Hicab dalğası ilə Tunisin, Misirin nə bağlantısı var?!

Əvəz Zeynallı: «Şəxsən mən hicabın orta və ali məktəblərdə qadağasının tərəfdarıyam, dövlətin müdaxiləsini haqlı hesab edirəm»

Elşad Miri: «Hicab Allahın əmridir!»

Hicab məsələsi birdən-birə ölkə gündəminə dırmaşdı və dərhal da heç bir olmamış kimi hər şey müvəqqəti səssizliyə büründü. Hicabın dartışıldığı və mitinqlərin başladığı vaxtdan çox keçmədi ki, dindarların tuthatutu başladı. Bununla da məsələyə fərqli baxışlar meydana çıxdı. Bu problemi xüsusi qabardanlar da oldu, yan keçmək istəyənlər də. Amma bütün hallarda ortada artıq bir gerçək var və Azərbaycan cəmiyyəti bu gerçəklə üz-üzədir – Hicab! Bəziləri ona «Çadra», bir başqaları sadəcə «Baş örtüyü», biriləri isə «Hicab» desə də…

«Xural» «Oxu» qəzeti ilə birlikdə mövzunu masaya yatırdı və «Xural»ın redaksiyasında başbilənləri topladıq. Qüdrət Həsənquliyevdən Fazil Mustafaya kimi bir çoxlarını müzakirəçilər qismində görmək istəsək də, onlarla əlaqə yarada bilmədik. Son günlər din və hicab haqqında ən çox danışan və ciddi açıqlamalar verən BAXCP sədrini tapmaq bizim üçün müşkül oldu. BQP sədri isə nədənsə telefonlarımızı götürmədi. Amma yenə kalitəli bir masa təşkil etdik və mövzunu müzakirəyə çıxardıq.

İsti, hətta qaynar bir masa alındı. Pənah Hüseyn az qala dava salacaqdı, Seymur Baycan prinsipial və təmkinli halı ilə dediyini dedi, Elşad Miri çıxışçıların sözlərini kəsdi, Əvəz Zeynallı ilə Pənah Hüseyn əsəbi tonlarla qarşıdurmaya qədər getdilər…

Hər şeyə siz qərar verəcəksiniz, Əziz Oxucu!

Doğrudan da «Baş örtüyü dövlətçiliyə təhlükədirmi?» Qərarı insanların özü verəcək…

Ən ağır, ən qorxulu, ən dəhşətli mövzular müzakirəyə açılmalıdır…

Əvəz Zeynallı:

«Xural» qəzetinin təsisçisi və baş redaktoru:

