Hökumət bu dəfə hüquqşünasa, jurnalistə, siyasi fəala təzminat ödəyəcək

Avropa Məhkəməsi yeni qərarlarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 23 ərizə üzrə 6 qərar və qərardadını elan edib.

Fuad Əhmədli və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların inzibati xətalara görə məhkum edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı olub. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.
AİHM bu işdə Konvensiyanın 6.1, 6.3-cü və 11-ci maddələrinin pozulmasına qərar verib.

Qərara görə, hökumət ərizəçilərdən Fuad Əhmədliyə mənəvi zərər əvəzi 3400, hüquqi xərclər əvəzi 300 ödəməlidir.

Source:

Ərizəçilərdən Elçin Teymurov, İlham Hüseynov, Səyyad Quliyev, Elxan Əliyev, Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədovun isə hər birinə mənəvi ziyan əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödənilməlidir.

Nəriman İsmayılov və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.

Burada da ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.

Ərizələrin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət ərizəçilər N.İsmayılov, Tariyel Məlikzadə, Zamin Salayev, Elşən Təhməzli və Fərzəli Əsədovun hər birinə mənəvi zərər əvəzi 2340 avro, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.

Yalçın Abdullayev və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də ictimai toplantıların iştirakçıları olan ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.

Hökumət kommunikasiya zamanı AİHM-ə iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçilər Yalçın Abdullayev (1-ci ərizə), İlham Hüseynov, Murad Sultanov, Emil Maniyev və Yalçın Abdullayevin (2-ci iş) hər birinə mənəvi zərər əvəzi 2340, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.

Foto: Səlimə Cəlilovanın şəxsi arxivindən

Səlimə Cəlilova Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlıdır. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verdiyini iddia edib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini də bildirib.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ona təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Məhkəmənin qərardadına görə, hökumət jurnalistə 5 min avro ödəməlidir.

Xalid Bağırov və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərə münasibətdə (Məhsul stadionu və Hüseyn Cavid parklarında) dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə bağlı olub. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 13-cü (səmərəli müdafiə vasitələrinə malik olmaq) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.

Hökumət kommunikasiya mərhələsində ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını tələb edən təktərəfli bəyannamə təqdim etsə də, AİHM həmin bəyannamələri rədd edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçilərdən Xalid Bağırov, Samirə Ağayeva, Namizəd Səfərova 1500, İlham Hüseynov, Əli Kərimli və Vahid Məhərrəmova 1750 avro ödəməlidir.

Elman Quliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçiyə qarşı ictimai toplantıların təşkili və iştirak kontekstində tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.

Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi təklif edib. Məhkəmənin hökumətin təktərəfli bəyannaməsini nəzərə alaraq verdiyi qərardada görə, ərizəçiyə iki iş üzrə mənəvi zərər əvəzi 5200 avro, hüquqi xərclər əvəzi 500 avro ödənilməlidir.

Ərizəçilərdən əksəriyyətinin vəkili olmuş Elçin Sadıqov AİHM-in vəkillərə ödənişləri azaltdığını deyir. Üstəlik, buna görə heç bir əsas gətirilmir:

AİHM bu gün Salayev və qeyrilərinin qərarını elan edib. Kompensasiyaların məbləğini heç bir əsas olmadan əvvəlki işlərdə minimum olan 2600 avrodan 2440 avroya, vəkil xərclərini isə 250 avrodan 225 avroya endirib. Barışıq etmədiyimiz üçün 225 avronun da bizə ayrıca köçürülməsinə qərar verməyib”.

Elçin Sadıqov bildirir ki, halbuki onlar AİHM-ə kifayət qədər əsaslandırma göndəriblər. Orada bildiriblər ki, inzibati işlərin AİHM-ə göndərilməsinin minimum vəkil xərci 850 avro edir.

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV
Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

Vəkil düşünür ki, vətəndaşa təklif edilən kompensasiyalar, xüsusilə də vəkillərə ayrılan xidmət haqqı çox aşağıdır:

“250 avroya vəkillə müqavilə bağlamaq mümkündürmü? Bu məbləğ Avropada 25 fincan kapuçino edir. AİHM xüsusilə vəkillərin xidmət haqqını aşağı salır ki, vəkillər AİHM-ə şikayətlər göndərməsinlər və vəkilə verməyə pulu olmayan insanlar AİHM-ə müraciət imkanından məhrum olsunlar. Halbuki, AİHM mahiyyəti üzrə pozuntuları tanınmalıdır, kompensasiyaların və vəkil xidmətlərinin məbləğini elə etməlidir ki, hökumət inzibati həbsləri siyasi represiya kimi istifadədən çəkinsin, insanlar və vəkillər insan hüquqlarının pozuntuları barədə daha çox AİHM-ə müraciət etsinlər”.

Sonda vəkil deyir ki, AİHM hökumət nə deyibsə onu da təsdiq edib və belə çıxır ki, gələcəkdə də edəcək:

Artıq AİHM və hökumət bununla deyir ki, AİHM-ə şikayət göndərməyin və bu qurum Azərbaycanda insan hüquqlarının bərpası yönündə öz əhəmiyyətini itirmək üzrədir”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button