Hökmünü yetir

Hüseyn Əsgəroğlu

Alaqlar b oy atıb güldən yuxarı,

Bənd-bərə dağılıb seldən yuxarı,

Zəhərlər toplanıb dildən yuxarı,

Ötür, üstümüzdən bu dərdi ötür

Tanrı, qurban olum, hökmünü yetir.

Sözlər saxtalaşıb, iman yox olub,

Yalan eşitməkdən qulaq tox olub,

Qeybət, saxtakarlıq adi hal alıb,

Bizə iman gətir, bizə din gətir

Tanrı, qurban olum, hökmünü yetir.

Bal verən beçələr barsızlaşıbdı,

Pəhləvan kişilər hırsızlaşıbdı,

Elə bil bu millət arsızlaşıbdı,

Namus ucuzlaşıb, qeyrətsə itir

Tanrı, qurban olum, hökmünü yetir.

Hər gün başımıza yağı tor hörür,

Quru nəfəsi də bizə çox görür,

Qapını kəsirsən bacadan girir,

Dərd gəlir, qəm gəlir lap sətir-sətir

Tanrı, qurban olum, hökmünü yetir.

Cavana baxırsan qara saçı dən,

Qocaya baxırsan halı duman, çən,

Sənə üz tuturam, yalvarıram mən,

Millətin üstündən bu dərdi götür

Ötür, xalqımızı xətadan ötür

Tanrı, qurban olum, hökmünü yetir.

Azad ol, Azərbaycan!

İllər sapa düzülüb elə bil seltək axır,

Ürəyimi nə vaxtdır itən torpaqlar sıxır,

Bu dərd məni öldürür, bu dərd məni yandırır,

Qurtarıb səbrim tamam, qalmayıb canımda can

Qalx ayağa, qisas al, azad ol, Azərbaycan!

Niyə bu ömrü-günü sovurursan yellərə,

Həsrətlə boylanırsan quştək ötən günlərə,

Bizi məzəmmət edir Xocalımız, Ağdərə,

İtaət, boyunduruq nə şöhrətdir, nə də şan

Qalx ayağa, qisas al, azad ol, Azərbaycan!

Yada sal Vətən oğlu, Vətən qızı, Tomrisi,

Qeyrətli oğlun-qızın olmaz yaxşısı, pisi,

Hələ çəkilməyibdir Babəkin hənirtisi,

Əmrə hazır dayanıb Çələbi xan, Cavad xan

Qalx ayağa, qisas al, azad ol, Azərbaycan!

Odlar yurdum əzəldən gözəlliyin taxtıdır,

İndi qeyrət vaxtıdır, indi qisas vaxtıdır,

Sənə yatmaq yaraşmaz, son məqamdır, vaxtdır, dur,

Yaz gəlib, gün günorta, oyan, türk oğlu, oyan

Qalx ayağa, qisas al, azad ol, Azərbaycan!

Sənin xətrinə

Özüm bu həyatı, bu ömrü seçdim,

Səbrdən adladım, inaddan keçdim,

Elimdən, obamdan aralı düşdüm,

Sənin xətrinə.

Yaşadım il boyu duyğularında,

Zərrəydim, böyüdüm sayğılarında,

Dərdimi unutdum qayğılarında,

Sənin xətrinə.

Hamıya labüddür nə vaxtsa ölüm,

Eşqinlə yaşanıb aylarım, ilim,

Səni tək eləyib getmərəm, gülüm,

Sənin xətrinə.

Bir vaxt Hüseyn yox, qərib ozandım,

Çıxmasan qarşıma, dərddən azardım,

Mən sənin eşqində səni qazandım,

Sənin xətrinə.

İntizarda qalmasın

Cəmiyyətdə vəziyyət o qədər pisləşib ki,

Yadımızdan çıxıbdır el dərdi, Vətən dərdi.

Millətimin payına sayılmazlıq düşübdü,

Hamının ürəyini deşib keçən bu sirdi.

