Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb – Video

09.01.2013

Vəkil və hüquq müdafiəçisi ilə mübahisə edən hakim diplomatların tərcüməçilərinə iradını bildirdi

Yanvarın 9-da  Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Azər Orucovun sədrliyi ilə “Tolışi Sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, fizika-riyaziyyat elmləri doktor Hilal Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Gozetci.az portalının məlumatına görə, iclas saat 10:00-a təyin edilsə də, bir saat gec başlayıb.
Qeyd edək ki, H.Məmmədovun yaxınları ilə yanaşı ictimaiyyət və diplomatik korpusların nümayəndələri də məhkəməyə gəlmişdilər. Məhkəmə zalında ciddi nəzarət var idi. Zala daxil olan şəxslərin mobil telefonları onlardan alınırdı. Məhkəməyə gələnlərin sayı ilə müqayisədə iclas keçirilən zal kiçik olduğu üçün bir neçə şəxs zala buraxılmadı. Məhkəmə iclasında Avropa İttifaqının, ATƏT-in,  ABŞ-ın, Fransanın, Norveçin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə yanaşı yerli hüquq müdafiəçilərindən keçmiş vicdan məhbusu Vidadi İsgəndərli, Rəsul Cəfərov, H.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin üzvləri də iştirak edirdilər. Zalda yer olmadığı üçün hüquq müdafiəçisi İntiqam Əliyev zala daxil ola bilmədi və iclas qutarana kimi zala buraxılmayan digər şəxslərlə birlikdə bayırda gözləməli oldu.
İclas başlayan kimi hakim H.Məmmədova söz verərək özü haqda məlumat verməyi istədi. H.Məmmədov özü haqda məlumat verdikdən sonra zarafatla “hazırda isə  narkobaronam” dedi.  Hakim isə “bura teatr deyil” deyərək etiraz etdi. Bu zaman zaldan “teatrdır” replikası eşidildi.
Sonra H.Məmmədovun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxsin hüquqlarının səmərəli müdafiə edilməsi üçün onun zaldakı dəmir “kiletka”dan çıxarılıb, vəkillərinin yanında əyləşməsi, məhkəmə prosesi zamani audio yazılışın və videoçəkilişin aparılması haqda vəsatət verdi. Vəkil vəsatətinin beynəlxalq və yerli hüquqi əsaslarla əsaslandırandan sonra hakimində vəsatəti təmin etməyəcəyi halda bunu əsaslandırmalı olduğunu məhkəmənin diqqətinə çatdırdı. Vəkilinin vəsatətinə münasibət bildirən H.Məmmədov üzünü hakimlərə tutaraq  “dünyanı özümə “kilekta” bilmişəm. Mən özümü burada bura yığışanlardan, o cümlədən sizdəndə azad hiss edirəm” dedi. Hakim isə “bizimlə işin olmasın” deyərək reaksiya verdi. H.Məmmədov sözünə davam edərək  “hörmətli hakim  hər iki vəsatəti sizin azadlığınızın intervalına buraxıram” dedi. Hakim “burada başqa söhbət etmək lazım deyil” deyərək H.Məmmədovun bu sözlərinə etirazını bildirdi.
H.Məmmədovun digər vəkil Yalçın İmanov da müdafiə etdiyi şəxsin yaxşı müdafiəsi üçün onun vəkillərin yanında əyləşməsini və məhkəmədə audio yazılışın və video çəkilişin aparılmasının istədiyini qeyd etdi. Digər vəkil Ramiz Məmmədov da X. Bağırovun verdiyi vəsatətləri dəstəklədiyini bildirdi: “Bu cinayət işində kifayət qədər saxtalaşdırma var. Bunun gələcəkdə davam etməsinə bizim şübhəmiz var. Ona görə də çəkiliş aparılmalıdır”.
Dövlət ittihamçısı H.Məmmədovun “kiletka”da olmasının vəkillərinin onu müdafiə etməsinə mane olmadığını dedi və cinayət işinin maddələrinin ağır olduğunu əsas gətirərək təqsirləndirilən şəxsin yerinin dəyişdirilməsinə ehtiyac olmadığını söylədi. O, eyni səbəbi göstərərək audio yazılışın və videoçəkilinin aparılmasına da ehtiyac görmədiyini bildirdi: “Əgər vəkillər istəsə gedib, onun yanında əyləşə bilərlər”. Prokurorun bu sözlərindən sonra H.Məmmədov üzünü ona tutaraq “onda səndə gəl, mənim yanımda otur” dedi.