– Bu tədbir «Xural» qəzeti ilə «Oxu» qəzetinin dini mövzulara həsr olunmuş birgə layihəmizin ilk tədbiridir. Dəvətimizi qəbul edib qatılanların hər birinə həm Elşad bəyin, həm də öz adımdan təşəkkürümü bildirirəm. Elşad Miri Azərbaycan mətbuatında dini mövzularla bağlı məqalə yazan ən tanınmış yazarlarımızdandır və onunla əməkdaşlığımız hələ uzun illərdir davam edir. Ölkədə son illər cərəyan edən bir sıra hadisələr baş verir və onların fonunda hicab məsələsi də birdən-birə qabardı və gündəmə gətirildi. Mən Elşad bəyə təklif etdim ki, dini məsələləri daha aydın ifadə etməyi, gündəmdə saxlamağı bacaran, həm də bir qəzet redaktoru kimi ölkəni artıq narahat etməyə başlayan bu dini məsələlərin müzakirəsini təşkil edək. Tərəflərin iştirakı ilə müzakirə etdiyimiz mövzular hər iki qəzetin səhifələrinə daşınsın və Oxucularımıza bu haqda məlumat verilsin. Elşad bəy də təklifimizi qəbul etdi və birgə qərara gəldik ki, bu məsələləri ayrı-ayrılıqda geniş şəkildə müzakirə edək. Keçən həftə həm «Xural», həm də «Oxu» qəzetində bu günkü tədbirimizlə bağlı elan dərc etdik. Həmin elanlardan sonra çox maraqlı reaksiyalarla qarşılaşdıq. Bəzi deputatlarımızı, ictimai-siyasi xadimlərimizi tədbirə dəvət etmək istədim. Məxsusən də Qüdrət Həsənquliyevin bu məsələ ilə bağlı fikirlərini söyləməsini istədim. Çünki məhz o, bu aralarda dinlə bağlı şok açıqlamalar vermişdi. Fazil Mustafanın da tədbirə dəvət olunmasına qərar verdik, amma dəfələrlə telefon bağlantısı qurmaq istəsək də, alınmadı. Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin də burada iştirak etməsini gözləyirdik. Amma onlar da gəlmədilər. Bu məsələnin müzakirəsi belə görünür ki, ölkədəki dini qurumları nədənsə çəkindirir. Ancaq mən hesab edirəm ki, Azərbaycanda ən ağır, ən qorxulu, ən dəhşətli görülən mövzuları nə qədər müzakirə etməyəcəyiksə, o məsələlər bir o qədər ağırlaşmaqda davam edəcək. Mütləq o mövzular müzakirə olunmalıdır. Amma qardaş Türkiyə və digər demokratik ölkələrdəki kimi bu müzakirələr çox sağlam şəkildə aparılmalıdır. Bu mövzuları gecə-gündüz televiziya efirlərində, qəzet səhifələrində müzakirə edə bilsək, həm cəmiyyət maariflənər, həm hərəkət istiqamətlərini müəyyənləşdirə bilər, həm də dövlət rahatlayar. Şəxsən mənim bu günkü mövzumuz olan hicabla bağlı öz düşüncələrim var. Ölkədə proseslər görün nə yerə çatdı ki, Misir Mərdanov jurnalistlərə üz tutdu – yeri gəlmişkən, bu, yeganə hadisədir ki, Azərbaycanda nazir postunda əyləşən bir adam mətbuata müraciət edərək yazarların fikirlərini öyrənməyə çalışdı. Ondan sonra ölkənin tanınmış yazarları Vüsalə Mahirqızı, İlham Tumas və digərləri yazılar yazdılar. Bu müraciətdən sonra mən müzakirələrə qatılmadım, ona görə ki, dövlətdə təmsil olunan bir nazir bu məsələni müzakirəyə çıxarırsa, deməli, məsələnin arxasında daha böyük və daha başqa güclər və qüvvələr var. Və biz də bunun nəticəsini gördük. Nədənsə, hicab məsələsində birdən-birə böyük mitinqlər oldu. İslami kəsimdə ciddi həbslər həyata keçirildi. İslami düşüncəni təmsil edən insanların önəmli hzissəsi həbslərə məruz qaldı və onun ardınca da bizim heç birimizin gözləmədiyimiz, amma görünür dünyanı idarə edənlərin gözlədiyi bir üsyan dalğası gəldi – Tunis gəldi, Misir gəldi, İordaniya gəldi və s… Mən komplo teorilərinin tərəfdarı deyiləm, ancaq bunların bir-birinin ardınca gəlməsində bir əlaqənin olduğuna da inanıram.

Şəxsən mən hicabın orta və ali məktəblərdə qadağasının tərəfdarıyam. Yəni mən dövlətin bü məsələyə müdaxiləsini haqlı hesab edirəm. Onu da hesab edirəm ki, Türkiyədəki problemlər Azərbaycanda olmamalıdır. Hər şeyin öz yeri, hər məsələnin də öz qaydası var. Ali məktəbin ali məktəb, orta məktəbin də orta məktəb yeri var. Yəni mən hicabın orta və ali məktəblərdə qadağan olunub-olunmaması mübahisələrində tərəfimi bəlli etmək istəyirəm, amma təbii ki, bunun müzakirələrimizə heç bir aidiyyatı yoxdur. Sadəcə Azərbaycanda bu məsələdə ox yayından çıxdığı üçün müzakirəyə ehtiyac var. Amma məsələni nə cür müzakirə edəcəyik, bunu hisslərlə, küçə döyüşləri və söyüşləri ilə eləmək olarmı? Məncə yox. Ölkənin informasiya vasitələri çox ciddi müzakirə aparmalıdır və əhalinin bütün təbəqələri o müzakirələrə qatılmalıdır. Müzakirələr o qədər şəffaf aparılmalıdır ki, insanlar bu məsələdə məlumatlansınlar. İstərdim ki, tədbirə qatılan hər kəs sərbəst şəkildə fikirlərini ifadə etsinlər.

Hicab Allahın əmridir!..

