Hövsan nöqsanları

Babalıq

Necə görmüşdün, o cür var bizim Hövsan yenə də,

Neçə illərdi durur bir neçə nöqsan yenə də.

 

Mal–davar çeynəyəcək, solmağa dəyməz təzə ting,

Tozanaqdan boğulur əlli min insan yenə də.

 

Deputat mandat alıb getdi beş il yatmağına,

Görünür, düşməyəcək mərhuma ehsan yenə də.

 

Marşrutlar basırıq, cədvəli – intervalı yox,

Şütüyür burdan–ora sürəti doxsan yenə də.

 

Qaz deyib qazlanırıq, hər səhər o cızza gəlir,

Bu odur ki, işə ac yollanacaqsan yenə də.

 

Mən ağacdan düşəni icrada üç “baş” dəyişib,

On il əvvəlki qoxur səhrada yovşan yenə də.

 

Su problemdi – durur, yox təzə xəttin səməri,

Girə bilmir hamama həftədə bir can yenə də.

 

İstilik sistemi bərbad, üşünür hey bədənim,

Yay ötür, qış gələcək çünki qabaqdan yenə də.

 

Çalışır dövlətimiz nöqsanı islah eləyə,

İşə laqeyd yanaşır bəzi qudurğan yenə də.

 

İnanırsan, bu məmur tayfası insan olacaq?

Nə deyim, ay Babalıq, vallah uşaqsan yenə də!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button