Bu zaman hakim zaldakı diplomatik korpusların nümayəndələrinin tərcüməçiərinin ayağa qalxmasını tələb edərək onlara iclasdakı danışıqları tərcümə etdikləri zamanı məhkəmə iclasının gedişinə mane olduqlarını bildirdi.
Bundan sonra hakim vəsatətlərə münasibət bildirməyə başladı. O, dedi ki, vəkillər istənilən vaxt H.Məmmədova yaxınlaşa bilərlər. Bu zaman X.Bağırov ayağa durub, H.Məmmədova yaxınlaşdı. Vəkilin H.Məmmədova yaxınlaşması hakimi əsəbləşdirdi.
Hakim:
–  Siz nə edirsiniz?

X.Bağırov:

–  Siz indi dediniz ki, vəkillər istənilən vaxt Hilal Məmmədova yaxınlaşa bilərlər.

Hakim:

– İcazə almalısan.

X.Bağırov:

–  Axı siz dediniz ki, istənilən vaxt.

Hakim:

–    Belə olmayacaq.

X.Bağırov:

– Belə olmalıdır.

Hakim:

–    Baxarıq.

Mübahisə sakitləşəndən sonra hakim ittihamda dövlət sirrinin və vətənə xəyanətin olduğunu deyərək vəsatətləri təmin etmədi və məhkəmə nəzarətçilərinə tapşırdı ki, zalda çəkiliş aparılmasına imkan verməsinlər.
Bu zaman iclasda insident yarandı. Məhkəmə nəzarətçiləri hüquq müdafiəçisi Vidadi İsgəndərliyə yaxınlaşaraq mobil telefonunu onlara verməyi tələb etdilər. V.İsgəndərli mobil telefonunun onun şəxsi əşiyası olduğunu deyərək nəzarətçilərin telefonu ondan almağa ixtiyarları olmadığını bildirdi.

V.İsgəndərli:

–  Harada yazılıb ki, mənim telefonumu əlimdə almalısınız?  Bəlkə mən vacib zəng gözləyirəm. Telefonumu səssiz rejimə salıb, qoymuşam çibimə.

Hakim:

–    Burada heç kim başında papaqla əyləşməyib, papağı çıxardın.

V.İsgəndərli:

–  Çıxartmıram. Bu harada yazılıb ki, mən məhkəmədə papağımı çıxartmalıyam? Səhhətimdə problem var, buna görə də papaq qoymuşam.  2 il onun kimi (əli ilə Hilal Məmmədovu göstərir) qanunsuz həbsdə yatmışam. Sonra də məndən üzr istəyib, buraxdılar.

Hakim:

–    Mənə barmaq silkələmə.

V.İsgəndərli:

–  Mən hamıya barmaq silkələyə bilərəm. Hüquq müdafiəçisiyəm, məhkəmədə monitorinq aparıram. Amma imkan vermirsiniz.

 – Hakim:

– Siz özünüzü apara bilmirsiniz.

 V.İsgəndərli:

– Mən Azərbaycanda özünü yaxşı aparanlardanam.

 Mübahisə zamanı hakim məhkəmə nəzarətçilərinə V.İsgəndərlini zaldan çıxartmaq haqda tapşırıq verdi. Nəzarətçilər V.İsgəndərliyə yaxınlaşaraq qolundan tutub, onu bayıra çıxartmaq istədilər. V.İsgəndərli isə buna etiraz etdi. Bundan sonra nəzarətçilər onudan əl çəkdilər.
Daha sonra X.Bağırov bir neçə vəsatətlə çıxış etdi. O, H.Məmmədov barəsində başlanılan cinayət işlərinə xitam verilərək prokurorluğa qaytarılmasını istədi. Vəkil əlavə etdi ki, istintaq başa çatıb və H.Məmmədovun şahidlərə təsir etmək imkanı yoxdur: “Ən böyük şahid 7 saylı Cəzaçəkmə Müəssisəsində (CM) saxlanılır. Xahiş edirəm Hilal Məmmədovun barəsindəki həbsi ev dustaqlığı ilə əvəz edəsiniz”.
İttihamda H.Məmmədovun işində cəsusluğun göstərildiyini deyən vəkil bildirdi ki, cəsusluq iki cür olur: “Biri dövlət sirrlərini xarici dövlətlərə verilməsi sayılır. İkincisi isə dövlət sirri olduğu sair məlumatları verməkdir. Bu sair məlumat nədir? Bu nə ilə izah edilir? Tutaq ki, mən xaricdə yaşayan tanışıma zəng edib, burada hava şəraitinin neçə olması haqda ona məlumat verdim. Mən hardan bilim ki, bu qeyd olunan sair məlumatdır, ya yox”.
Vəkil sair məlumatın nə olmasını müəyyən etmək üçün məhkəmənin Konstitusiya Məhkəməsinə müraciət etməsini istədiklərini hakimlərin diqqətinə çatdırdı.