Elşad Miri
«Oxu» qəzetinin təsisçisi və baş redaktoru:

– «Hicab» mövzusu elə bir məsələdir ki, onu heç kimin gözləmədiyi bir vaxtda göbələk kimi orataya atdılar. Çünki əvvəllər bu məsələ ilə bağlı müəyyən problemlər var idi. Orta məktəblərdə bəzi direktorların qadağası vardı. Məsələn, Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda qapalı tələbələrin gəlməsinə icazə verilmirdi. 2001-2002-ci illərə qayıtmaq istəyirəm. O vaxt BDU-da Türkiyənin keçmiş koalisiya dönəmi ərəfəsində oranın Mili Eyitim bakanı Çubukçu Azərbaycana gəlib gedəndən sonra belə bir tədbir keçirildi və orada ancaq BDU-da təhsil alan gənc qızlar və «hicab»lı qızlar iştirak edirdilər. Bundan başqa, BDU-nun İlahiyyət fakultəsinin dekanı – həmin vaxtı dekan müavini olan və faktiki olaraq dekanın vəzifəsini həyata keçirən, professor, doktor Safe Köse orada idi. Həmin vaxt bu məsələ gündəmə gətirildi. Dini Komitənin əvvəlki sədri Rafiq Əliyev də orada iştirak edirdi və başqa tanınmış adamlar yox idi. Həmin tədbir haradasa 200-300 tələbənin iştirakı ilə keçirilirdi. Orada bəziləri iddia etdilər ki, müqəddəs Qurani Kərimdə bu məsələ yoxdur, hicab Quranda əsaslanmayan bir məsələdir, bunun heç bir dini əlaqəsi yoxdur. Orada iştirak edən xanımlardan biri Qurani Kərimi əlinə alaraq Azərbaycan dilinə tərcümə olunmuş variantını hamıya sitat gətirdi və bildirdi ki, «biz Azərbaycanı qardaş ölkə bilərək bura gəlmişik və bizim ölkəmizdə bilirsiniz ki, hicabla bağlı problemlər var. Biz öz təhsil sistemimizdə normal təhsil ala bilmədiyimiz üçün qardaş ölkə bilib sizə sığınmışıq. Əgər burada da belə qadağalar olacaqsa, siz bizə alternativlər göstərin və biz bilək ki, hansı ölkələrdən sığınacaq alıb öz təhsilimizi davam etdirə biləcəyik. Bizim təhsilimizi nə üçün əlimizdən alırsınız?» Yəni o zaman da bu məsələ gündəmə gətirilmişdi. O məlumatı tək «Ekspress» qəzeti manşetdən verdi. Sonradan məsələ bir qədər də böyüdü və daha sonra bu məsələyə Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə qarışdı, nəticədə o məsələ həll olundu və bitdi. Amma müəyyən zaman kəsiyində bu məsələnin üzərinə gedildi. Məsələn, universitetlərdə müəllimlərin qeyri-rəsmi olaraq hicabla, baş örtüyü ilə işə gəlmələri qadağan olundu. Amma bununla yanaşı, biz məsələyə yenidən baxdığımız zaman görürük ki, xüsusi olaraq bir neçə dəfə məni AzTV kanalına dəvət ediblər və orada çıxış edəndə adımın titrində «ilahiyyatçı» sözünün yazılmasını belə istəmədilər, mənə zəng vuraraq adımın altından «tarixçi» sözünün yazılması üçün icazə istədilər və mən də məmnuniyyətlə razı oldum. Daha sonra bununla bağlı başqa yerlərdə insanlar danışmağa başladı. AzTV-də Səməd Seyidov hicabdan, Azərbaycanda islamın mövqeyindən danışdı. İqtisad Universitetinin rektoru hicabla bağlı mövqeyini bildirdi. Daha sonra Günaz TV-də hicabla bağlı veriliş oldu, orada da sırf İran tərəfdən Azərbaycana ixrac edilən bir məsələ olduğuna görə bunun əleyhinə çıxmalıyıq, çünki dünyanın hər bir yerində Azərbaycanı da İranın timsalında bir dövlət kimi təqdim etmək istəyirlər. Lakin bir məsələ var – orada ifadə etdiyim bir məsələni burada da qeyd etmək istəyirəm – Türkiyədə də hicabla bağlı problem oldu. Düzdür, Əvəz bəy bildirdi ki, onun tərəfdarı deyil, ancaq