Hilal Məmmədov: AZADLIQ eşqi

Hilal Məmmədov

Vicdan məhbusu

hilal(Bəşərin dahi söz ustadı və hikmət sahibi Əbdürrəhman Caminin (1414-1492) 600 illik yubileyinə)

1. İlahi məhəbbətdən doğan AZADLIQ eşqi

Yalnız və yalnız Allaha ibadət (qulluq) üçün xəlq edildiyini dərk edən kəs AZAD insan, bu ibadət (qulluq) haqqının (borcunun) yaşamı isə AZADLIQ adlana bilər. Əlbəttə ki, burada ibadət geniş məna daşıyıb, əsas prinsiplərindən biri Haqq – Ədalət naminə yaşam və mübarizədir ki, bu da az bir qisim insanların çiyinlərinə düşən ilahi missiyadır. Başqa sözlə desək, AZADLIQ fədaisinin qəlbindəki haqq-ədalət istəyi – bilavasitə Allahın (“Allah ədalətli olanları sevər” (Quran, 5:42; 49:9; 60:8 ayəsinə istinadən)) dilədiyi sevgili bəndələrinə, onların da O mütləq Haqq-Ədalət sahibinə qarşılıqlı sevgi və məhəbbətindən irəli gələn ən pak və ən ülvi bir hissdir.

Ümumiyyətlə desək, nəinki bəşəriyyətin, külli kainatın, o cümlədən, yeddi göy və yerdəki cəmi varlıqların da mövcudluğu fitrətən bu ilahi eşqə (ifrat məhəbbətə) bağlıdır. Elmi dildə bu – cazibə (cəzb etmə) qüvvəsinin təsirilə; dini-fəlsəfi baxımdan isə Rəbbin təsbihi ilə “fəzada uçmaq” deməkdir (bax: Quran, 3:191; 4:103 və digər ayələrin təfsirinə).

Dahi Nizaminin bu eşq barədəki:

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı… – mübarək kəlamlarını daha da zinətləndirən Ə.Cami bəşərin azadlığını da bilavasitə bu eşqə bağlayır:

Aləmin varlığı eşq ilə qəmdir,
Məhəbbət aləmi ülvi aləmdir…
Fələk gərdiş edir eşq ilə ancaq
Eşqin əsiri ol, get azad yaşa,
Qəmini sinənə salıb şad yaşa…

Demək, bəşər yalnız və yalnız o zaman xoşbəxt ola bilər ki, o, cismən və ruhən Rəbbinə təslim olaraq, ONA məhəbbətini istənilən ONDAN qeyrisindən daha üstün və daha qüvvətli tutsun. Qurani-Kərimdə ifadə edildiyi kimi, “İnsanların içərisində Allahdan qeyrisini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir” (2:165).

Bu ilahi kəlmələrin nazilindən hələ 600 il oncə, İsa (ə.s) peyğəmbərin də bir din aliminin: “Əbədi səadət qazanmaq üçün ən böyük əmr nədir?”, sualını, “Allahı bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev; və qonşunu özün kimi sev. Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır” (İncil, Matta, 22:34-40), – kimi cavablandırması bir daha yuxarıda qeyd edilənlərin danılmaz həqiqət olduğunu bəyan edir. Yeri gəlmişkən, həmin din xadiminin: “Bəs mənim qonşum kimdir?” – sualına hikmətli bir misalla cavablandırmadan aydın olur ki, burada, “qonşunu özün kimi sev” dedikdə, nəinki öz ilahi haqqını (borcunu), o cümlədən, digərlərinin də hüquqlarını qorumaq və hər kəsə qayğı, hörmət, səxavət, mərhəmət, şəfqət, sevgiylə yanaşmaq nəzərdə tutulur.

Əlbəttə ki, məhz belə bir əməlisalehlik və comərdlik haqsızlıq və ədalətsizliyə (zülmə) qarşı barışmaz mübariz olan AZADLIQ fədaisinin əsas ibadət haqqlarından (borcundan) biridir. Doğrudan da bütün qəlbi, varlığı, gücü və düşüncəsiylə Rəbbinə bağlanıb və yalnız Ona güvənərək, dünyəvi və nəfsani istəklərinin buxovlarından qurtulmadan, nə həqiqət yolunu tapmaq, nə də AZAD insan olmaq mümkündür… Odur ki, İsa (ə.s.) peyğəmbərin tələbələrinə Allah sevgisinin mahiyyətini izah edərkən: “Əgər siz mənim sözümə sadiq qalsanız, onda siz həqiqəti biləcəksiniz və həqiqət (də) sizi azad edəcəkdir” (İncil, Yəhya, 8:31-32) – fikrindən bir daha bəlli olur ki, Allaha sevgi – həqiqətin dərkinə, həqiqətin dərki isə AZADlığa yol açır. İstənilən digər halda, yəni, mütləq Hakimi-Sahibini tanımadan, yəni, ilk öncə özünü tanıyıb, hansı məqsədlərlə xəlq edildiyini anlamadan və hər bir işində yalnız Ona güvənmədən kamil eşqə yetişmək və nəticədə, həqiqətin yolunu tapmaq da olmaz. Dahi Ə. Caminin hikmətli bir misalıyla desək:

Eşitdim mürşidə dedi bir nəfər,
Həqiqət yolunda ol mənə rəhbər…
Dedi ki, eşqlə tanış deyilsən,
Aşiq ol, sonradan yanıma gəl sən…

Əlbəttə ki, kamil eşq sahibinin qəlbindəki Allah sevgisi yuxarıda qeyd edilən Quran ayəsinə (2:165) istinadən, cəmi istəklərdən qüvvətli və üstün olan, digər hər hansı maddi ya mənəvi varlığa məhəbbəti də məhz Onun rizasi naminədir. Belə ki, qəlbində dünya istəyinə daha çox yer ayırmış bir kimsə Azadlıq fədaisi və Haqq-Ədalət yolçusu ola bilməz, daim və daim azğınlıq və çaşqınlıq dəryasında çabalayar. Odur ki, Ə.Cami Azadlıq – Haqq-ədalət yolçularına belə öyüd-nəsihət verir:

Dünya bir başmaqdır, ayağı sıxar,
Onun yüz çınqıllı, qumlu dağı var.
Çalış o başmağı at ayağından,
Atmasan, yorulub yolda qalarsan…

2. Kimdir Azadlıq aşiqi?

Azadlıq – kamil eşqdən (ilahi sevgidən) qaynaqlanan elə bir mübarək amildir ki, insan bu müqəddəs yolda hər hansı nəfsani – dünyəvi istəklərini tərk etməklə yanaşı, ümumbəşəri dəyərlər və səadət naminə qarşısına çıxan hər hansı çətinliklərdən, bəla və müsibətdən, zindan, qətl ya edamdan belə əsla çəkinməz; əksinə, bütün bu acı – xoşagəlməz halları da Rəbbinin bir sınaq – imtahan rəhməti bilib, dili və qəlbindəki “La ilahə illəllah!” şəhadətiylə, Ə.Cami demişkən: “Kim istər dünyada tapsın səadət, onun bir yolu var, ancaq şəhadət”, – imanıyla, son nəfəsinəcən, “2×2=4 eylər!” ədalət haqqının yaşamı naminə mübarizədən bircə an və bircə addım da geri çəkilməz. Məhz Ə.Caminin sözləriylə ifadə etsək, kamil eşq sahibi məzarda da bu eşqdən alışıb-yanar:

Hər kəsin ki, eşqi kamala çatmış,
Rahat yaşamağın daşını atmış…
Qara məzarda da olsa məskəni,
Yenə para-para olar kəfəni…

Azadlıq aşiqinin qəlbində bir Allah xofundan başqa, hər hansı bir digər qorxu hissi ola bilməz. Bəs nə deməkdir “Allah xofu”? Məhz bütün müqəddəs kitablarda dəfələrlə xatırlanan: “…insanlardan deyil, Allahdan qorxun” (bax: Quran, 2:40,41; 3:175; 5:44 və d.) “Bədəni öldürüb, ruhu öldürə bilməyənlərdən yox, həm bədəni, həm də ruhu cəhənnəmdə məhv edə bilən Allahdan qorxun” (İncil., Matta 10:28; Luka 12:4,5), “Doğru yol tutan Rəbbdən qorxar, yolunu azan Ona xor baxar” (Tövrat, 14:2) kimi kəlamlarda və bəşərin “böyük əxlaq sahibi” (Quran, 68:4) olan İslam Peyğəmbərimizin (s): “Kim Allahdan qorxsa, Allah da hər şeyi ondan qorxudar, Kim Allahdan qorxmasa, Allah onu hər şeydən qorxudar” (Meracus Səadə., s.95) hədisində əks olunan “Allah xofu” da əslində İlahi sevgiyə bağlıdır. Belə ki, yuxarıdakı ayələrdən bir daha əyan olur ki, insana ağıl Allahı tanımaq; haqqını bilmək; yalnız Ondan qorxmaq və Ona güvənmək və Ona pərəstiş etmək və ibadətdən ötrü bəxş edilmişdir. Dahi Ə.Cami bu fikri “Yusif və Züleyxa” əsərində baş qəhrəman Yusif (ə.s.) peyğəmbərin diliylə belə ifadə edir:

Başımız üstündə vardır bir Allah,
Odur yoldan azan kəslərə pənah
Rəhmətdən su vurmuş xəmirimizə,
Ağıl danəsini O əkmiş bizə…
Ki haman danədən bir nihal bitsin,
Bu can gülzarında kamala yetsin
Yüksəlsin göylərə o ağac haman,
Meyvəsi – Allaha pərəstiş, iman!
Pərəstiş Xaliqə layiqdir ancaq,
Ondan başqasına olmaz tapınmaq.
Gəlin o Xaliqə pərəstiş edək,
Onun qarşısında yerə döşənək!
Baş qoyaq səcdəyə ibadət üçün,
Baş bizə verilmiş itaət üçün…

Məhz Azadlıq fədaisinin qəlbindəki Allah xofunun əsas hikməti də, onun öz müqəddəs haqqını (borcunu) unudaraq ya pozaraq, dünyəvi istəklərə uyub, davam etməkdə olan digər bu kimi günahlarının müqabilində o mütləq Hakimi – Sahibin sevgisini itirmək və nəticədə əbədi səadət evinin qapısından qovularaq əbədi zülmətlə cəzalandırılması təşkil edir. Belə ki, o əbədi səadət evi məhz “xalqın (xəlq edilmişlərin) ən xeyirlisi olan əhli-iman və əməlisaleh bəndələrindən” (Quran.,98:7) ötrüdür ki, bu yüksək fəzilətlərə də məhz yalnız Rəbbindən qorxan, dərin ağıl və təqva sahibləri, Azad düşüncəli Azadlıq fədailəri nail ola bilərlər…

Yeri gəlmişkən, “Allahdan öz bəndələri içərisində məhz alimlər qorxar”(35:28) Quran ayəsindən aydın olur ki, əslində ən kamil Azadlıq fədailəri də məhz alimlər olmalıdır. Belə ki, bir çox ilahiyyatçı şərhçilərin fikrincə, Allahın vəhdaniyyətini, heybət və əzəmətini tam yəqinliklə dərk edən həqiqət yolçuları ilk növbədə alimlər olduğundan, Xalqın önündə də məhz onlar getməlidirlər. Əlbəttə ki, vay və min vaylar olsun o “alimlərin” halına və aqibətinə ki, elmlərini çox ucuz qiymətə dünyəvi istəklərə qurban verərlər…

Beləliklə, bütün yuxarıda deyilənlərə əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, əslində “Allahdan qorx!” ya Allahı sev!” nidaları mahiyyətcə eyni məna kəsb edib, əsl həqiqətdə “AZAD insan ol!”, yəni “Allahdan başqa digər bir kimsənin ya şeyin qulu ya aşiqi olma!” deməkdir. Ə.Cami demişkən:

Elə bir kürsüdə oturma ki, sən
Başqası qaldırsın səni yerindən…
Çalış azad yaşa, mənsəbə uyma,
Yüz mənsəb olsa da, sən məhəl qoyma!

Bir-iki söz də “Yusif və Züleyxa” barədə. Dahi ilahiyyatçı – filosof, elm və mərifət, söz və hikmət sahibi Əbdürrəhman Caminin “Yusif və Züleyxa” şedevrini dahi Nizaminin, “Xozrov və Şirin”, Füzulinin “Leyli və Məcnun” və i.a. kimi məşhur eşq dastanlarından əsas fərqləndirən cəhət də – məhz Tövrat, İncil və Quranda, hədis və rəvayətlərdə əks olunmuş Yusif (ə.s.) peyğəmbərlə bağlı hekayət və yuxarıda qeyd edilən hikmətlər əsasında ərsəyə gətirilən, İlahi məhəbbətdən qaynaqlanan, insan azadlığının və xoşbəxtliyinin (əsərin baş qəhrəmanları kamil eşq sahibi Yusif (ə.s.) peyğəmbərin və Yusifə (ə.s.) cismani sevgisindən kamil eşqəcən yetişmiş Züleyxanın azadlıq və xoşbəxtlikləri naminə mübarizlik timsalında) əsl mahiyyətini “yerdən-göyəcən” bəyan etməkdir:

Köhnəlmiş Xosrovla Şirin dastanı,
Şirin sözlə tapım yeni sultanı…
Məcnunla Leylinin bitmiş söhbəti,
Başqa bir aşiqin çatmış növbəti…
Yusiflə Züleyxa eşqindən həmin,
Şəkər yeməlidir tutisi təbin…
…Allah bu dastanı bəyənmiş özü,
Mən də qaldırıram göylərə sözü…
…Sözü bir məqama çatdırım ki, mən,
Göylər hünərimə söyləsin “əhsən!”.

Allah dahi şairimizi rəhmət və ruhunu şad etsin. 600 illik yubileyin mübarək olsun, ey kamil Azadlıq aşiqi!

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button