Əsrin əvvəllərindən əldən çıxır torpaqlar,

Çox xırda qayğılarla başımızı qatmışıq.

Zəngəzurun dərdinə göy kişnər, bulud ağlar,

Biz isə yuxudayıq, ayılmırıq, yatmışıq.

Görməyəydi gözüm kaş bu qəmi, xəsarəti,

Müasir maklerlərin qarınları doymadı.

Torpağı qaytarmağa imkanı, cəsarəti,

Allahımız vermişdi, “Allahverdi” qoymadı.

Kinini, küdurəti gör nə vaxtdır atmayır,

Elə hey sızıldarlar böyürdə, başda, yanda.

Dünya hönkür ağayır, özünə yer tapmayır,

Erməninin küçüyü yalandan ağlayanda.

Heç kimin marağı yox konfliktdən qaçmağa,

Beynəlxalq təşkilatda tanımayır it itin.

Qarabağ düyününü neçə ildir açmağa,

Cəsarəti çatmayır BMT-nin, ATƏT-in.

Qara bulud Vətənin başın üstün alıbdır,

Bu qəflət yuxusundan vaxtdır ayıl, oyan, dur.

Bu torpağın tarixi ululardan uludur,

Torpağı azad elə, əlac sənə qalıbdır.

Bu ağrı bağrımızda elə kədərli ündü,

Tanrının nəzərləri sizdən əskik olmasın.

Torpağı azad elə, heç olmasa qoy indi,

Şəhid olan balalar intizarda qalmasın.

Beləcə

A.Murovdağlıya

Gələn arzu, ümid, ötən günlərdir,

Yaşamaq imtahan, ömür bir sınaq.

Bir şair yaşayır neçə illərdir,

Kirayə evində sanki bir qonaq.

İllərdə ömrünün qəsdinə durur,

Dözürdü əzaba, dözürdü dərdə.

Ürək ovundurub, qəlb ovundurub,

Bala böyüdürdü kirayələrdə.

Burda ömür yanır, burda gün keçir,

Bir dəli həsrətin sərinliyində.

Burda acı günlər qüruba uçur,

Həsrətli günlərin dərinliyində.

Bir şair bir evdə ötürüb günün,

Beləcə verirdi ömrünü yelə.

Gizlədə bilmirdi həsrətin, ünün,

İlləri dalbadal salaraq yola.

Qurub yaradırdı xəyallarında,

Dövranın gərdişin izləyirdi o.

Neçə illər idi xülyalarında,

Talehdən bir qismət gözləyirdi o.

Kirayə evində yazıldı şeir,

Uca kürsülərdə çəkildi adı.

Bir ev arzusunda yaşayan şair,

Əllini kirayə evdə addadı.

Balalar böyüdü kirayələrdə,

Onlar böyüdükcə dərdi yüz oldu.

Atalar deyir ki, Allah Kərimdir,

Kərimin qisməti bəs harda qaldı?

Çox görmə mənə

Ayları ötürüb ili yormuşam,

Özüm öz eşqimə yuva qurmuşam,

Öz qaçan baxtıma çatıb durmuşam,

Tanrım, bu sevgini çox görmə mənə.

Günəşəm, ulduzam, iləm, ayam mən,

Anadan olandan yollardayam mən,

Harda sevgi varsa bil ordayam mən,

Tanrım, bu sevgini çox görmə mənə.

İştahı o başda, qismət bu başda,

Halıma ağlayır torpaq da, daş da,

Ömrü ötürmüşəm, indi bu yaşda,

Tanrım, bu sevgini çox görmə mənə.

İynəylə Hüseyn gor qazıyır, gor,

Ayağı altında silkələnir yer,

Nəyi bu bəndənə çox görürsən gör,

Tanrım, bu sevgini çox görmə mənə.

Bu yol bizi daha hara aparır

Yaşayırıq beynimizi yormadan,

Qul oluruq əmirlərə – sormadan,

Ömrü boyu yol gedirik durmadan,

Bu yol bizi daha hara aparır?

