polis Bölməsində rəis işləmiş, oradan təqaüdə çıxmışdı. Dostumla birləşib 55 min manata «Qızılgül» restoranını almışdılar, sonra fikirləşəndə ki, kim işlətsin oranı, dostumun yadına mən düşmüşəm, deyib ki, Əmirxandan yaxşı işlədən tapılmaz. Orada çalışandan bir az sonra özümə gəlməyə başladım. O vaxta kimi ki, azadlıq hərəkatı başladı. Noyabrın 17-də açarı təhfil verib, işdən çıxdım…

– Çox maraqlıdır, hərəkata necə qoşuldunuz?

– O gün işdə idim. Gördüm, universitetin uşaqları hay-küylə küçədə etiraz yürüşü edirlər. Üzü yuxarı universitet tərəfdən MTN-nin yanından keçirlər. O vaxt Əliyar bəyi, Ələsgər Siyablını gördüm. Gördüm ki, hiddətdən yanırlar. AXC təsis olunan gün mən də Ələsgər Siyablının müavini oldum. İlk dəfə etiraz aksiyası da Topxananın ermənilər tərəfindən qırılmasına qarşı idi. Amma bu hadisənin özü artıq ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Şüarlar da «demokratiya», «azadlıq» idi. Elə həmin gün açarı, bütün işləri təhvil verib yürüşçülərə qoşuldum, o gündən də meydanda oldum. Noyabrın 28-də zəhərləndim, dərim infeksiya tutdu.

– Əmirxan bəy, siz həm də AXC-nin Müdafiə Komitəsinin üzvü idiniz?

– Bəli… bəli…

– AXC-nin hansı qanadında idiniz?

 

Davamı gələn saylarımızda

 

Hazırladı:

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button