X.Bağırov dedi ki, narkotikə görə H.Məmmədovun evində aparılan axtarış məhkəmə qərarı olmadan aparılıb və evdən bəzi əşiyalar götürülüb. O, qeyd etdi ki, H.Məmmədovun evində axtarış aparılan  zamanı oradan götürülən  flaş-kartın içərisindəki materiallara sonradan düzəliş edilib.

X.Bağırov onu da bildirdi ki, müstəntiqlər 7 saylı CM-də saxlanılan şahid Elman Quliyevdən ayın 30-da izahat ala bilərlər: “Çünki ayın 30-da onların CM-yə daxil olmalarına icazə verilib. Ayın 26-da isə alınan izahat saxtadır. Buna görə də həmin izahatın saxtalaşdırıldığı ehtimal edilir. Buna görə də müstəntiqlərin Elman Quliyevdən aldıqları izahat sübutlar siyahısından çıxarılmalıdır. Elman Quliyev deyib ki, Hilal Məmmədovla söhbətinə Hollandiyada yaşayan Ataxan Əbilov da şahiddir. Buna görə də məhkəmə Ataxan Əbilovu şahid qismində dindirməlidir”.

X.Bağırov H.Məmmədovun İranın “Səhər” kanalına verdiyi  müsahibələrinin və onun bəyanatlarının sübut kimi işə əlavə edilməsini istədi: “Bundan əlavə Elman Quliyev mərhum Novruzəli Məmmədovun işində dindirilib və o həmin vaxt Hilal Məmmədovun Rusiyaya işlədiyini deyib. İndi isə o, Hilal Məmmədovun İrana işlədiyini bildirir. Buna görə də onun Novruzəli Məmmədovun işində verdiyi ifadəsi də sübut kimi bu işə əlavə edilməlidir”. X.Bağırov bildirdi ki, H.Məmmədovun milli ədavət salması haqda iddia olunan ifadələri ekspertiza edilməlidir.
X.Bağırov yuxarda qeyd olunanlarla bağlı yazılı şəkildə məhkəməyə bir neçə vəsatət verdi. X.Bağırovun verdiyi vəsatətləri dəstəklədiyini deyən Ramiz Məmmədov bu məsələdə ehtiyatlı olmağın vacib olduğunu vurğuladı: “Elman Quliyevin ifadəsi olduğu kimi ittiham aktına köçürülüb. O, talış xalqını təhqir edir. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır”.
R.Məmmədov dedi ki, 1993-cü ildəki hadisələrlə bağlı çıxarışlar götürülərək H.Məmmədovun işinə əlavə edilib: “Ələkram Hümbətovun işindəki materiallar bu işə əlavə edilib. Nəyə görə? Hansı qərara görə? Bunlar sübutlar siyahısından çıxarılmalıdır. Novruzəli Məmmədovun işindəki ittiham olduğu kimi Hilal Məmmədova verilib. Bu absurddur. Şahidlər, prosedurlar, bir sözlə hər şey eynidir. Hilal Məmmədovun işinə Səid Dadaşbəylinin işindəki ifadələr də daxil edilib. Bunlarda sübutlar siyahısından çıxarılmalıdır”.
R.Məmmədov qeyd etdiyi məsələlərlə bağlı məhkəməyə vəsatətlər verdi. Vəkillərinin vəsatətlərini dəstəklədiyini deyən H.Məmmədov müraciətini (həmin müraciət mətbuatda yayılacaq) oxudu.
Bundan sonra hakim vəsatətlərə növbəti məhkəmə prosesində baxılacağını bildirərək yanvarın 10-na saat 10:00-a kimi fasilə elan etdi.

Gozetci.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button