Hökumətin 2011-ci il üçün ən ədalətsiz qərarı

Razi Abasbəyli
Ümid Partiyasının İqtisadi-Siyasət Komissiyasının sədri

Tarif Şurasının qiymət artımı ilə bağlı qərarının ilk təsirini mart ayında, nəticəsini isə maydan etibarən hiss edəcəyik…

Tarif (qiymət) Şurası poçt xidmətlərinin, suyun və dəmiyolunda gedişhaqların qiymətlərini artırmaq barədə qərar qəbul edib. Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib.

Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməyib, hazırkı səviyyədə saxlanılıb. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilib.

Tarif (qiymət) Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.

Bu artımlarla bağlı olaraq müxtəlif fikirlər və rəylər mövcuddur. Xüsusilə də iqtidar mənsublarının açıqladıqları arqumentlər kifayət qədər əsassızdır.

– Məsələn, hökumət sözçüləri əhaliyə və hüquqi şəxslərə verilən içməli suyun qiymətinin artırılması ilə bağlı belə bir arqument irəli sürürlər ki, bizdə suyun qiyməti maya dəyərindən aşağıdır. Lakin nədənsə, bu «maya dəyəri»nə hansı xərclərin daxil edildiyi barədə konkret və detallı şəkildə heç bir açıqlama verilmir. «Maya dəyəri» anlayışı kifayət qədər geniş bir anlayışdır. Bura təmir-tikinti xərclərini adətən daxil etmirlər. Maya dəyərinə kapital qoyuluşları və istehsalat mərhələsində çəkilən xərcləri daxil etmək olar. Lakin «Azərsu»nun açıqladığı rəqəmlərə əsasən, 1 kubmert suyun istehsal edilməsi üçün 38 qəpik sərf edilməsi barədə göstərilən rəqəmlər inandırıcı deyil. İstər istehsala qədərki su mənbələri ilə istehsal yerinə qədər olan marşrutların qısa olması, istərsə də istehsala yönəldilən suyun tərkibinin o qədər də çirkli olmaması (mənbələr; Kür və Araz çayları) maya dəyərinin o qədər də baha qiymətlə formalaşması ehtimalını azaldır. Lakin bizə məlum olan rəqəmlərdən belə nəticəyə gəlmək olur ki, «Azərsu» 38 qəpiklik maya dəyərinə təmir-tikinti xərclərini də daxil edir.

– İkincisi, içməli suyun qiymətinin aşağı olması barədə deyilənlərin əsassız olduğunu sübut etmək üçün xüsusi bir araşdırma aparmağa ehtiyac yoxdur. İndi əhaliyə satılan suyun qiyməti 30 qəpiyə qədər artırılıb. Əvəzində hüquqi şəxslərə satılan suyun 1 kubmetri 1 manata qədər bahalaşıb. Deməli, ödəmələr üzrə kəsirləri əhaliyə satılan suyun qiymətini artırmadan da aradan qaldırmaq olardı. Çünki iri ödəyicilər ümumi proqnozlar üzrə ödənişlərin 64 faizini təşkil edir ki, burada da qiymətləri 25 qəpikdən 1 manata qədər yüksəltməklə ciddi ödənişlərə nail olmaq mümkün idi.

– Hökumət təmsilçiləri iddia edirlər ki, Azərbaycanda içməli suyun qiyməti digər ölkələrlə müqayisədə kifayət qədər ucuzdur. Lakin qonşu Gürcüstandakı tariflərə diqqət yetirəndə bunun heç də belə olmadığını görürük. Gürcüstanda içməli suyun 1 kubmetri Azərbaycan manatı ilə 9 qəpikdir. Deyə bilərik ki, bu, hətta Tarif Şurasının artım qərarından əvvəlki qiymətlərə bərabərdir. Lakin obyektivlik naminə deyə bilərik ki, tullantı sularının axıdılmasına görə, Azərbaycanda qiymətlər bir sıra MDB dövlətlərindəki qiymətlərdən kifayət qədər aşağıdır. Lakin bu da əsas vermir ki, artıq ikirəqəmli inflyasiya dövründə əhalinin gəlirlərinin cəmi 3 faiz artıdığı bir zamanda, kommunal təsərrüfat xərclərini bu qədər artırasan.

– Digər bir məqam Tarif Şurasının bu qərarından sonra istehsalatda qiymətlərin bahalaşması istiqamətindəki gözləntilərlə bağlıdır. İçməli suyun qiymətinin artırılması birinci növbədə yay aylarında dükanlarda satılan sərinləşdirici içkilərin, o cümlədən süfrə üçün istehsal edilən mineral suların da qiymətinə təsirsiz ötüşməyəcək. Çörəkbişirmə sexlərində, avtoyuyucu salonlarında, su istifadə edilən bütün növ istehsal məhsullarında artım qaçılmazdır.

Əlbəttə ki, bütün bunları nəzərə almaqla hökumət əhalinin sosial müdafiəsi baxımından konkret addımlar atmalıdır.

Nəzərə almaq lazımdır ki, əhalinin gəlirləri ilə qiymətlərin durmadan artması arasında tərs mütənasiblik var. Bu baxımdan, Tarif Şurasının dəmiryol nəqliyyatında sərnişindaşınma tariflərini artırması da istisna təşkil etmir. Əgər əhalinin kasıb təbəqəsi ucuz olduğuna görə, bu nəqliyyat vasitəsindən istifadə edirdisə, xüsusilə də Gürcüstanda yaşayan soydaşlarımızın alternativ nəqliyyatı yoxdursa, bu artımlar həm digər sərnişindaşınmada qiymətlərin artmasına səbəb olacaq, həm də ucqar rayonlara gediş-gəliş kifayət qədər çətinləşəcək.

Bunun isə fəsadlarını ən qısa zamanda, mart ayında – Novruz bayramı ərəfəsində hiss edəcəyik.

Bütün hallarda Tarif Şurasının qəbul etdiyi bu qərarlar ədalətsizdir. Amma təəssüf ki, əvvəlki cümləmizə həm də «hələ ki» yazmadan bu cümləni bitirmək mümkünsüzdür.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button