Hollandiyada “lazım” harayı…

Vüqar Abbasov

vugarabbasov@hotmail.com

Hollandiyadan “Xural”a yazır

 Neçə  vaxtdan bəridir ki, Microsoft Office Word  proqrami bilgisayarimdan pozuldugundan, yazmaq imkanım yox idi. Proqramın satış qiymətinin burada (Niderlandda) baha olması səbəbindən (təxminən 350 avro) bir xeyli vaxt ala bilmədim. Bax elə həmən ərərfədə doğma məmləkəti növbəti dəfə düşünməli oldum. Həqiqətən də “Haradasan, ay Bakı” – deyə sual etyməkdən özümü saxlaya bilmədim. İcazəli imiş deyə, bir diskə o qədər pul verməyinə dəyər? Məncə, yox. Ancaq yaxın dostlardan eşitdiyimə görə, həmin proqramı doğma şəhərimizdə (Bakıda) cəmi bir neçə manata ala bilərsən. Sözü gedən diskin  oğurluq yolla yazıldığını hamı kimi mən də bilirəm. Buna baxmayaraq, məmuniyyətlə alardım… Tək mən yox, elə hər kəsin alacağına şübhə etmirəm. Sual olunur: nə üçün özümüzə sərf edəndə oğurluğa belə haqq qazandırır və bir növ onun iştirakçısına çevrilirik? Ancaq gəl görüm, bu YAP-çıların bizlərdən oğurladıqları milyonları rahatlıqla qarşılaya bilirik? Yox! Əlimizdə imkanımız olsa, bizim pullarımızla aldıqları yeməyin əvəzinə, boğazlarına başqa bir şey dürtərik. Haqsız da deyilik əslində. Burada da, yəni Niderlandda, kiməsə nəyisə ucuz qiymətə təklif etsən, imtina etməz. Tam əksinə, sevə-sevə alarlar. Birdən kimsə bunların haqqını yeməyə qalxsa… Bax əsl məsələ də bundadır. İnandırıram sizi ki, öz əhalisini tanıdığından, Niderland hakimiyyəti bunu düşünmək belə istəmir. “Əhalisini tanıdığından” dedim, bəlkə elə YAP-çılar da bizi tanıdığından başımıza belə oyunlar açırlar? Necə bilirsiniz, bu barədə düşünməyə, özümüzdə bir dəyişiklik etməyə dəyməzmi? Niyə hər vaxt günahı da, çıxış yolunu da başqasında axtarırıq? Hakimiyyət rüşvət alır, məzlum-məzlum AŞPA-ya baxırıq, insanları haqsız yerə həbs edirlər, yenə də baxış ünvanımız eynidir. Qarabağ düşmən tapdağındadır, yenə də eyni yerə baxırıq. Deyəsən, bir qədər “haqsızlıq” etdim axı, arada ABŞ-a da üz tuturuq. Tarix boyu belə olmuşuq. Hələ 19–cu əsrdə, birimiz Rusiyaya, birimiz İrana üz tutmurduqmu?..

Təzə bir söz düşüb hər kəsin ağzına: “Lazım gələrsə”… Bu “lazımın” da insafı yox, mürvəti yox. Gəlib çıxmır ki, çıxmır. Gəlməyəcək də… Özümüz özümüzdə təpər tapmalıyıq. AŞPA–ya da, ABŞ–a da “dur” deməliyik. Ermənini də Qarabağdan özümüz qovmalıyıq. Hakimiyyət bizi qane etmir? Nə gözləyirik, niyə etiraz emirik? Kim gəlib bunları edəcək bizim əvəzimizə: AŞPA, ABŞ?.. Heç kim etməyəcək, heç kim. Tam məsuliyyətimlə deyirəm ki, adı çəkilən və çəkilməyən dövlətlər də, təşkilatlar da hər vaxt güclünün tərəfində, ən əsası isə, öz maraqlarının hayında olublar və olacaqlar da. Avropalı gəlib Azərbaycanda demokratiyamı bərpa edəcək, yoxsa Qarabağı bizə qaytaracaq? Artıq xeyli vaxtdır ki, Avropada yaşayan bir insan kimi, bir daha (dəfələrlə desəm belə azdır) deyirəm, bunlara da hər kəs kimi öz xeyirləri maraqlıdır. Avropa dedim, M.Ə.Sabirin – “əcnəbi göydə balonlarda gəzir, biz isə avtomobil minməyiriz” beyti yadıma düşdü. Bu günlərdə “Lider” TV də sırf təsadüfdən bir konsert proqramı gözümə dəydi. Düşündüm ki, “qəribçilikdi, qoy uşaqlar bir bizim musiqiyə qulaq assınlar”. Yığdım uşaqları başıma. Kaş heç çağırmayaydım… Bilal (Əliyev) əvvəlcə İlham Əliyevə, ardınca da Heydər Əliyevə aid bir mahnı oxudu. Uşaqlar mənin üzümə, mən də uşaqların üzünə baxdım. Uşaqlar: “ata, maraqsızdır, incimə,  baxmaq istəmirik ”- deyib getdilər. Öz-özümə düşündüm: biz hansı dövrdə yaşayırıq? Nə vaxta kimi yaltaq insanlara yol verib, işini bilən, ancaq mərd adamları kənarda saxlayacağıq? Nə vaxta qədər orta əsrlərdəki kimi, şahlara mədhiyyələr deyəcəyik? Nə vaxta kimi böyüməkdə olan uşaqları yaltaqlıq ruhunda böyütməyə çalışacağıq? Nə vaxta kimi?..

Suallar çoxdur. Ancaq deyəsən, mən də ənənəvi olaraq, “lazım gələnə kimi” deyəcəyəm. Bu yazını oxuyandan sonra, gəlin hamımız bir səslə: “Haradasan ay lazım, heeeeeeeeeeyyyyyyyyyyyyy?!” çağıraq.

Kim bilir, bəlkə də gəldi…

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button