Yaşayırıq, yaxşı-pisi bilmirik,

Çətində də bir məxrəcə gəlmirik,

Burnumuzdan o tərəfi görmürük,

Bu yol bizi daha hara aparır?

Tüstü çəkmir, tutulubdur bacamız,

Özlərini bəy-xan bilir acımız,

Səksən yaşda yorğalayır qocamız,

Bu yol bizi daha hara aparır?

Ömrümüzdən acı günlər getmirsə,

Əkdiyimiz cücərmirsə, bitmirsə,

Üstümüzdən qara bulud ötmürsə,

Bu yol bizi daha hara aparır?

Bir gözümüz hələ acdır, biri tox,

Yediyimiz çörək özü zəhər, ox,

Getdiyimiz yolların da sonu yox,

Bu yol bizi daha hara aparır?

Biz neynirik papağı

İt hürəndə atmağa daşımız yoxdur bizim,

Doydurmağa kimisə aşımız yoxdur bizim,

Papaq başa qoyulur, başımız yoxdur bizim,

Biz neynirik papağı?

Millətin zəfərinə sevinib gülmürüksə,

Ettiyimiz günahdan utanıb ölmürüksə,

Başımızda papağı gəzdirə bilmiriksə,

Biz neynirik papağı?

Zəngəzurun harayı harayıma qarışmaz,

Borçalımız küsübdü, heç vaxt bizlə barışmaz,

Qaytarmasaq torpağı, papaq bizə yaraşmaz,

Biz neynirik papağı?

Laçınımın dağında yuva qurmuş sara bax,

Kəlbəcərin yolunda tufana bax, qara bax,

Nə qədər ki, geriyə qayıtmayıb Qarabağ,

Biz neynirik papağı?

Torpaqları satmışıq kəndbəkənd, diyar-diyar,

Qeyrətimiz yoxdusa onda bizi kim sayar,

Görmüşük ki, papağı əsl kişilər qoyar,

Biz neynirik papağı?

Yenə də

Qəvvas kimi dəryalara gəzmişəm,

Həsrətində ürəyimi üzmüşəm,

Mən ki sənin hər nazına dözmüşəm,

Yerdə həyat, göydə günəş sönə də

Hicranına dözəcəyəm yenə də.

Ömrüm gedib öz ağlımın badına,

Qəlbim yanıb istəyimin oduna,

And içirəm varlığına, adına,

Bir yaz günü göylər yerə enə də

Hicranına dözəcəyəm yenə də.

Dağa-daşa bəs eləyər bu ünüm,

Dərd gətirir, qəm gətirir hər günüm,

Hissim, duyğum, dəyanətim var mənim,

Külli aləm cəhənnəmə dönə də

Hicranına dözəcəyəm yenə də.

Bu ürəkdə sevgi dolu ümman var,

Bu sevgidə sevgi boyda güman var,

Baxmaram ki, yolum üstə duman var,

Baş vuraram dumana da, çənə də

Hicranına dözəcəyəm yenə də.

Xocalı taleyi yaşayanların

Nə vaxtdır hələ də özünə gəlmir,

Toy-düyün tanımır, sevinmək bilmir,

On doqquz ildir ki üzləri gülmür,

Xocalı taleyi yaşayanların.

Bütün ömürləri silkələnibdir,

Arzu-ümidləri tikələnibdir,

Artıq nəvələri yekələnibdir,

Xocalı taleyi yaşayanların.

Ömrü intizarda sovurub yelə,

Nifrətlə baxırlar hər ötən ilə,

Gözləri yollardan yığılmır hələ,

Xocalı taleyi yaşayanların.

Gün gələr igidlər haray-hay salar,

Düşmənin üstündə min zəfər çalar,

Görən yuxuları nə vaxt çin olar,

Xocalı taleyi yaşayanların.

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button