konkret olaraq hansı məsələlərə görə tərəfdarı olmadığını qeyd etmədi. Amma mən hesab edirəm ki, Türkiyədə olan problemlər Türkiyəyə itirilən illərdən başqa heç bir şey qazandırmadı. Nəticədə nə oldu? Nəticədə bu gün ölkənin birinci şəxsinin xanımı və qızı başörtülüdür. Əksinə, bu, əvvəlki koalisiya hökumətlərindən daha çox mənim zənnimcə, ümumi statistikalara da nəzər yetirsək görərik ki, Türkiyənin inkişafına daha çox təsir edirlər. Çünki onlar dindar adam olduqları üçün rüşvətin haram olduğunu bilirlər. Allah qorxusunun, bu dünyadan sonra axirət dünyasının nə olduğunu, zamanı gələndə kimə hesabat verəcəklərini bilirlər. Ona görə də hesab edirəm ki, İnsan azadlıqlarına bu cür yanaşmaq olmaz. Məsələn, bu gün orta məktəblərdə şagirdlərin başörtülü gəlməsinə icazə vermirlər və bunu da onunla izah etməyə çalışırlar ki, həmin şagirdlər müstəqil olaraq özləri qərar verə bilmirlər və bu qərarı onların yerinə valideyinləri verdikləri üçün məktəbə baş örtüsü ilə gəlmək onlara yasaqdır. Kimsə ateist ola və öz övladlarının özünün inandığı dəyərlərə söykənməsini istəyə bilər. Başörtüsü ilə gələn şagirdlərin valideyinləri də bir dindar kimi məhz bu prinsiplə çıxış edirlər. Çünki onlar da öz övladlarını özlərinin inanığı inanca söykənməsini, dindar olmasını istəyirlər. Bir də görürsünüz ki, deyirlər, «6 yaşlı uşaq heç hicabın fəlsəfəsini başa düşmür, niyə onunbaşı bağlıdır?» «Hicabın fəlsəfəsi» nədir, nə deməkdir? Ümumiyyətlə, belə bir fəlsəfə varmı? Allahın əmrindən başqa bütün bunlara hansısa bir fəlsəfi donu geyindirmək olarmı? Dindar adam da istəyir ki, övladı uşaq vaxtından başörtüyünə öyrəşsin, orta məktəbə göndərir, istəyir ki, o da oxusun və özü kimi dindar yetişsin. Yəni əgər bunu dünyəviliklə əlaqələndiririksə, bizim özümüzün dünyəvi olaraq istifadə etdiyimiz təqvimin özü heç dünyəvi təqvim deyil. O, Roma Papalığından gəlmiş təqvimdir ki, biz ondan istifadə edirik. Budurmu dünyəvilik? Və yaxud, dünyəvilik ölkə başçısının xanımının hər hansı bir məscidə gedəndə başını örtdüyü zaman dünyəvilikmi olur? Və yaxud da budurmu təhlükə? Ərəbistana səfər edərkən Ümrə ziyarətində başlarını örtürlər, bu təhlükə olmur, amma Azərbaycana qayıtdıqları zaman bu gənc qızların, heç bir şey bilməyən insanların başlarını örtdüyü zaman təhlükəmi yaranır? Ona görə burada bir çox ziddiyyətlər var. Əgər başörtüsü ilə məktəbə gəlmək təhlükədirsə, onda başqa yerlər üçün də təhlükəlidir. Bu gün universitetlər haqqında bu təhlükədən danışmırlar, amma sabah söhbət çıxacaq ki, universitetlərimiz də dünyəvidir, oradan başörtüsü ilə təhsil alan tələbələri çıxaraq və yaxud da bu insanları oraya qoymayaq. Baxın, o zaman bu təhlükə yaranacaq. Bu gün bəzi məktəblərdə, universitetlərdə deyildiyi kimi, başörtülülərə müəllim kimi dərs verirlər və onlar təhsillərini başa vurandan sonra şagirdlərə bir müəllim kimi hansı örnəyi göstrəcəklər? Yəni nə İslam, nə də başqa bir dində heç bir zaman başörtülü və ya başaçıq olan insanlara bu adam «həyalıdır», bu adam da «həyasız» və yaxud da bu adam «əxlaqlıdır» bu adam da «əxlaqsız» prizmasından yanaşılmır.

Baş örtüyü yəhudilərdə də var…

Davamı gələn saylarımızda

Hazırladı: XuralTAC“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button