Hindistandan xammal idxal edən SAB qiymətləri niyə qaldırdı?

Sahibi «hacı» olan şirkət pivə üçün pendir istehsalına da başlayıb

 

  Son günlər ət və ət məhsullarının bahalaşmasından istifadə edən «SAB» şirkəti istehsal etdiyi malların qiymətini qaldırıb.

Müşahidələrimizə görə, «Halal» brendi ilə istehsal olunan sosiska, kolbasa, hətta süd və süd məhsullarının qiyməti 30 faiz bahalaşıb.

İlk baxışda ətin bahalaşmasının sosiska və kolbasanın qiymətlərinə təsirini məntiqlə izah etmək mümkündür. Ancaq məsələ burasındadır ki, SAB xammal kimi ölkə daxilində satışa çıxarılan ət məhsullarından istifadə etmir. SAB-ın özünün də verdiyi rəsmi məlumata görə, şirkət xammalı Hindistandan gətizdirir.

İdxal olunan ət məhsullarının qiymətinin bahalaşması ilə bağlı isə heç bir məlumat yoxdur. Onda SAB istehsal etdiyi məhsulların qiymətini niyə bahalaşdırır?

Nəzərə alsaq ki, SAB-ın istehsal etdiyi süd və süd məhsullarının da qiymətində ciddi bahalaşma özünü göstərir, onda şirkətin «qiymət artımı» şəraitindən sui-istifadə etdiyi təsəvvürü yaranır.

Əlavə olaraq bildirək ki, SAB «Halal» brendi daşıyır. Hindistandan idxal olunan ət məhsulları ilə «Halal» brendini necə bir araya gətirdiyi şirkətin məsuliyyətidir. Amma xeyli müddətdir ki, saçaqlı pendir istehsalına başlayan şirkət bu məhsulun qida deyil, spirtli içki menyüsünə daxil olduğunu yəqin ki, bilir. Bu istehsalı halallığa uyğunlaşdırmaq mümkündürmü?

Bu məsuliyyəti də mətbuat Məkkə ziyarətində olmuş şirkət rəhbərliyinin öz vicdanına buraxmışdı. Ancaq süd məhsullarının qiymət artımı artıq sui-istifadədən xəbər verir ki, bu barədə şirkətin açıqlama verməsi «halallıq»dan olardı.

İstirahət günü olduğundan, müşahidələrimizə qarşı tərəfin münasibətini öyrənə bilmədik.

Mövzunu davam etdirməyə çalışacağıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button